Məndən soruşmaq istəsəniz hansı məmur yaxşı çalışır, heç fikirləşmədən Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun adını çəkərdim. Təkcə qara şeyləri görmürük, ağ şeylər də vardır. (Ümid edirəm təriflədiyimizə görə işdən çıxarmazlar. Bizdə adətən belə olur – təriflənən qovulur, tənqid edilənsə ucaldılır). Vüqar müəllim Xaqani-33-də əyləşərək sözün əsl mənasında qan eləyir, hətta bəzən Palatanın hesabatlarını oxuyanda elə bilirsən rəhmətlik AXC-nin orqanı olan, dübarə rəhmətlik “Azadlıq” qəzetinə baxırsan.
Görünür burda nəsə mistik əlaqə vardır, çünki hökumət 2000-ci illərin ortalarında həmin binanı – Elçibəyin kabineti, “Azadlıq” qəzeti, Turan Agentliyi və sairə müxalifətçi məkan və orqanların yerləşdiyi ərazini darmadağın etdi, yerində Hesablama Palatası üçün ofis tikdi. Həmin vaxtdan bəri Palata və onun sədri Vüqar müəllim müxalifətçilik edir.
Əlbəttə, müəyyən periodik halda. Bir növ, passionar şəkildə - tənqid bəzi illərdə azalır, bəzi illərdə çoxalır. Neft-qazın dünya bazarı qiymətlərinin də bu işdə müəyyən rolu olur. Qiymət yuxarıdan gedəndə dövlət orqanların büdcəni əkişdirməsi çox da rəhbərliyin vecinə olmur. Elə ki qiymət düşür, məcburuq hər qəpiyin hesabatını istəyək.
Yeri gəlmişkən, maraqlıdır ki, bu əməliyyatlarda Maliyyə Nazirliyimizin fəaliyyəti çox zəifdir. Halbuki, dövlət büdcəsinin icrasına nəzarət onların da borcudur. Lakin Gülməmmədov təkbaşına qılıncı alıb Xaqani küçəsində oğruları çapır.
O cümlədən, palatanın qarşısında hesabat verdiyi orqan – Milli Məclis də bu fəaliyyətdə passivdir, yoldaş Gülməmmədova lazımi dəstəyi vermirlər. Sanki oğrulardan qorxurlar. Bəzən oğrular deputat qoyulur, onun da təsiri vardır.
Yeri gəlmişkən, bu yaxında mən Hesablama Palatasının bir açıqlamasını oxuyanda buna əmin oldum. Orda hazırda deputat olan bir yoldaşın İçərişəhər Dövlət Memarlıq Qoruğunda sədrliyi zamanı yol verdiyi yeyintilər ifşa edilmişdi. Örnək üçün, elə bircə bu fakta baxın: sən demə İçərişəhərin həmin idarəsi üçün 14 nəfər (!) bağban “işə götürübmüşlər”.
Ona görə dırnaqda yazdım ki, adətən bizim dövlət orqanları “ölü canlar” saxlayırlar, adamların adını yazıb maaşını mənimsəyirlər. Yadınızdadırsa, bir neçə il qabaq rayonlarımızdan birində icra başçısının 700 nəfər “ölü can” – saxta işçi ştatı açıb maaşlarını mənimsədiyi ortaya çıxmışdı. Acgözlüyün miqyasına baxın. 700 saxta işçi. 700 maaş kartı. 700 qat dələduzluq. Ginnesin kitabına düşməliydi.
Qayıdaq İçərişəhərdəki dələduzluğun təsvirinə. İçərişəhərin ümumi sahəsi 22 hektardır, yaşıllıq hissə isə üst-üstə gələndə güc-bəla 1 hektar yarım edirmiş. (Yalan olmasın, İçərişəhərdəki ağacları saymaq üçün bir əlin barmağı yetir). Normativlərə görə 1 hektar yarım yaşıllığa 2 işçi qulluq etsə bəsdir. Ancaq qoruğun müdiri 14 nəfər “götürüb”. Hər kolun dibinə, ya da, türkün sözü, ağacbaşına 1 bağban düşürmüş. Yəqin bu cür iştahına görə qiymətləndirilib, aparıb deputat qoyublar.
Yuxarıda yazdığım kimi, ümid edirəm Gülməmmədovun bu haqlı tənqidləri, hesabatları nəhayət diqqət çəkər və özünə qənim olmaz. Çünki hər kol dibinə bir bağban yerləşdirmək zarafat iş deyil, bunun üçün sənin özünün də babat adamın olmalıdır. Elə bir adam ki, hər kolluğa öz müdirini yerləşdirmək imkanlarında olsun.
Yazını isə Aşıq Şakirdən bir bəndlə bitirək, çünki yeyintini tək sözlə deyil, həm də sazla tərənnüm etməliyik:
Bağın bərəsindən aşdım,
Süsən-sünbülə dolaşdım,
Oynadım, güldüm, danışdım,
Nə bağ bildi, nə də bağban.