Tanınmış jurnalist Yelena Sidorenkonun evi qarət olunub.
Musavat.com xəbər verir ki, bu barədə teleaparıcı özü məlumat paylaşıb.
"Ləhiş bağları massivində bağımız var. Şəhərdə olmadığımız iki gün ərzində gördük ki, bağımızda kameralar işləmir. Qayıdan kimi yoldaşım bağa baş çəkdi. Məlum oldu ki, oğrular işıq sayğacını qırıblar və nəticədə kameralar işləməyib. Evdən kombini, samovarı və kondisioneri oğurlayıb hasarın üstündən onları daşıyıblar. Biz 102-yə məlumat vermişik.
Bu məsələ məni çox narahat etdi. Çünki elə vaxt olub ki, orada anamla, uşağımla tək qalmışam. Bu gün çox narahatam, çünki bu, qorxulu bir hadisədir. Necə olur ki, ətrafda yaşayış olan bir yerdə oğrular belə sakit, rahat kiminsə bağına girib oğurluq edə bilirlər. İnanıram ki, Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı ciddi araşdırma aparacaq, polis əməkdaşlarının səyləri nəticəsində bizdən oğurlanan əşyalar qaytarılacaq və bunu edən cəzalandırılacaq”, - o qeyd edib.
Jurnalist əlavə edib ki, məlumatı paylaşdıqdan 5 dəqiqə sonra DİN-in Mətbuat Xidmətindən onunla əlaqə saxlanılıb və bildirilib ki, məsələ nəzarətə götürülüb.
Şahanə Rəhimli
Musavat.com