Azıb sərhədi keçən əsgərlə bağlı çirkin oyun başladı

Ruslan Pənahov barəsində beş maddə üzrə cinayət işi açılıb

Ermənistan tərəfi Laçın rayonu ərazisində əlverişsiz hava şəraitinə görə yolu azaraq qarşı tərəfə keçən azərbaycanlı əsgər barədə yeni məlumat yayıb. Ermənistan KİV-lərinin məlumatına görə, ordumuzun əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində beş maddə üzrə cinayət işi açılıb.

Bildirilir ki, Ermənistan İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin, konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizliyin araşdırılması Baş İdarəsində Ruslan Pənahova qarşı Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

Azərbaycanlı əsgər təxribata cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur.

Ermənistan İstintaq Komitəsi bildirib ki, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs edilib. Hazırda onunla bağlı araşdırma davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan parlamentinin komitə sədri, hakim partiyadan olan deputat Andranik Köçəryan isə yerli mətbuata açıqlamasında deyib ki, azərbaycanlı əsgərə qarşı irəli sürülən maddələrdən asılı olaraq onun Azərbaycana qaytarılıb-qaytarılmayacağı bəlli olacaq: “Bundan sonra bizim Azərbaycan tərəfi ilə danışmaq imkanımız olacaq. Bizim də əsirlərimiz var. Mübahisə doğuran əvvəlki iş adam öldürülməsi ilə əlaqədar olsa da, əsir mübadiləsi ilə bağlı onun hüquqi həllini gördük”.

O, silahlı azərbaycanlının sərhədi necə keçə bildiyi barədə suala cavab verərkən deyib: “Müdafiə xətlərimiz arasında çoxlu sahələr var ki, istəsəniz keçə bilərsiniz...”

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, həmin beş maddə ilə əsgər Ruslan Pənahova qarşı cinayət işinin qaldırılması absurddur: “Digər tərəfdən, bu, Ermənistanın iç üzünü, mahiyyətini göstərir. Sülhdən danışan, Azərbaycanla qonşuluq münasibətləri qurmağa hazır olmaqdan danışan Ermənistan bir daha öz mahiyyətini, Azərbaycana münasibətdə düşmənçilikdən əl çəkmək niyyətində olmadığını göstərir. Əsgər hələ heç tam müəyyənləşməmiş şərti sərhəd hesab edilən ərazidə dumanda azıb, ermənilər isə onu tutublar və əsgərin yol vermədiyi cinayətləri onun üzərinə yükləyirlər. Bu, bir daha göstərir ki, ermənilər cılız, düşmənçilik hissi ilə alışıb yanan  bədbəxt toplumdur. Belə dövlətlə, belə toplumla necə normal qonşuluq münasibətləri qurmaq mümkündür?! Ermənistanın hətta havadarları da azərbaycanlı əsgərə həmin maddələrlə cinayət işi açılmasına ən azından daxillərində "absurddur" rəyini verəcəklər və görəcəklər ki, Ermənistanın siyasi hakimiyyəti, hüquq-mühafizə orqanları nə qədər cılız durumdadır. Sanki onların əllərinə ov düşüb və dərhal ovu parçalamağa hazırdırlar. İnanırıq ki, əsgərimiz Ruslan Pənahov vətənə qaytarılacaq. Allah Prezidentimizi qorusun, o bilir nəyi necə eləmək lazımdır. Lazım olsa, Ermənistan terrorçu dəstələrinin bizdə saxlanan üzvləri var, onlarla dəyişmək istiqamətində təkliflər mümkündür. Hansı məqsədəyğun olsa, dəyişdirilmə həyata keçiriləcək. Ermənistan Ruslan Pənahovu dərhal elə sərhədə gətirib Azərbaycana təhvil versəydi, bu, həm iki dövlət arasında münasibətlərdə müsbət bir addım olardı, həm də Ermənistanın özünün imicinə müsbət ştrix gətirərdi. Ancaq belə görünür ki, Ermənistanı Azərbaycanla normal münasibətlərdə olmaq, öz imici maraqlandırmır. Özləri də bilir ki, nə qədər yazıq durumdadırlar, əllərinə düşən xırda bir fürsətdən belə iyrənc üsullarla istifadə etməyə çalışırlar. 

Amma istər əsgərimizin ailə üzvləri, istər cəmiyyətimiz şübhə etməsin ki, əsgərimizin taleyi bundan əvvəl azad edilən əsgərlərimizin taleyi kimi olacaq-azad ediləcək. Məsələ Prezidentimizin nəzarətindədir". 

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, əsgərin dumanlı hava şəraitində azıb qarşı tərəfə keçməsi cinayət hadisəsi deyil, təbii hadisədir: "Belə hadisələr erməni əsgərlərin də başına gəlir və bundan sonra da gələcək. Əsgər Ruslan Pənahov heç kimə, heç bir obyektə qarşı silah işlətməyib, heç bir əməliyyatı Ermənistan ərazisində həyata keçirməyib. Buna baxmayaraq, Ermənistan yenə də öz çirkin sifətini göstərərək əsgərimizə törətmədiyi cinayətləri yükləmək istəyir. Ermənistanın niyyəti odur ki, Ruslan Pənahova qarşı bu qədər maddələrlə cinayət işi açıb Azərbaycan tərəfə təzyiq göstərsin və bizdə saxlanan işğalçı hərbçiləri ilə dəyişsin. Azərbaycan heç vaxt razı olmayacaq ki, əsgəri Ermənistan tərəfdə əsirlikdə qalsın. Əsgərimiz necə olur-olsun oradan gətiriləcək. Ölkəmizin müvafiq strukturları, həmçinin Müdafiə Nazirliyi yəqin  ki, bu istiqamətdə lazımi addımları atır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə iş düşür ki, Ruslan Pənahovu nəzarətə götürsünlər. Komitə Ruslan Pənahovla görüşüb danışıq aparanda da məlum olacaq ki, əsgər heç bir cinayət törətməyib. Beynəlxalq təşkilat olaraq Qırmızı Xaç Komitəsi Cenevrədə yerləşən baş ofisinə məlumat verməlidir və Ruslan Pənahovun azad edilməsi üçün addımlar atılmalıdır. Beynəlxalq insan hüquqları təşkilatları da bu işə qoşulmalıdır. Çünki cinayət törətməmiş insanın hüquqları Ermənistan tərəfindən pozulmaqdadır". 

Asif Nərimanlı yazır...

Asif Nərimanlı 

Siyasi ekspert Asif Nərimanlı isə bildirib ki, Ermənistan yolu azaraq sərhədi keçən və saxlanılan əsgərimizdən Bakıda həbs olunan erməni hərbçilərin qaytarılması üçün istifadə edə bilər: “Ötən ilin dekabrında Aqşin Bəbirov və Hüseyn Axundova qarşılıq 32 ermənini aldılar, hətta "əllərini gücləndirmək üçün" Hüseyn Axundovun qondarma cəzasını ömürlük həbslə də əvəz etmişdilər.

Ermənistan tərəfinə keçən Ruslan Pənahovun qarşılığında daha çox ermənini almaq üçün ona qarşı da qondarma ittihamlar irəli sürüblər. Azərbaycanda nə qədər erməninin həbsdə olduğu dəqiq bilinmir. Bu hadisə Azərbaycan üçün xoşagəlməz vəziyyət yaradır."

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

01.03.2024 11:37
1517