Azərbaycanın tarixi və taleyinin həlledici faktorları: Neft-qaz hasilatı

Neft və təbii qazla zəngin olduğuna görə Azərbaycan həm də odlar yurdu kimi tanınır. Elə atəşpərəstliyin, Zərdüştün vətəninin də bura olması, bu sərvətlərlə bağlılığı istisna edilmir.

Bu torpaqlarda “qara qızıl” və “mavi yanacaq” hasilatının dəqiq tarixi məlum deyil. Bununla bağlı müxtəlif tarix, rəqəmlər, faktlar var. Bütün hallarda neft və təbii qazın ən qədim yataqları Azərbaycandadır. Onları həm də enerjidaşıyıcıları adlandırırlar. Deməli, ölkə enerji mənbəyidir.

Bu kimi özünəməxsusluğuna görə ölkə həmişə cəlbedici olub. Neft-qaz Azərbaycanın tarixində və taleyində başlıca rol oynayıb.

XIX və XX əsrlərdə sənayenin inkişafında Bakı nefti əvəzsiz rol oynayıb. Qafqaza - Bakıya səyahət edənlər, əslində, neft iyinə gəliblər. Neft səyyahları buraların mədəniyyəti ilə də tanış olublar. Sonralar ölkəyə iş adamları və sənayeçilərin səfəri başlayıb. Bu hadisələr Azərbaycanın, Bakının inkişafına təkan verib. Çar Rusiyasının işğal etsə də, önəm vermədiyi üçün geri qalmış bu əyalət regionun önəmli ölkəsinə çevrildi. O vaxtlar İrəvan ermənilərin deyildi. Ona görə də Rusiya dini faktora əsasən daha çox Tiflisə üstünlük verir, onu Qafqaz canişinliyinin mərkəzi etmişdi.

Azərbaycan əhalisinin etnik mənsubiyyəti və dinini belə Çar Rusiyasında doğru-düzgün tanımırdılar. Onlara ancaq neft lazım idi. Lakin avropalıların gəlişi ilə Azərbaycanın milli burjuaziyası yarandı - Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları. Onlar milli dövləti olmayan bir ölkənin gənclərinin maariflənməsində çox önəmli rol oynadılar.

OYNA.jpg (44 KB)

XIX əsrdə Azərbaycanda genişlənən maarifçilik hərəkatı hətta, latın qrafikalı Azərbaycan əlifbasının yaranmasına səbəb oldu. Ana dilində “Əkinçi” qəzeti çıxmağa başladı. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabinin əsasını qoyduqları proses yeni nəslin siyasi xadimlərini yetişdirdi – Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Üzeyir Hacıbəyov, Əhməd Cavad və yüzlərlə ovaxtkı gənclər.

Bu gənclik Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları oldu. Neft Cümhuriyyətin yaranmasına təsir göstərsə də, torpaqların ermənilər tərəfindən ələ keçirilməsinə, onun bu dəfə bolşevik Rusiyası tərəfindən işğalına səbəb oldu. Ölkədə neft maraqları təmin etmək istəyən qərb dövlətləri Azərbaycana dost, əməkdaşlıq əlini uzatmadılar. Sonralar buna səy göstərsələr də, artıq onda gec idi.

Bakı nefti təkcə Azərbaycanın deyil, beynəlxalq miqyasda, Birinci və İkinci dünya müharibələrində, başqa hadisələrdə də aparıcı rol oynayıb. Birinci dünya savaşında Bakı neftinin roluna dair tarixdən qısa xatırlatma: “Şimali Azərbaycanda Bakı-Novorossiysk, Bakı-Batum, Cənubi Azərbaycanda isə Təbriz-Bursa-İstanbul və s. kimi ticarət yolları beynəlxalq iqtisadi əlaqələrin arteriyasını təşkil edirdi. Azərbaycan həm də Cənubi Qafqazın əsas energetika bazası idi. 1917-ci il oktyabr çevrilişinə qədər Bakı nefti Rusiyanın əsas enerji mənbəyi olduğundan bolşeviklər onun itirilməsi ilə heç cür razılaşmaq istəmirdilər. Digər tərəfdən başqa güclü dövlətlər də ciddi-cəhdlə Bakı neftini ələ keçirməyə çalışırdı. Oktyabr çevrilişindən sonra Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin planında Bakı neftini ələ keçirmək başlıca məqsəd daşıyırdı. Eyni zamanda, Azərbaycan Rusiya, İran, Osmanlı Türkiyəsi ilə yanaşı, digər güclü dövlətlər üçün də hərbi-siyasi əhəmiyyətə malik bir region idi. Azərbaycan ərazisi Yaxın və Mərkəzi Asiyaya çıxmaq üçün əlverişli coğrafi imkanları ilə yanaşı, həmçinin müdafiə xarakterli əhəmiyyət kəsb edirdi.

Müharibənin ilk günlərindən Rusiyanın HDD (Hərbi Dəniz Donanması) neft yanacağına olan tələbatı artmışdı. Rusiya donanması 1913-cü ildə 250 min pud yanacaq almışdısa, 1916-cı ildə donanma 18 mln pud mazut və 0,8 mln pud müxtəlif neft məhsulları almışdı. 1916-cı il may ayından, 1917-ci il mayına kimi Rusiyanın HDD 20 mln pud müxtəlif neft məhsulları almışdı. Rusiyanın hərbi donanması üçün benzin, kerosin, mazut məhsullarının daşınmasını müqaviləyə əsasən "Nobel qardaşları" şirkəti həyata keçirirdi. Ümumiyyətlə, istər müharibə ərəfəsində, istərsə də müharibə zamanı Bakı nefti Rusiya Hərbi Dəniz Donanmasının təchizatında aparıcı rol oynadı...”.

XX əsrin əvvəllərində Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edib. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Sovet İttifaqı Kommunist Partiyası rəhbərlik etməyə başlayıb.

BASLA.jpg (39 KB)

İkinci dünya müharibəsi illərində faşist lideri Adolf Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edib. 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılıb. Bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4 faizini təşkil edib. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsində qələbəsində mühüm rol oynayıb. Bakı nefti xalq və kənd təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində xüsusi rolunu daha da artırmışdı.

Hər iki dünya müharibəsində Azərbaycan nefti əhəmiyyətli rola malik olsa da, savaşlar bitəndən sonra bunun ona heç bir siyasi, sosial və s. faydası olmayıb. Əksinə, Rusiya və SSRİ Azərbaycana qarşı təzyiqləri daha da artırıb. Hətta, Bakıya “qəhrəman şəhər” adının verilməsini belə çox gördülər.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müstəqil respublikanın yeni konstitusiyasının 14-cü maddəsində bildirilib: “Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur”.

Bu, neft və təbii qazın Azərbaycana və onun vətəndaşlarına məxsus olduğunu təsdiqləyib.

Müstəqilliyini bərpa etdikdən sonra neft və təbii qaz ölkə iqtisadiyyatının əsasını təşkil etməklə yanaşı, siyasi, sosial və mədəni hadisələrdə aparıcı rol oynayıb.

OYNAYIB.jpg (163 KB)

1994-cü il sentyabrın 20-sində Bakıda altı ölkəni təmsil edən dünyanın məşhur 13 neft şirkəti ilə birlikdə Azərbaycan neft müqaviləsi imzalayıb. "Əsrin müqaviləsi"nə ilkin qoşulan şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl" (ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson", "Amerada Hess" (ABŞ) şirkətləri də qoşulub.

“Əsrin müqaviləsi” adı almış bu sənədin imzalandığı günü mərhum Prezident Heydər Əliyev Neftçilər Günü olmasına dair sərəncam verib. Bu gün neft-qaz sahəsində çalışanların bayram günüdür.

Mərhum dövlət başçısı tərəfindən irəli sürülən neft strategiyası uğur qazandı.

1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri-Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı. "Əsrin müqaviləsi"nə ilkin qoşulan şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl" (ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson", "Amerada Hess" (ABŞ) şirkətləri də qoşuldu.

QOSUL.jpg (97 KB)

İndi Azərbaycan neft və təbii qaz Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP marşrutları ilə Avropaya və dünyanın başqa ölkələrə çatdırılır.

Bu bayram günündə şəhidləri, qaziləri və neft sahəsində baş verən qəzaları nəticəsində həyatlarını itirənləri də yad etmək yerinə düşər.

2015-ci ilin dekabrın 4-də "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə qəza baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib, 16 nəfər vəfat edib, 17 nəfər itkin düşüb.

Neft-qaz sahəsində çalışanlar müstəqilliyin, ərazi bütövlüyü və suverenliyin təmin olunması yolunda fəaliyyət göstərir.

Bir il əvvəl sentyabrın 19-20-də separatçıların tör-töküntülərinin təmizlənməsi üçün antiterror tədbiri həyata keçirilib. Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının böyük bir mərhələsi başa çatıb.

Bu gün həm də Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Prezident İlham Əliyev sentyabrın 19-da bununla bağlı Sərəncam imzalayıb. Hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Neftçilər, suverenlik və uğurlu tədbirin eyni tarixdə baş verməsi, qeyd edilməsi təsadüfü deyil. Bu, dövlətin varlığında, mövcudluğunda ərazi bütövlüyü, suverenlik və iqtisadiyyatın bir-birini tamamladığını da təsdiqləyir. Neft-qaz sahəsində işləyənlər Azərbaycan iqtisadiyyatının əsgərləridir. Bayramınız mübarək, əsgərlər!

Sədrəddin İsmayılov

20.09.2024 14:57
337