Azərbaycanın Zəfər günü Buxarestdə qeyd olunub

 7 noyabrda Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarest Diplomat Sarayında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Səfirliyin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə tədbirdə Rumıniyada yaşayan azərbaycanlılar, tələbələr, ictimai-siyasi xadimlər, bu ölkədə Türk dövlətlərini təmsil edən diplomatik nümayəndəliklərinin rəhbərliyi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Zəfərinə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib və dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıb. Səfir 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığını, etnik təmizləmə nəticəsində 1 milyondan artıq azərbaycanlıların doğma yurdlarından didərgin düşdüyünü, işğal altında olan şəhərlərin, kəndlərin bütövlüklə xarabaya çevrildiyini bildirib. Səfir xalqımızın heç bir zaman tarixi ədalətsizliklə razılaşmadığını, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edib. Eyni zamanda, münaqişədən sonrakı dövrdən söz açan səfir, Qarabağın günü gündən dirçəlməsini, regionda miqyaslı quruculuq-bərpa işlərinin, beynəlxalq layihələrin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin, diplomat Azərbaycan ilə Rumıniya arasında olan strateji və dostluq əlaqələrindən danışıb.

Buxarest Dövlət Universitetinin doktorantı Salatın Şamilova iştirakçıların diqqətinə Vətən müharibəsi şəhidlərinin rəmzinə çevrilmiş “Xarıbülbül” haqqında müəllifi olduğu essesini səsləndirib.

Sonra Azərbaycan istehsalı olan və ölkəmizi bir sıra tanınmış beynəlxalq film festivallarında təmsil etmiş “Açar” qısametrajlı filminin nümayişi baş tutub. Sonda qonaqlar üçün ziyafət təşkil olunub.

8 noyabr tarixində isə Zəfər günü münasibətilə səfirliyin heyəti Buxarestin Tei parkında yerləşən Ulu öndər Heydər Əliyevin büst-heykəlini ziyarət ediblər, önünə gül dəstələri düzüblər.

08.11.2024 15:42
415