Azərbaycanlı sənətkar dövlət qurumlarından narazıdır

Masallı rayonunun Ərkivan kəndində yaşayan dulusçu Cəsarət Nuriyev yerli qurumların biganəliyindən şikayətçidir.

Musavat.com-a müraciət edən sənətkarın 56 yaşı var.

O, sənətkarlıq nümunələrini hazırlamaq üçün gil tapa bilməməkdən şikayətçidir:

"Hər dəfə götürdüyüm yerdən mənə gil götürməyə icazə vermirlər. Deyirlər ki, qazıntı aparmaq olmaz. Dəfələrlə icraya müraciət etmişəm, amma deyirlər mümkün deyil. Bu, qədim el sənətidir, belə olsa, mən də bu sənətdən uzaqlaşacam. Kürəmiz dağılıb, gil qabları rezin təkərdə yandırırıq. Belə sənət yaşadarlar? Qonaqlarımız olur, onlar üçün hədiyyə hazırlamaq istəyirəm, şərait yoxdur. Gilin üyüdülməsi üçün xüsusi aparatlara, gil qabların bişirilməsi üçün xüsusi sobalara ehtiyac var. Ayın 14-ü Türkiyənin İzmir şəhərində 30 ölkə arasında Azərbaycanı milli, qədim dulusçuluq sənəti ilə təmsil edəcəyəm, qab düzəldib aparmalı idim, amma gil vermədilər. Mən gilə görə 1 ay əvvəl müraciət etmişəm, istərdim Türkiyəyə gedənə qədər bu məsələ həll olunsun. Belə getsə, bu sənət itib gedəcək".

Ərkivan kənd icra nümayəndəliyinin nümayəndəsi Əhməd Əhmədov Musavat.com-a bildirdi ki, sənətkarın müraciətindən xəbərsizdir.

O qeyd etdi ki, gil götürmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə müraciət etmək lazımdır: "Bizə belə müraciət daxil olmayıb. Əvvəldən də qanun belə olub. Bəlkə də sənətkar əvvəllər əraziyə qanunsuz daxil olurmuş. ETSN-ə müraciət etsə, icazə alsa, rahatlıqla gil götürə bilər".

Nigar HƏSƏNLİ,
Musavat.com

09.09.2023 15:58
2088