Azərbaycanın sədrliyi dövründə GUAM aktivləşəcəkmi - rəy

Sabiq nazir: “Ölkəmiz hansı beynəlxalq təşkilata sədrlik edirsə, həmin təşkilatın fəaliyyəti daha səmərəli olur, təşkilat inkişaf edir”

2024-cü ildən GUAM-a “Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat” sədrlik Ukraynadan Azərbaycana keçib. Bu barədə qərar Milli Əlaqələndiricilər Şurasının ötən il dekabrın 1-dəki iclasında qəbul edilmişdi. 

Xatırladaq ki, GUAM-Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlayıb. Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-a sədrlik edib.

Qeyd edək ki, Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.

2020-ci ildə Azərbaycanın sədrliyi dövründə isə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi idi.

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, GUAM xüsusilə son illərdə aktivliyi elə də yüksək olmayan təşkilatlardandır: "Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Ukraynanı çox ciddi problemlərlə üz-üzə qoyub. Ukrayna iqtisadiyyatı dəhşətli zərbələr alıb. Bir sözlə, Ukraynanın başının müharibəyə qarışması istər-istəməz GUAM-ın da fəaliyyətinə öz təsirini göstərib. 

Pasportsuz yalnız bu qədər dollar ala biləcəksiniz

Fikrət Yusifov

GUAM-a daxil olan ölkələrin hamısı Sovetlər Birliyi çökdükdən sonra torpaqlarının işğalı baxımından eyni aqibəti yaşayıblar. Gürcüstanda Şimali Osetiya və Abxaziya ərazilərinin, Moldovada Prednistrovyanın, Azərbaycanda Qarabağ torpaqlarının, Ukraynada Krımın və Ukraynanın şərq ərazilərinin işğalı və bu ərazilərdə işğalçı müharibənin iki ilə yaxındır ki, davam etməsi dörd ölkənin hər birinin formaca başqa, məzmunca eyni yaşadıqları acılardır. Azərbaycanın Qarabağ Zəfəri QUAM-a üzv olan digər 3 ölkəyə və bütövlükdə dünyada eyni acını yaşayan bütün ölkələrə çox yaxşı bir örnəkdir. Azərbaycan 30 il dözdü, 30 il düşünülmüş planla sərgilənən ardıcıl və məntiqli mübarizə apardı və sonda düşmənlərə qalib gəldi.

Nəzərə alsaq ki, artıq sədrlik Azərbaycana keçib və Azərbaycan sədrlik etdiyi qurumların fəaliyyətində aktivlik yaratmağı bacarır-Qoşulmama Hərəkatı nümunəsi-bu baxımdan, Azərbaycanın sədrliyi dönəmində GUAM-ın fəaliyyətində müəyyən dəyişikliklər, canlanma olacağını gözləyə bilərik. İllər idi ki, Azərbaycan müxtəlif səviyyədən olan beynəlxalq təşkilatlarda uğurla iştirak edir və bu təşkilatlara növbəlilik əsasında uğurla rəhbərliyi həyata keçirirdi. Bu tədbirlərin bir çoxunun Bakıda təşkili və onlarda yüzlərlə xarici nümayəndələrin iştirakından istifadə edərək, Azərbaycan hökuməti Qarabağ həqiqətlərini bütün dünyaya çatdırırdı. Elə bunun nəticəsi idi ki, 44 günlük İkinci Qarabağ savaşındakı qələbədən sonra ermənidən daha çox erməni olan Fransadan başqa heç bir kəs səsini belə çıxarda bilmədi. Çünki illər uzunu bizim təbliğat maşınımız bu münaqişədə kimin haqlı və kimin haqsız olduğunu artıq hər kəsə göstərə bilmişdi. 

Şübhə etmirəm ki, Azərbaycan GUAM-a sədrliyi dövründə bu təşkilatın yetərli dirçəlişinə apara biləcək addımlar atacaq. İndiki həssas dönəmdə, dünyada beynəlxalq hüququn birtərəfli şəkildə işlədiyi bir zamanda buna böyük ehtiyac var. BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Azərbaycan belə beynəlxalq qurumlara necə uğurla başçılıq edə bildiyini göstərdi. İndi növbədə GUAM-a sədrlik dövründə bu təşkilatın fəaliyyətini gücləndirmək məqsədilə Azərbaycanın ortaya qoyacağı yeni təşəbbüslərin reallaşdırılmasıdır.

Azərbaycan hansı beynəlxalq təşkilata sədrlik edirsə, həmin təşkilatın fəaliyyəti daha səmərəli olur, təşkilat inkişaf edir. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi o dərəcədə yüksək qiymətləndirildi ki, Azərbaycan ardıcıl ikinci dəfə sədrlik etmək imkanı əldə etdi. Hərəkatın üzvləri yekdilliklə bunu istədilər. Azərbaycanın sədrliyi dönəmi Qoşulmama Hərəkatının qızıl dövrü kimi tarixə düşdü. 

GUAM-a sədrliyi dönəmində də ölkəmizin bu təşkilatın inkişafına töhfə verəcəyi şübhəsizdir. Bir neçə həftə öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak və çıxış edərkən dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda, təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platforma rolu oynaya biləcəyini qeyd edib. Ceyhun Bayramov ölkəmizin sədrliyi dövründə təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. Xüsusilə region ölkələrinin nəqliyyat və bağlantılar sahəsində potensialından istifadə edilməsinin, bu istiqamətdə GUAM Nəqliyyat Dəhlizi layihəsinin irəlilədilərək Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevrilməsinin vacibliyi vurğulanıb. Görüş zamanı həmçinin 2024-cü il üçün GUAM-ın sədrliyinin Azərbaycana keçməsi, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar təsdiq olunub".

Yazını hazırladı: Etibar SEYİDAĞA



23.01.2024 09:15
921