“Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib. "Biz buna ümid edirik və baş verməsi üçün hər şey edəcəyik. Ermənilərlə azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisində öz evlərinə qayıdacaqlar və bir müddət sonra azərbaycanlılar gəlib Ermənistanda məskunlaşacaqlar", - Simonyan qeyd edib.
Bu arada, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağını, bu səbəbdən onlara etimad göstərilməsini yanlış hesab edənlər də var. Bəs görəsən, ermənilərlə birgə yaşayış mümkün olacaqmı?
Azər Badamov
Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünya təcrübəsində baş vermiş bütün müharibələr sülhlə başa çatıb: “Sülh əldə olunandan sonra dövlətlər arasındakı düşmənçilik səhifəsi bağlanır və xalqlar yavaş-yavaş yenidən birgə yaşayışa qayıdırlar. Hətta 10 milyonlarla insanın həyatına son qoyan İkinci Dünya müharibəsindən sonra Almaniya hamının ən çox yaşamağa arzuladığı ölkəyə çevrilib. Bu gün Almaniyada bütün millətlər qarşılıqlı hörmət və dost şəraitində yaşayırlar. Belə bir yaşayışın bizim ölkələr arasında da olacağını düşünürəm. Ermənistanla sülh müqaviləsi imzalanıb sərhədlərimiz möhkəmlənəndən sonra düşmənçilk münasibətləri aradan qalxacaq. Mən inanıram ki, Ermənistan öz konstitusiyasında da dəyişiklik edərək ərazi iddialarından birdəfəlik əl çəkəcək. O cümlədən könüllü şəkildə azərbaycanlıların Ermənistana, ermənilərin də Azərbaycana qayıdaraq əvvəllər olduğu kimi birgə yaşaya biləcəyini düşünürəm. 90-cı illərə qədər azərbaycanlılarla ermənilər dostluq şəraitində bir-birinin qonşuluğunda yaşayıblar. Xalqlarımız bir-birinin məclislərində iştirak edirdilər. Amma separatçıların çirkin niyyətləri xalqlarımızı düşmən etdi. Bu gün isə ərazilərimiz erməni separatçılarından təmizlənib. Biz gələcəyə inamla baxmalıyıq. Regionumuza ən azından sülh və firavanlıq qayıtmalıdır”.
Elxan Şahinoğlu
Bununla belə, Qarabağdan köçən ermənilərin hazırda geri dönmə təşəbbüsü də görünmür. Siyasi şərhçi Elxan Şahinoğlu bunun səbəblərini belə izah edir: “Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasının beynəlxalq platformalarda müzakirə olunduğunu, ancaq bu gün bu qayıdışın real olmadığını bildirib. Paşinyanın sözlərinə görə, bu gün bu insanların qayıdışı real olsaydı, onlar Qarabağı tərk etməzdilər. Nikol Paşinyanın Qarabağ ermənilərinin geri qayıdışını istəmədiyi aşkardır. Paşinyan Qarabağ ermənilərinin Ermənistanda yaşamalarını və işləmələrini istəyir. Əhalisi azalan Ermənistanın işçi qüvvəyə ehtiyacı var. Lap yaxşı, onsuz da Ermənistan vətəndaşlığından imtina etməyən Qarabağ ermənilərinin Azərbaycanda yaşaması mümkün deyil”.
“Azərbaycan diplomatiyası Nikol Paşinyanın bu açıqlamasını əlində rəhbər tutaraq ölkəmiz əleyhinə qərarlar qəbul edənlərə Ermənistanın baş nazirinin Qarabağ erməniləri ilə bağlı fikirlərini daima xatırlatmalıdır. Bizə deyirlər ki, Qarabağ ermənilərinin geri qayıdışı üçün şərait yaradılmalıdır. Nikol Paşinyan isə deyir ki, Qarabağ ermənilərinə Ermənistanda hər cür şərait yaradılacaq və onların Azərbaycana qayıdışına ehtiyac yoxdur. Qarabağ ermənilərinin geri qaydışını gündəmdə saxlamağa çalışan Qərbdəki və Rusiyadakı dairələr Paşinyandan çox erməni olmaq istəyirlər?!”, - deyə ekspert əlavə edib.
Yazını hazırladı: Afaq MİRAYİQ