Bu ilin yanvar-iyun aylarında "Azərişıq" ASC tərəfindən ölkə üzrə 10 milyard 095 milyon kVt/saat elektrik enerjisi alınıb, 140 min ədəd elektrik sayğacı quraşdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Bu, 2023-ci il ərzində alınması nəzərdə tutulan elektrik enerjisinin 47,8 %-ni təşkil edir.
O bildirib ki, cari ildə texniki itkilərin maksimum faiz həddi 8,6 % səviyyəsində olacağı proqnozlaşdırılır. Ötən il bu göstərici 8,7 % səviyyəsində idi.
R.Quliyev qeyd edib ki, avqust ayında 2 milyard 090 milyon kVt/saat elektrik enerjisi tələbatının olacağı nəzərdə tutulur: "Bu ilin sonuna ölkə üzrə 21 milyard 122,5 milyon kVt/saat elektrik enerjisi həcminin alınması planlaşdırılıb. 2022-ci ildə bu rəqəm 20 milyard 184,5 milyon kVt/saat təşkil edib".
Qurum rəsmisi bildirib ki, bu ilin sonuna "Azərişıq" ASC-nin abonent sayı 2 milyon 937 min 601-ə çatdırılacaq: "Yığım səviyyəsi isə 97,2 % həddində gözlənilir. Bu ilin sonuna 280 mindən çox sayğacın quraşdırlması nəzərdə tutulub. 2022-ci ildə bu rəqəm 269 min 901 ədəd olub".
Musavat.com