Azərbaycanlıların Qarabağa qayıdışı insan haqları məsələsi deyil? - ABŞ-ın riyakarlığı

Aydın Quliyev: “Azərbaycanın ərazilərinin minalanması ABŞ-ın müəyyən dairələrinin öncədən bildikləri bir reallıq idi”

Qarabağ konflikti tarixdə qalsa da, ABŞ və Fransa timsalında Qərbin Azərbaycana qarşı “ikili standart” siyasəti bitmir. Bunun ən bariz nümunələrindən biri bu dövlətin Ermənistanın ərazi bütövlüyü üzərində “əsməsi”dir. Halbuki 30 illik erməni işğalı dövründə, BMT TŞ-nin 4 məlum qətnaməsi ola-ola, biz eyni təlaşı Azərbaycana münasibətdə müşahidə etmədik.  

Yaxud 30 ildə Qarabağdakı xunta rejiminə hər il “minalarla mübarizə” (?! - red.) adı ilə “humanitar” yardım ayıran Birləşmiş Ştatlar 4 ildir Azərbaycana minalarla mübarizədə ciddi dəstək vermir. Azad edilmiş ərazilərdəki minalar isə azərbaycanlı keçmiş köçkünlərin qayıdışına, ərazidə kənd təsərrüfatının bərpasına ən böyük əngəllərdən biridir. 

Reallıq belədir ki, Azərbaycan minalardan ən çox çirklənmiş ölkələrdəndir və bu problemin aradan qaldırılması uzun illər və böyük maliyyə tələb edəcək. Lakin görünən odur ki, Qarabağa azərbaycanlıların qayıdış hüququ, ərazinin iqtisadi inkişafı təməl insan haqlarından dəm vurmağı xoşlayan ABŞ-ı o qədər də narahat etmir. Səbəb nədir, Amerika niyə bu cür davranır? 

Aydın Quliyev

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi kimi vacib humanitar akta münasibəti bu ölkənin 30 ildən artıq davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə olan siyasətinin bir növ davamıdır, tərkib hissəsidir: “Biz bilirik ki, Amerika 30 il müddətində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə əsasən iki bucaqdan yanaşdı. Birincisi, Amerikanın bölgədəki geosiyasi mənafelərindən, ikincisi isə Ermənistan dövlətinin bu bölgədə təcavüzkar siyasətinə məhz erməni lobbisinin, erməni diasporunun xatirinə dəstək verilməsi. Belə yanaşma konkret olaraq onunla nəticələnirdi ki, ABŞ təcavüzkar olmağına baxmayaraq Ermənistana dövlət səviyyəsində hər cür yardım göstərirdi və bu gün də göstərir. O cümlədən, humanitar, maliyyə yardımı. Ancaq Azərbaycan faktiki təcavüz qurbanı olmağına baxmayaraq bizim ölkəmizə hətta Amerikanın dövlət səviyyəsində yardımını da qadağan edən xüsusi qanun qəbul edilmişdi. İlbəil həmin qanunun fəaliyyətinə moratorium qoyulması isə sadəcə olaraq Azərbaycanı hədələməkdən başqa bir şey deyildi. Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi təkcə Azərbaycanın yox, bütün bölgənin təhlükəsizliyi prosesidir. Amma təəssüf ki, ABŞ-ın bu məsələdə də atdığı addımlar ritorikadan kənara getmir. Azərbaycana bu işdə əməli bir dəstək hələ görmürük. Hansı ki, dünya ərazilərinin minalardan təmizlənməsi artıq çoxdan dövlətlərin milli problemi olmaqdan çıxıb və ümumbəşəri, humanitar, təhlükəsizlik konsepsiyasının tərkib hissəsinə çevrilib. Heç təsadüfi deyil ki, Azərbaycan ərazilərin minalardan təmizlənməsi, minalardan azad sahələrin müdafiəsini BMT-nin 2030-cu ilə qədər inkişafının 18-ci istiqaməti kimi qəbul olunması formasında bir qlobal təşəbbüslə çıxış eləyib. Yəni belə bir şəraitdə Amerikanın Azərbaycana minalardan təmizlənmə məsələsində verəcəyi dəstək əslində təkcə Azərbaycana yox, bütün dünyaya verilmiş töhfə ola bilərdi. Amma çox təəssüf ki, ABŞ bu məsələdə də özünün dövlət maraqlarından və Ermənistanın təcavüzkar siyasətində dəstək siyasətindən çıxış eləyir”.

A.Quliyevin sözlərinə görə, bu da təsadüfi deyil. 30 ildə Qarabağ münaqişəsinin həllinə hansı nöqteyi-nəzərdən yanaşdılarsa müharibədən sonrakı çətinliklərin aradan qaldırılmasında da eyni mövqeni tuturlar: “Azərbaycanın ərazilərinin minalanması mən əminəm ki, ABŞ-ın müəyyən dairələrinin öncədən bildikləri bir reallıq idi. Ancaq təəssüflər olsun ki, nə o minaların basdırıldığı dövrdə biz buna qarşı Amerikadan açıq etiraz gördük, nə də ərazilərin  minalardan təmizlənməsi naminə heç olmasa mina xəritələrinin verilməsi üçün Ermənistana ciddi bir təzyiqin şahidi olmadıq. Əksinə, daim separatçılara dəstək görürük. Biz hətta 44 günlük müharibədən sonra da Ermənistanın Qarabağı minalaması faktlarına ABŞ-ın maneçilik addımının, bəyanatının şahidi olmadıq. Bu cür münasibət Azərbaycan üçün müəyyən çətinliklər yaratsa da Qərbin, xüsusilə də Amerikanın necə ermənipərəst siyasət apardığının şahidi olduq və oluruq. Azərbaycanın özünün öz ərazilərini minalardan təmizləməyə gücü çatar. Amma Qərb ölkələrinin,  o cümlədən ABŞ-ın verə biləcəyi dəstək həmin ölkələrin həqiqətən beynəlxalq humanitar işə dəstək verməkdə maraqlı olub-olmadığını nümayiş elətdirir”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

14.09.2024 10:39
351