“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni nəşri 2022-ci ildə hazır olmalı idi. Çünki 2021-ci ildə nəşr olunan lüğət ictimaiyyətdə geniş müzakirəyə çıxarıldı, orada bir çox səhvlərə yol verildiyindən nəşrin yenidən hazırlanacağı haqda qərar alındı. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli mediaya açıqlamasında bildirmişdi ki, 2022-ci ildə orfoqrafiya lüğəti təkrar nəşr olunacaq. Göründüyü kimi, il 2023-dür. Amma lüğət hələ hazır deyil. AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli “Yeni Müsavat”a müsahibə verib, nəşrin gecikmə səbəblərinə aydınlıq gətirib.
- Baba müəllim, yeni lüğətlə bağlı bir ara müzakirələr aparıldı. Amma elə bil ki, bu müzakirələr səngidi...
- Bəli, müzakirə olunmur, ola bilər davam edəcək, o səbəbdən.
- 2022-cü ildə artıq nəşr olunacağı bildirilirdi...
- Bəli, amma onsuz da beş ildən bir çıxır, iki il qalıb. İndi o iş gedir, həmin səhvlər düzəldilir. Yeni nəşrdə onlar nəzərə alınacaq. Bunun üçün maliyyə ayrılıb. Orada nə qədər dəyişikliklər olarsa, nəzərə alınacaq.
- Lüğətin yenidən, daha təkmil şəkildə hazırlanması üçün kimlər dəvət olunub? Hər zaman lüğətlə bağlı narazılığını bildirənlər də dəvət ediliblərmi, yaxud fikirləri nəzərə alınacaqmı?
- Əlbəttə, kənar mütəxəssislər də çağırılacaq, onların da fikirləri nəzərə alınacaq. İndi orada sahə ilə bağlı məsələlər də var. Misal üçün, tibb sahəsi üçün bu sahə üzrə mütəxəssis daha məqsədəuyğundur. Logistika üzrə də eyni.
- Təqribən nə qədər mütəxəssis bu işə cəlb olunub?
- Əvvəlki nəşrdə də əlavə mütəxəssislər cəlb olunmuşdu. Şöbənin əməkdaşlarından əlavə 40 nəfər çağırılmışdı. İndi də bu iş davam edir.
- İnsanların narazılıq etdiyi bir məsələ də lüğətin elektron variantının olmaması ilə bağlı idi. Kitabı da satışda tapmaq olmurdu. Bu səbəbdən də lüğətdə olan yeniliklərdən bir çoxları xəbərsiz idi. Bu il üçün lüğətin çapı ilə bərabər elektron variantı da hazırlanırmı?
- Əvvəlki nəşr yerləşdirilmişdi, bizim ayrıca saytımız var, orada onun PDF variantı var, yəni dilçilik.az saytında var. Sizin dediyiniz isə dil korpusu məsələsidir. Bizdə ayrıca bir şöbəmiz var, onlar bunun üzərində işləyirlər. Dil korpusunu yaratmaq lazımdır. Orada tək orfoqrafiya yox, izahlı lüğətlər də yer alır. Misal üçün, sözü internetdə axtaranda onunla bağlı bütün qaynaqlar çıxır. Məsələn, Rusiyada və bir çox ölkələrdə belədir. Hazırda müasir dilçiliyin ən aktual problemlərindən biri dil korpusunu yaratmaqdır. Yəni virtual aləmdə o lüğətlərdən istifadə etmək. Gələcəkdə bu nəzərdə tutulur. Dil materialları elektron formatda yüklənəndən sonra platforma şəklində işlənəcək. O daha faydalı olacaq.
- Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində “hörümçək” sözünün əvəzinə lüğətə “spayder” sözü salınmışdı. Çox böyük narazılıqla qarşılandı. Bunun kimi bir çox sözlər var ki, lüğətimizdə tapmaq olmur. Yeni lüğətdə bütün bunlar nəzərə alınacaqmı?
- O vaxt texniki bir səhv olmuşdu. Əslində orijinal variantda o var idi, texniki səbəbdən düşməmişdi. Lüğətlərdə söz yuvası üsulu var, kök verilir, sonra onun törəmələri. Hörümçəklə bağlı digər söz var idisə, deməli, o da olmalıdır.
- “Dovşan” sözünün “doşan”, yoxsa “dofşan” formasında yazılması ilə bağlı sonuncu müzakirələri qınayanlar da çox oldu... Sosial şəbəkələrdə buna xeyli lağlağı etdilər.
“Müəyyən detalı götürüb cəmiyyətə başqa cür xəbər verirlər, bunlar, sadəcə, şou yaratmaq üçündür” |
- Bu, şou xarakterli idi, bir kanal belə təqdim etmişdi. Biz də rəsmi şəkildə iradımızı bildirdik. Orada orfoepiyanın bəzi məsələləri müzakirə olunurdu. Müəyyən detalı götürüb cəmiyyətə elə xəbər verirlər ki, guya dovşan sözü müzakirə edilir, bu yanlışdır.
- Dilimizə keçən bir çox sözlər var ki, onlar lüğətdə təqdim edildiyi kimi əhali arasında qəbul edilmir. Misal üçün, “zamok”- zəncirbənd, bu sözü heç kim məişətdə işlətmir. Bunun kimi bir çox sözləri misal çəkmək olar...
- Söz gərək dildə işlənsin. Söz dildə işlənəndən sonra cəmiyyətdə qəbul olunur. Misal üçün, “udlinitel” sözü ilə bağlı Terminologiya Komissiyası təklif etdi, terminoloji lüğətlərdə “uzadıcı” kimi saldıq. Artıq bizim dublyaj olunan filmlərimizdə uzadıcı kimi işlənir. Cəmiyyətdə qəbul edilir. Bütün alınma sözlərin qarşılığını vermək qeyri-mümkündür. Bütün dünya dillərində belədir.
- Baba müəllim, hazırda tarixi anlar yaşayırıq. Xankəndidə, Ağdərədə, Xocavənddə bayraqlarımız sancılır. Torpaqlarımızın azad olunması ilə onların adları da daha çox hallanır. Xənkəndində, yoxsa Xankəndidə deyə mübahisə edənlər hələ də var. Bu məsələ ilə bağlı son qərar nə oldu?
- Bu əvvəldən də qəbul olunub, hamı da işlədir, Xankəndiyə, bu hallanmadır, artıq bu bəlli olmuş bir formadır. Onu yenidən dəyişməyin nə mənası.
- ABŞ abreviaturası ilə bağlı narazılıq da var, xüsusilə də jurnalistlər arasında. Uzun illər ABŞ-ın yazırdıq, indi isə “A-Be-Şe”-deməli və ABŞ-nin yazmalıyıq. Burada dəyişikliyə ehtiyac var idimi?
- Məmmədağa Şirəliyev və onun kimi böyük dilçilərin orfoepiya sözlükləri var. Onların sözlüyündə “ABŞ-yə” şəklində verilib. Biz də lüğətdə belə verdik. Çünki ədəbi dilin özünün tələffüz prinsipləri var. Heca, tarixi, ənənəvi, fonetik prinsipləri var. Abreviaturaların ayrıca hərf adları ilə verilməsi var. Artıq bütün telekanallarda buna əməl edirlər.
- Deməli, bu il üçün biz yeni lüğəti gözləməyək?
- İnanmıram bu ilə çatdıraq.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”