Azərbaycanla Avropa İttifaqı (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri, o cümlədən enerji və nəqliyyat əlaqələri sahələrində əməkdaşlığın dərinləşdirilməsi potensialı üzrə müntəzəm fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
"Report"un xəbərinə görə, bu barədə Avropa İttifaqının mayın 22-də Brüsseldə keçirilən Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclasının yekunları üzrə yayılan bəyanatında deyilir.
Məlumata görə, tərəflər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən qarşılıqlı maraq doğuran xarici siyasət və təhlükəsizlik məsələləri ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparıblar. Onlar son yüksək səviyyəli təmasları alqışlayıblar və tərəflərin ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu nümayiş etdiriblər.
"Aİ regional əməkdaşlığın mühüm rolunu, Azərbaycan isə Aİ-nin ən böyük ticarət tərəfdaşı olduğunu bir daha təsdiqləyib. Aİ enerji təhlükəsizliyi çərçivəsində Azərbaycandan etibarlı qaz tədarükünün vacibliyinə diqqət çəkib. Aİ-Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq Sazişinə uyğun ikitərəfli əməkdaşlığın bütün istiqamətlərində işlərin aparılmasının zəruri olduğu vurğulanıb. Azərbaycan COP29-un ev sahibi kimi bərpa olunan enerjinin artırılmasına dair öhdəlik və ambisiyalarını xatırladıb.
Azərbaycan işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində Aİ-nin dəstəyinə görə minnətdarlığını ifadə edib. Aİ yenidənqurma işlərini asanlaşdıra biləcək alətləri tədqiq etməyə hazır olduğunu bildirib. Azərbaycan Avropa Sülh Fondu ilə rəsmi sorğusunu bir daha bəyan edib”, - press-relizdə deyilir.
Vurğulanır ki, görüş iştirakçıları Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində növbəti addımları da müzakirə ediblər.
Xatırladaq ki, görüşə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Olof Skug həmsədrlik ediblər.