31 Mart tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “dəyirmi masa” təşkil olunub.
Musavat.com xəbər verir ki, tədbirdə AR-in Rumıniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, azərbaycan icmasının nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Öncə 1918-ci il 31 Mart soyqırımına məruz qalmış günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə azərbaycanlıların soyqırımının tarixindən, o cümlədən ermənilərin 1905-1907-ci, 1918-ci illərdə törətdikləri vəhşiliklərdən danışılıb, minlərlə azərbaycanlının öldürüldüyü, on minlərlə insanın evlərindən didərgin düşdüyü bildirilib.
Habelə, ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilməsindən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən bəhs olunub. Qeyd edilib ki, 18 yanvar 2018-ci il tarixdə Prezident İlham Əliyev 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.
Sonda Buxarest universitetinin doktorantı Salatın Şamilova və Buxarest universitetinin məzunu Xəlilli İsmayıl soyqırıma dair ətraflı məlumat verib, tələbələrin və iştirakçıların suallarını cavablandırıb.
Musavat.com