Sentyabrın 24-də regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə sentyabrın 26-a kimi davam edəcək tədbirin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev də sentyabrın 24-də “ADEX-2024” sərgisi ilə tanış olub.
Yubiley sərgisi barədə fikirlərini Medianews.az-a bölüşən Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz bildirib ki, əvvəlki dörd sərgidə olduğu kimi, beşinci “ADEX-2024” yubiley sərgisi də uğurlu olub.
Hərbi ekspertin sözlərinə görə, V “ADEX-2024” sərgisinin Bakıda keçirilməsi Azərbaycanın həm müdafiə sənayesində əldə etdiyi uğurların nümayişi, həm də dünyanın müasir silah sənayesi təmsilçilərinin Qafqaz və Türkmənistan bazarına öz məhsullarını təqdim etməsi, müvafiq danışıqların aparılması, əməkdaşlıq əlaqələrinin qurulması baxımından vacibdir: “Azərbaycanın COP29 kimi beynəlxalq səviyyəli siyasi, ekoloji, eyni zamanda mədəni tədbirə ev sahibliyi etməsi, hərbi və müdafiə sənayesi sərgilərini təşkil etməsi bu ölkənin inkişafının, keçdiyi tərəqqi yolunun əyani göstəricisidir. Üstəlik, V “ADEX-2024”-dəki Azərbaycan stendlərində öz istehsalı olan qumbaraatan, minaatan, pilotsuz uçuş aparatı (PUA), döyüş maşınları sərgilənir. Bu da çox qısa zamanda Azərbaycanın müdafiə sənayesi sahəsində inkişafını göstərir. Müdafiə sənayesi çox yavaş irəliləyən, birdən-birə böyüməyən fəaliyyətdir. Türkiyə bu gün dünyada silahsız PUA və silahlı PUA istehsalına görə ilk üçlüyə daxil olan ölkədir. Müdafiə sənayesi sahəsində də dünyada ilk onluqda təmsil olunur. Bu uğurlara görə Türkiyə 1974-cü ildən etibarən həyata keçirdiyi siyasətə borcludur. Azərbaycan isə Prezident İlham Əliyevin ordu quruculuğuna xüsusi önəm verməsi sayəsində son 10 ildə müdafiə sənayesi sahəsində də böyük uğurlara imza atmağı bacarıb. Azərbaycan artıq öz silah sistemlərini, sursatları, hərbi texnikaları istehsal etməyə başlayıb ki, bu, tamamilə yeni mərhələdir. Bu, həm də Azərbaycanın Qarabağ müharibəsində niyə qalib gəldiyini göstərmək baxımından böyük əhəmiyyət daşıyır”.
Y.Karauz vurğulayıb ki, Türkiyə bu sərgiyə əlliyə yaxın milli şirkətlə qatılıb: “İndiyə qədər Türkiyə və Azərbaycan Müdafiə Nazirliyi arasında ortaq istehsal, təhqiqat və inkişaf, texnologiyanın inkişafı, kadr hazırlığı, birgə istehsal və marketinq mövzusunda əhəmiyyətli müqavilələr, sazişlər imzalanıb. “Baykar Makina”, “Aselsan”, “Roketsan” kimi şirkətlərlə əməkdaşlıq əlaqələri qurulub. Milli, müstəqil, qüvvətli olmaq, yalnız güclü ordu ilə mümkündür. Güclü orduya sahib olmaq, öz tələbatını ödəmək üçün də güclü müdafiə sənayesinə sahib olmaq lazımdır. Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında qeyd etdiyi kimi, Azərbaycan bu coğrafiyanın ən qüdrətli dövlətidir, güclü Silahlı Qüvvələrə sahibdir. Azərbaycan bundan sonra da ordusunun inkişafına, hərbi qüdrətinin artmasına və müdafiə sənayesinin tərəqqisinə xüsusi diqqət yetirəcəkdir. Düşünürəm ki, “ADEX-2024” kimi sərgilər bu faydanı təmin edir. Azərbaycanın Hərbi Hava Qüvvələrinin gücünü daha da artırmaq, gələcək təhdidlərin qarşısını əvvəlcədən almaq üçün Pakistan Aviasiya Kompleksi və “Chengdu” Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli “JF-17C” (Block-III) qırıcı təyyarələrinin alınması və nümayişi də “ADEX-2024” sərgisinə təsadüf etdi. Artıq bu təyyarələr Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib. Bütün bunlar təbii ki, fərəh doğurur. Güclü müdafiə sənayesi, güclü ordu, güclü dövlət, güclü lider, güclü Azərbaycan!”