Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər/Rəhbər Komitənin iclası keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, baş katib Mirça Abrudean, Gürcüstanı baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə xarici işlər və ticarət naziri Peter Siyarto təmsil edib. Görüşdə həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.
İclasda layihənin “CESI” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, Birgə Müəssisənin təsis edilməsi ilə bağlı görülən işlər, "yaşıl enerji" dəhlizinin fiber - optik komponenti, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarına və digər istiqamətlərə dair məsələlər müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatının bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində planlaşdırıldığını vurğulayaraq prosesin intensivliyini təmin edəcək tövsiyələr verib. Nazir həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti addımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq “yaşıl enerji” dəhlizinin inkişafı ilə bağlı fikirlərini bölüşüb. “Bu gün Birgə Müəssisənin təsis sənədlərinin imzalanması ilə layihəmiz yeni mərhələyə qədəm qoyur. Birgə Müəssisə - "Yaşıl enerji dəhlizi" enerji şirkəti layihənin texniki-iqtisadi əsaslandırmasını maliyyələşdirəcək, TİƏ-nin hazırlanması və icrası proseslərinə nəzarətə məsul, iştirakçı ölkələr tərəfindən həvalə edilmiş tədbirləri həyata keçirən qurum kimi fəaliyyət göstərəcək. “Yaşıl enerji dəhlizi”nin əsas resurs mənbəyi olan Azərbaycan Avropa ölkələrinin bərpa olunan enerji sahəsində də əsas tərəfdaşlarından biri olacaq",- deyə nazir bildirib.
Müzakirələrdən sonra Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi”, həmçinin iclasın yekunlarına dair Protokol imzalanıb. Birgə Müəssisə və İşçi Qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün Məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək Birgə Müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb. BM - "Yaşıl enerji dəhlizi" enerji şirkətinə liderliyin rotasiyaya əsaslanması, həmçinin Fiber Optik Kabel Xəttinə (FOC) dair tapşırıqların və Bolqarıstanın layihəyə inteqrasiyası ilə bağlı məsələlərin dördtərəfli layihənin texniki-iqtisadi əsaslandırmasında ehtiva edilməsi razılaşdırılıb. Bundan başqa, ümumi və qarşılıqlı maraq doğuran layihələrin (PCI/ PM) ikinci siyahısı ilə əlaqədar 2024-cü ilin sentyabr ayında Avropa Komissiyası tərəfindən başladılmış proses çərivəsində status üçün kollektiv şəkildə müraciət barədə razılığa gəlinib. COP29 iqlim liderlərinin sammiti zamanı Layihəyə həsr olunmuş yüksək səviyyəli tədbirin keçirilməsinə də dəstək ifadə olunub. Yekunda Nazirlərin Buxarest görüşünün nəticələrinə dair brifinq keçirilib. Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.
“Yaşıl enerji dəhlizi” layihəsi nə vəd edir? Perspektivləri nədir?
Qeyd edək ki, bərpaolunan və “yaşıl enerji” əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bəyan edib ki, bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur.
İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, yeni minilliyin ən ciddi problemlərindən biri ekoloji problemlər və onun yaratdığı fəsadlar olduğundan bu gün ölkənin əsas problemlərindən biri öz enerji təminatlarını məhz alternativ enerji mənbələri hesabına ödəməsidir: “Qarşıdakı bir neçə onillikdə də ölkənin enerji təhlükəsizliyi məhz buna əsaslanacaq. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanın da Paris sazişinə, yəni karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən sazişi var. Azərbaycan da 2030-cu ilə qədər 35 faizlik emissiyanın azaldılmasını hədəf götürüb. 2023-cü ildə, COP28 keçirilən zaman Azərbaycan bununla bağlı növbəti öhdəlikləri götürmüşdü. Fikrimcə, bu istiqamətdə ciddi irəliləyişlər əldə etməlidir. 2050-ci ilə qədər qazın emissiyasının həcmini 40 faizə qədər azaldılmasını, eləcə də işğaldan azad olunmuş ərazilərdə "sıfır emissiya"nı hədəf olaraq qarşıya məqsəd qoyub və buna nail olacaq. Məhz bu problemlər və prioritetlər Azərbaycanın mövcud alternativ enerji resurslarını Avropaya nəql etmək üçün “Xəzər dənizi-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsini ortaya çıxarıb. Əslində layihənin bir çox detalları 2020-ci ilin əvvəlindən müzakirə olunurdu. Vətən müharibəsi başlamadan öncə, Dünya Bankı metodoloji əsaslarla hesablanaraq müəyyən işlər görülmüşdü. 2020-ci ilin iyun ayında Qara dənizin dibi ilə sualtı kabel xəttinin çəkilişinə dair iqtisadi faydanın olacağı qənaətinə gəlinəndən sonra artıq Şərqi Avropa ölkələri Azərbaycan və Gürcüstan arasında danışıqlar aparıb və memorandum imzalanıb. Bunun ardından artıq digər ölkələr-Mərkəzi Asiya respublikaları bu layihəyə qoşulmaq istədiyini bildiriblər".
İqtisadçı layihənin texniki-iqtisadi göstəriciləri ilə bağlı fikir bildirərkən deyib ki, icra planı tam hazır olmadığından bir sıra komponentlər üzrə parametrlər hələ məlum deyil: “Amma məlum parametrlər üzrə alternativlərin qiymətləndirilməsi səbəbindən müəyyən dəyişikliklərin olma ehtimalı var. Bütün hallarda Azərbaycanın "yaşıl enerji" təchizatçısına çevrilmək planlarının bir tərkib hissəsidir. İlkin olaraq 4 qiqavat həcmində “yaşıl enerji”nin ixracı nəzərdə tutulur ki, bu da böyük resursların bir hissəsidir. Layihə parametrlərinə görə Qara dənizin dibi ilə uzanacaq kabel xəttinin uzunluğu 1195 kilometr olmaqla dünyanın ən uzun və ən dərin sualtı elektrik kabel xətti olacağını deyə bilərik.
Perspektivinə gəldikdə, Avropa ölkələri 2030-cu ilə qədər elektrik enerjisi və hidrogen, hidrogenin törəmələri şəklində olmaqla “yaşıl enerji”nin idxalını təmin etmək üçün bir-biriləri ilə mübarizə aparırlar. 2030-cu ildən sonra da çox güman ki, Avropa Birliyi daha sərt dekorbonizasiyaya çatmaq üçün mübarizə aparacaq. Ona görə Qara dənizin dibi ilə uzanacaq bu kabel Avropa ölkələri üçün strateji əhəmiyyət daşıyacaq. Belçikanın, Hollandiyanın, Lüksemburqun “yaşıl enerji” strategiyasına tamamilə uyğundur. Öncədən qeyd etdiyim kimi, Mərkəzi Asiya ölkələrinin qoşulmaq istəyi və Azərbaycana müraciət etməsi Avropanın da, Asiyanın da mənafeyinə uyğundur. Hesab edirəm ki, digər dəhlizlərlə müqayisədə bu dəhlizin ömrü daha uzunmüddətli olacaq. Çünki bu dəhlizin ölkəsindən asılı olmayaraq əsas təchizatçısı günəşdir. Günəş var olduqca o enerjini bərpa edəcək. Bu dəhliz elektrik enerjisi ilə təchiz olunacaq".
Eldəniz Əmirov
Eldəniz Əmirov qeyd edib ki, bu dəhlizin müəyyən riskli tərəfləri də var: “Risklər beynəlxalq münasibətlərdən çox asılıdır. Daha çox təhdid isə Ukrayna-Rusiya münaqişəsindən qaynaqlanır. Təbii ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra burada müəyyən risklər yaranıb. Bu müharibə səbəbindən Qara dənizdə risklər hələ də qalmaqdadır. Qara dənizin dibi ilə kabel xətti çəkmək üçün, üzən gəmilər üçün təbii ki, müəyyən risklər var. Hətta müharibə kabelin çəkilməsinə mane olmasa da, müharibədən sonra yenə risklər qalacaq. Bu kabelin mühafizəsi çox yüksək səviyyədə həyata keçirilməlidir. Buna misal olaraq Baltik dənizinin dibində partladılan Şimal Axını boru kəmərlər sistemini xatırlamaq kifayətdir”.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq inkişafda olan ölkə kimi Azərbaycan öz emissiyaları haqqında hesabatı hər dörd ildən bir konvensiyanın katibliyinə təqdim edir. Konvensiya ilə yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb.
Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”