"Azərbaycan üçün 2022-ci ildə nəqliyyat üzrə emissiya ümumi 61 milyon tondan çox olub. Hazırda ölkə üçün milli töhfələr sənədini hazırlayırıq. İqlim müzakirələrinin bel sütunu həmin sənəddir. İqlim fəaliyyət planları sözügedən sənəddə əksini tapıb".
Musavat.com xəbər verir ki, bunu "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, dünyanın iqlim böhranının əsas səbəbi odur ki, iqlim həlləri bahadır:
"Şirkətlər daha çox vəsait itirirlər. Ənənəvi həllər effektivdir. Hər kəs qəbul edir ki, dövlətlərin verdiyi vəsait iqlim böhranlarını həll etməyə kömək etmir. Dövlətlərin ayırdığı vəsait milyardlar olur. İqlim həllərinə trilyon dollarlar lazım olur, məsələn, 7-8 trilyon dollar. Dövlətin strateji və optimal qərarları ilə özəl sektora təşviqlər ayrılmalıdır.
Sənaye sektorunun karbonsuzlaşdırılması çox çətin olacaq. Dövlət üçün xərci az olan iki sektor üzümüzü güldürə bilir: elektroenergetika və nəqliyyat. Elektroenergetika artıq ənənəvi həllər ilə rəqabət aparacaq səviyyəyə gəlir".
Nazir müavini əlavə edib ki, dəmiryolu elektrikləşdirməyə ən uyğun olan sahədir:
"Biz xalis sıfır modelləri üzərində işləyirik. Azərbaycan əvvəlki öhdəliyi ilə müqayisədə çox iddialı olacaq. Bütün dünyada elektrik maşınları ilə bağlı debatlar gedir. Elektrik avtomobillərinin faydalı iş əmsalı 70 faizə bərabərdir. Bu, ölkənin daha çox qənaət etməsi mənasına gəlir. Bizim üçün ən ciddi mövzu ədalətli keçiddir. Karbon emissiyalarını azaltmaq üçün daha ucuz maliyyə vasitələri tapmalıyıq".
Afaq Mirayiq,
Musavat.com