Azərbaycanlı vəkil: “Rusiyaya səfərləri təxirə salın, deyirlər ya müharibəyə get, ya da...”

“Vətəndaşlarımıza məsləhət görərdim ki, Rusiyaya səfərlərini müəyyən müddətə təxirə salsınlar. Çeçenistanda vətəndaşlarımıza qarşı belə qanuna zidd hallar baş verirsə, deməli, bu hadisə yenə təkrarlana bilər”. 

Bunu Musavat.com-a açıqlamasında tanınmış vəkil Sadiq Əfəndiyev 5 nəfər Azərbaycan vətəndaşının Çeçenistanda saxlanılması və məcburi şəkildə Ukrayna ilə döyüşə aparılmasına cəhd hadisəsindən danışarkən deyib.  

 Vəkil bildirib ki, Rusiya və Çeçenistana uzun müddətli işləməyə gedənlər belə məsələləri nəzərə almalıdırlar:

“Azərbaycanlılar bu ölkələrdə hüquq pozuntusu törədən zaman onlar dövlət orqanlarından asılı vəziyyətə düşürlər. Onlara təklif olunur ki, səni məsuliyyətə cəlb etmirik, könüllü ərizə yazaraq müharibədə iştirak et. Bəzən isə əksinə, şantaj edirlər ki, ya həbs edirik, ya da Ukrayna ilə döyüşə getməlisən. Bu, nəzərə alınmalıdır. Hamının başına gələ bilər.

Vəziyyətdən iki çıxış yolu var, ya Rusiyaya səfərləri təxirə salsınlar, ya da miqrasiya ilə əlaqəli sənədlərini qaydasına salsınlar. Əks halda, arzu olunmaz şəraitin qurbanına çevriləcəklər.

Amma bütün hallarda sadaladıqlarım Rusiyanın dövlət orqanlarına əsas vermir ki, vətəndaşlarımıza təzyiq edib, məcburi şəkildə müharibəyə aparsınlar. Bütün bunlar dövlətlər arasındakı siyasi münasibətlərə xələl gətirən hərəkətlərdir.

Hər hansısa əcnəbinin ərazisində olduğu dövlətin qarşısında hərbi borcu yoxdur. Hərbi mükələfiyyət həmin dövlətin qanunvericiliyində öz əksini tapan məsələdir.

“Xarici vətəndaşların hüquqi statusu haqqında” Rusiya Federasiyasının Qanununun 15-ci maddəsinə əsasən xarici vətəndaşlar hərbi xidmətə (alternativ mülki xidmətə) çağırıla bilməzlər. Xarici vətəndaşlar müqavilə əsasında hərbi xidmətə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələri, digər qoşunları və hərbi birləşmələrinin mülki heyətində işə qəbul edilə bilərlər.

Yeri gəlmişkən qeyd edək ki, xarici vətənşların hərbi xidmətə cəlb edilməsi ilə bağlı Rusiya Federasiyasının Qanununda göstərilən qayda qanuna edilmiş son dəyişiklilkər əsasında müəyyən edilmişdir. Belə ki, adı çəkilən Qanununun müvafiq maddəsənin əvvəlki redaksiyasında xarici vətəndaşların ümumiyyətlə, yəni könüllü istəklərinin olub- olmasından asılı olmayaraq hərbi xidmətə çağırılması, hətta onların hərbi birləşmələrin mülki heyətində işə qəbil edilməsi qadağan edilib”. 

Xatırladaq ki, sentyabrın 24-də Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirilməsi barədə xəbər verilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb.

 “Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, təqribən bir ay bundan əvvəl Çeçenistanda 3 nəfər Azərbaycan vətəndaşları Elxan Şirinov, Vüqar Məhərrəmov və Nihad Rzayevin Rusiya Federasiyası miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlanıldıqları, daha sonra Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynada müharibəyə göndərilmək məqsədilə təlimlərə Qroznıda cəlb olunduqları barədə xəbərlər yayılmışdı.

Şahanə Rəhimli
Musavat.com

28.09.2024 12:06
1392