Azərbaycanın tərpətdiyi böyük laylar – Ermənistanı üstümüzə kim qızışdırır?

Yaxşı deyiblər, “mərdimazar olmasa, bağ çəpəri neyləyər”. İndi rusiyalı təxribatçı politoloq Mixail Aleksandrov da. Görün bu zat erməni mediasına müsahibəsində nə çərənləyib.

Məsələn, deyib ki, Azərbaycanın konstitusiyanı dəyişdirişmək tələbinə Ermənistan fikir verməməli, heç nəyi dəyişməməlidir, “əks halda, bu, zəiflik kimi qəbul ediləcək və Bakını əlavə addımlara sövq edəcək”.

Ağlı yerində olan adekvat insan xalqlar arasında sülhü, əməkdaşlığı, dinc-yanaşı mövcudluğu təşviq edər. Bu şeytan isə açıq-aşkar ara qarışdırıcı mövqe tutaraq, müharibəni, revanşimzi təbliğ edir və öz aləmində zavallı haylara bununla guya qiymətli məsləhətlər verir, yaxşılıq edir. “Ermənistanda ordunun gücləndirilməsinin, təlimlərin keçirilməsinin, İranla sıx əməkdaşlığın, ondan silah alınmasının”, qısası, şər işlər görməyin vacibliyini bildirir. İqtidarlı-müxalifətli erməni toplumu onsuz da Azərbaycanla sülh müqaviləsi üçün, sülh üçün əldən getmirlər, - buna ən çox özünün ehtiyacı ola-ola, - bir yandan bu nadürüstlərin qızışdırıcı çağırışları.

Hələ harasıdır, üzdəniraq ekspert (“su axar çuxurunu tapar”) daha irəli gedib Ermənistanı “qətiyyət nümayiş etdirməyə” səsləyib. “Heç bir halda təzyiqə boyun əymək, güzəştə getmək olmaz. Qarabağ məsələsi Ermənistanın xarici siyasət gündəmindən yox olmamalıdır. Əksinə, bu, üstünlük gətirən bir vasitədir”, - sarsaqlayıb...

Təəssüf ki, 22 fevral (2022) Moskva Bəyannaməsini imzaladığımız Rusiyada belələri - Mixail Aleksandrov çaplı yaramazlar az deyil. Onlar hətta V.Putinin partiyasinda, parlamentdə də var. Dumanın komitə sədrinin müavini Konstantin Zatulin kimi. O Zatilin ki, bu il sentyabrın 2-də utanıb-qızarmadan mifik “artsax”ın uydurma “müstəqilik günü” ilə bağlı erməni xalqını təbrik etmişdi. Halbuki Moskva Bəyannaməsi separatizmlə, separatçı meyllərlə birgə mübarizəni nəzərdə tutur. Hanı bəs?

Ukraynaya qarşı işğalçı müharibə haqda azacıq tənqid deyənləri və ya yazanları Rusiya məhkəmələri əlüstü 10-15 il iş kəsib zindana göndərir, beynəlxalq axtarışa verir. Amma burdan-bura Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəfələrlə, açıq həqarət edən vətəndaşlarına “gözün üstdə qaşın var” demir.

Əslində təəccüblü sayılmaz. Hamı bilir ki, “Qarabağ kartı” uzun illər Moskvanın əlində Azərbaycanı və Ermənistanı öz orbitində saxlamaq üçün istifadə edilib. Eyni səbəbdən Rusiya rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi saydığını bildirən Nikol Paşinyanı hələ də bağışlaya bilmir. Moskva rəsmiləri hər fürsətdə bunu ona irad tuturlar. Ona görə ki, bununla Kremlin Güney Qafqazla bağlı Bakı və İrəvana əsas təzyiq vasitəsi əlindən çıxıb...

Erməni separatizminə dəstəkdən söz düşmüşkən, biz Rusiya sülhməramlı kontingentin Qarabağda hansı hoqqalardan çıxdığını unutmamışıq. Xocalıda hərbi kontingentin komandanlığının yerləşdiyi binanın önündə Rusiya və Ermənistan (?!) bayraqları ilə yanaşı, xuntaçıların əski parçasını asan, bu zaman Azərbaycan bayrağını “unudan” (sanki bu torpaqların Azərbaycana dəxli yoxmuş!), qanunsuz silahlı birləşmələri ərazimizdən çıxarmaq əvəzinə, Laçın yolu ilə onlara silah, canlı qüvvə, mina daşınmasına şərait yaradan, ermənilərə Rusiya pasportları paylayaraq Qarabağda qondarma “rus icması” qurmağa cəhdlər edən, öz bülletenlərində qanuni yaşayış məntəqələrimizi uydurma erməni adları ilə adlandıran həmin hərbi kontingent idi. Təbii ki, bunu özbaşına yox, “yuxarı”dan gələn konkret təlimatlar əsasında hərəkət edirdi...

zhsfr.jpg (69 KB)

Təsadüfi deyil ki, ötən həftə Zəfər Parkının açılış zamanı etdiyi çıxışda Azərbaycan Prezidenti tam haqqına və istisnasız olaraq, Minsk Qrupunun hər üç həmsədrini (Rusiya, ABŞ, Fransa) erməni işğalının davam etməsinə kömək etməkdə suçlamışdı.

Sitat: “Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görür, bilirdik”.

Fəqət, Azərbaycan Ordusu məkrli planları alt-üst elədi. “Dəmir yumruq” öz sözünü dedi - işğalçı ölkə, xunta rejimi layiqli cəzasını aldı. BMT TŞ-nin məlum qətnamələri nəhayət, reallaşdı. Demək ki, biz təkcə Ermənistanı yox, onun havadarlarını da məğlub elədik.

Bu mənada İlham Əliyev cari ilin əvvəlində yerli telekanallara müsahibəsində deyəndə ki, Azərbaycan öz ərazisində erməni separatizminin kökünü kəsməklə dünya miqyasında çox böyük layları tərpədib, əlbəttə ki, haqlı idi. Söhbət təkcə Qərbin məkrli anti-Azərbaycan çevrələri və dövlətlərindən yox, əfsus ki, həm də qonşu Rusiyadan gedir. Halbuki təkrar edirik, aramızda imzalanmış Moskva Bəyannaməsi var...

Sadalananların, özəlliklə ərazi bütövlüyümüz və suverenliyimizə Rusiya tərəfdən davam edən hörmətsizlik fonunda kim indi bizi inandıra bilər ki, şimal qonşumuz Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquq əsasında tezliklə sülh müqaviləsinin imzalanmasında, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasında səmimi şəkildə maraqlıdır, bunu sidq ürəkdən arzu edir?

Heç kim...

13.11.2024 19:32
1290