Azərbaycanın Moldovadakı səfirliyində Azərbaycan və Moldovanın müharibə veteranlarının, qazilərin görüşü keçirilib.
Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyindən məlumat verilib.
Məlumata görə, oktyabrın 22-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Azərbaycanın xüsusi təyinatlılarının qaziləri, 2020-ci il Vətən Müharibəsi iştirakçıları, Vətən uğrunda canlarından keçmiş şəhid ailələrinin nümayəndələri ilə 90-cı illərdə Moldovanın ərazi bütövlüyünü uğrunda hərbi əməliyyatlarda iştirak etmiş Moldovanın veteranlarını arasında görüş keçirilib.
İlk öncə tədbir iştirakçıları Azərbaycan səfirliyinin önündəki parkda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büst-heykəli və Qələbə barelyefinin önünə gül dəstələri düzüblər.
Tədbir 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasının üçüncü ildönümünə həsr olunub. Görüşdə Moldova Baş nazirinin veteranlar məsələləri üzrə müşaviri Konstantin Kovriq, Moldova müdafiə nazirinin veteranlar məsələləri üzrə müşaviri Anatoli Koçuq, “Veteranlar liqası” İctimai Təşkilatının sədr müavini Vladimir Mixay və Moldovanın Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tərəflər görüşdə hərbi şücaətləri ilə bağlı xatirələrini bölüşüb, müharibə veteranlarına dövlət tərəfindən göstərilən dəstək, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Vətən müharibəsinin iştirakçıları Moldova tərəfinə Azərbaycanın suveren ərazisində konstitusiya quruluşunun bərpası, Azərbaycanın dövlət bayrağının Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə ucaldılması barədə məlumat veriblər. Həmçinin onlar Azərbaycanın Qarabağ bölgəsində minalardan təmizləmə və genişmiqyaslı tikinti-bərpa işlərinin aparılması məsələsinə də toxunulublar. Moldovalı qonaqlar öz növbəsində Xankəndində Azərbaycan bayrağının ucaldılması və ölkəmizin bu ərazilər üzərində suverenliyinin bərpası münasibətilə Azərbaycan tərəfini təbrik ediblər. Görüşün azərbaycanlı iştirakçıları həmkarlarını Azərbaycana rəsmi səfər etməyə dəvət ediblər.
Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov çıxış edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaət və qəhramanlığından söz açıb, ölkəmizin ərazi bütövlüyünün və azad edilmiş ərazilərdə konstitusiya quruluşunun bərpasından danışıb. Diplomat Azərbaycanın Moldovanın ərazi bütövlüyünü ardıcıl dəstəklədiyini qeyd edərək, iki dövlət arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunub.
Tədbirdə Moldova Baş nazirinin veteranlarla iş üzrə müşaviri Konstantin Kovriq çıxış edərək, gələcək əməkdaşlıq və təcrübə mübadiləsi üçün belə görüşlərin əhəmiyyətini qeyd edib.
Moldova Azərbaycanlıları Konqresinin (KAM) sədri Elçin Bayramov çıxışında qeyd edib ki, KAM gənclərin təhsil-maarifləndirmə işinə, xüsusilə Birinci və İkinci Qarabağ müharibəsinin tarixinin öyrənilməsinə xüsusi diqqət yetirir. O vurğulayıb ki, diaspor nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini böyük ehtiramla yad edirlər və Vətən Müharibəsi iştirakçılarına Vətən uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlara görə daim minnətdardırlar. “Qazilər, şəhid ailələri və xüsusi təyinatlıların qaziləri” ictimai birliyinin sədri Bəhruz Məmmədzadə Elçin Bayramova Azərbaycanın xəritəsini təsvir edən lövhəni təqdim edib.
Tədbir yerli KİV-də geniş işıqlandırılıb.
Musavat.com