Sosial şəbəkələrdə internetdən imtina edənlərin "Aztelekom" tərəfindən cərimələnməsi barədə iddialar yayılıb.
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı qurumdan Trend-ə verilən açıqlamada Aztelekom MMC-nin ölkəmizin rəqəmsal transformasiya siyasətinə sadiq qalaraq, rəqəmsal xidmətləri genişləndirərək, müxtəlif telekommunikasiya layihələrini uğurla icra etməkdə olduğu bildirilib.
"Bu layihələrə yeni nəsil avadanlıqların quraşdırılması, fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi və müasir standartlara cavab verən kommunikasiya infrastrukturunun yaradılması daxildir. Bu tədbirlər abunəçilərimizin məlumat və telekommunikasiya şəbəkəsindən daha dayanıqlı, təhlükəsiz və yüksək keyfiyyətli istifadə etmələrinə şərait yaradır.
Telekommunikasiya xidmətlərimizin keyfiyyətini artırmağa yönəlmiş bu yeniliklərin davamı olaraq Aztelekom MMC tariflərdə dəyişiklik etmək qərarına gəlib. Bu dəyişikliklər haqqında 30 gün öncədən media vasitəsilə məlumat verilib və qanunvericiliyə uyğun şəkildə 15 avqust 2024-cü il tarixindən etibarən həyata keçirilməkdədir. Bu tarif dəyişikliklərini etməkdə məqsəd müştərilərimizə daha yaxşı və effektiv xidmətlər təqdim etməkdir.
Qeyd edək ki, müqavilə şərtlərinə görə müştərilərimizin hüquqlarına zidd olmadan onlara 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz avadanlıq və qoşulma həyata keçirilir. Yalnız qeyd edilən şərt pozulduğu təqdirdə xidmət haqqı və avadanlığın ödənişi öhdəliyi müştərinin üzərinə düşür (bənzər abunəlik şərtləri dünyanın bir çox ölkələrində tətbiq olunur).
Onu da qeyd etmək istərdik ki, bu, heç bir halda xidmətdən imtinaya görə tətbiq edilən hər hansı bir cərimə və ya əlavə ödəniş deyil, sadəcə 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyəridir.
Yeni tariflərin tətbiq olunduğu tarixdən sonrakı 30 gün ərzində əvvəlki abunəçilərimizə öz istəklərinə əsasən xidmətlərdən imtina etmək üçün vaxt verilib. Bu müddət ərzində abunəçilərimiz müqavilə şərtlərinə uyğun olaraq yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətlərindən istədikləri zaman imtina edə bilərlər.
Bu halda borc öhdəliyi tətbiq olunmur və yalnız ödənişsiz verilmiş ONT avadanlıqların qaytarılması tələb olunur. Avadanlığın qaytarılması mümkün olmadıqda isə abonentdən onun dəyəri tələb edilir.
“Aztelekom” olaraq müştərilərimizə daha rahat ünsiyyət və əlçatanlıq təmin etmək məqsədilə xidmətlərimizi davamlı şəkildə yaxşılaşdırmağa çalışırıq. Abunəçilərimizin rahatlığı və məmnuniyyəti bizim üçün prioritetdir.
Belə ki, şirkətimizin 7/24 fəaliyyət göstərən “Çağrı Mərkəzi” – 170, sosial media hesabları və digər kommunikasiya kanalları abunəçilərin daim xidmətindədir. Müraciətlər mümkün olan ən qısa vaxt ərzində cavablandırılır və müştərilərin yaşadığı çətinliklər operativ şəkildə aradan qaldırılır", - deyə məlumatda qeyd olunub.