“Aztelekom” MMC Balakən rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 96 faizinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Musavat.com xəbər verir ki, rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə da şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb və vətəndaşların genişzolaqlı internet xidmətlərindən istifadəsi təmin edilib. Yeni qoşulmalar davam etdirilir.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
– internet;
– internet + telefoniya;
– internet + televiziya;
– internet + telefoniya + televiziya.
MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib ki, xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir: “Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Balakən şəhəri, Məmməd Əsədov küç. 5), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər”.
Qeyd edək ki, 2017-2023-cü illərdə Azərbaycanda ümumilikdə 2 milyona yaxın ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 66 faizini təşkil edir.