Azərbaycanın Fələstinə dəstəyi: Dövlət balanslı siyasəti necə aparır

Azərbaycan Fələstinin dövlət müstəqilliyini 32 il əvvəl tanıyıb. İstər siyasi, istərsə də humanitar baxımdan İsrail-Fələstin məsələsinə Azərbaycanın münasibəti aydın və dəqiqdir. Hələ 2011-ci ildə Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə gəlişi zamanı mətbuata bəyanatla çıxışında onun səfərinin tarixi xarakter daşıdığını demişdi:

“Mən dəvətimi qəbul etdiyinizə və Azərbaycana gəldiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır.

Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Bir neçə ay bundan əvvəl Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi öz işinə başlamışdır. Bu da çox mühüm hadisədir. Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar müəyyən ediləcəkdir.

159lp84q14_6466.jpg (243 KB)

Bir daha demək istəyirəm ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıbdır. Dünya miqyasında Fələstin Dövlətinə verilən dəstək və bu dəstəyin artması onu göstərir ki, Sizin diplomatiyanız, siyasi təşəbbüsləriniz, şəxsən Sizin fəaliyyətiniz dünya miqyasında çox böyük rəğbətə malikdir”.

Göründüyü kimi, Azərbaycan daim Fələstin probleminin beynəlxalq hüquq çərçivəsində və ədalətli həllinə tərəfdar olub, indiyədək İslam Əməkdaşlıq Təşkilatında bununla bağlı qəbul edilən bütün qətnamələrə səs verib.

2017-ci ilin 13 dekabrında İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Prezident İlham Əliyev bildirib ki, Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı böyük narahatlıq yaradır.

4f4h11blae_1513168055447328372.jpg (400 KB)

“Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.

Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq".

Hətta bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev Misirdə rəsmi səfəri zamanı deyib ki, Müstəqil Fələstin dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Prezident həmçinin Qəzzadakı müharibəni tezliklə dayandırılmalı olduğunu bildirib.

Göründüyü kimi, Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq “iki dövlət” prinsipini daim dəstəkləyib.

Ölkəmiz müstəqillik qazandığı 1991-ci ildən Fələstinə imkanı daxilində birbaşa və dolayı yardımlar göstərib. Bakıda 2010-cu ildən fəaliyyətdə olan Fələstin səfirliyinin xərclərini də Azərbaycan özü qarşılayır.

2013-cü il iyunun 11-də Bakıda Qüds şəhərinə dəstək məqsədilə donor konfransı, həmçinin Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilib. Bakı 2013-cü ildən bəri Fələstin dövlətinə və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinə (UNRWA) 7 milyon dollardan çox maliyyə yardımı göstərib.

Amma bütün bunların müqabilində Azərbaycan istər ərazilərinin 30 illik işğalı zamanı, istərsə də 44 günlük müharibə zamanı bir çox ərəb dövlətlərindən dəstək görməyib, əksinə, İƏT-in Azərbaycana dəstək qətnaməsinin qəbuluna mane olmaq istəyən, Ermənistanla Azərbaycan arasında “balanslı siyasət” qurmaq istəyən ərəb ölkələri olub.

Fələstinin mərhum lideri Yasir Ərəfat isə sağlığında özünü Ərəfatyan soyadının daşıyıcısı hesab etdiyini bildirmişdi. Bu barədə Ermənistanın “Zartonk” qəzetinin redaktoru, politoloq Sevak Akopyan:

ederf.jpg (131 KB)

“Fələstin Azadlıq Hərəkatının rəhbəri Yasir Ərəfat müxtəlif vəsitələrlə fələstinlilərlə ermənilərin davasının bir olduğunu bəyan edib. O, özünü Ərəfatyan soyadının daşıyıcısı hesab etdiyini bildirib. Xalqının mübarizəsindən danışarkən, dünyanın erməniləri unutduğu kimi, onu da unutmaması üçün xalqının silahlı mübarizəyə əl atdığını söyləyib”,-deyə bidirmişdi.

Politoloqlar ASALA ilə Fələstin arasında əlaqələr olduğunu da bildirirlər. Qeyd edilir ki, Fələstinin müstəqillik hərəkatı zamanı ASALA bu ölkəyə yardım edib. Əvəzində isə bir çox ASALA rəhbəri Fələstində rahatlıqla yaşaya bilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan imkanı daxilində daim Fələstin xalqına dəstək olur. Amma bu gün Qəzzada fələstinlilərin özləri arasında birlik yoxdur. Orada 26 fraksiya bir-birinə qarşı mübarizə aparır. Bu fraksiyaların hər biri kənardan idarə olunur və ayrı -ayrı dövlətlərin ziddiyyətli maraqlarına xidmət edir. Qəzza bölgəsi HƏMAS-ın idarəçiliyi, İordan çayının qərb sahilindəki bölgə isə Mahmud Abbasın rəhbərliyi altındadır. Bunların arasında ixtilaflar var. İsrail uzun müddət idi deyirdi ki, biz danışqıları rəsmi Ramallahla aparaq, yoxsa Qəzza ilə?
Bu gün Fələstin xalqı ukraynalıların taleyini yaşayır. Hər iki dövlətdə böyük oyun gedir. Xalqlar isə bu oyunlara qurban verilir.

Bunlar öz yerində. Lakin Azərbaycan balanslı siyasət aparmağın tərəfdarıdır. İstənilən məsələdə öz milli maraqları və təhlükəsizliyini əsas götürür. Heç zaman bir dövlətə görə digər dövlətlə düşmənçilik siyasəti aparmır. Bunu tələb etmək siyasi savadsızlıq, geosiyasi reallıqları anlamamaq, dövlətçilik prinsiplərini başa düşməməkdir.

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında deyir ki, Azərbaycanla Fələstinin münasibətləri spesifik xarakter daşıyır:

2022-03-17-11-04-33r1WAdHv4sIcdg.jpg (72 KB)

“Yüzdən artıq ölkə Fələstini müstəqil dövlət kimi qəbul edir. Ancaq Fələstin BMT səviyyəsində dövlət kimi tanınmayıb. Bu dövlətin indiki vəziyyəti çox acınacaqlıdır. Burada biz dünya birliyinin, dünya institutlarının, BMT-nin zəifliyinin, iki üzlülüyünün, riyakarlığının şahidi oluruq. Qəzzada 40 mindən artıq insan dünyasını dəyişib. Onlardan 5 mini uşaqdır. Dünya birliyi bu dəhşətə susur. Bu insanlar ABŞ-nin verdiyi bombalarla tələf edilirlər. Bu, soyqırım siyasətidir. Bu zəmində Azərbaycan Fələstinin haqqını danmır. Prezident Əlcəzairdə çıxışında, Misirə səfərində açıq-aşkar bildirdi ki, Azərbaycan Fələstin xalqının yanındadır və dəstək göstərir.

Biz 30 ilə yaxın işğal altında olan torpaqlarla bağlı dünyaya çağırışlar etmişik. İndi isə Fələstin işğal altındadır. Biz bu baxımdan onu başa düşürük, bu, tanış mənzərədir. Biz buna görə də din qardaşlarımıza dəstək göstəririk. Çünki bizim də başımıza bu dərd gəlib və biz onları anlayırıq.

Doğrudur, Fələstində ermənilər yaşayır. Qəzza bölgəsində erməni məhəlləsi var. Onlar ermənilərlə münasibətlərini kəsə bilməzlər. Erməni icmaları da Fələstin Azadlıq Təşkilatına, HƏMAS-a belə dəstək göstərirlər.

Cənab prezident İlham Əliyev bu problemin məğzini, dərinliklərini gözəl bilir. Bu məsələlərdə çox həssasdır. Ona görə də siyasi, mənəvi və maddi cəhətdən də Fələstinə dəstək göstərir. Fələstinli uşaqlar bizim ali məktəblərdə təhsil alırlar. Onların təqaüdlərini Azərbaycan verir.
Biz islam camiyəsinin ayrılmaz hissəsiyik. Ərəb dünyasında bizə böyük diqqət var. Biz İsraillə dostuq, müttəfiqik, müharibədə göstərdiyi siyasi-hərbi dəstəyi unutmuruq. Amma biz Fələstin xalqı ilə də dostuq və faciəsindən xəbərdarıq. Bacardığımız qədər çalışırıq ki, BMT-nin qəbul etdiyi qətnamələr orada yer alsın”.

Şahanə Rəhimli
Musavat.com

26.08.2024 18:51
602