Azərbaycanın əsas buğda idxalı bazarında ehtiyatlar beş ilin minimumuna düşəcək

Rusiya Taxıl İttifaqının proqnozuna görə, yeni kənd təsərrüfatı ilinin əvvəlinə (2025-ci il iyulun 1-nə qədər) Rusiyada buğda ehtiyatları son beş ilin minimumuna düşəcək.

Musavat.com xəbər verir ki, bu açıqlamanı ittifaqın departament rəhbəri Yelena Türina İnterfaks-a verib.

Onun sözlərinə görə, bu il iyulun 1-nə - yeni mövsümə 20 milyon ton buğda ilə keçilib. Yeni məhsul hesabına 45 milyon tonluq ixrac potensialını və mövcud ixrac sürətini nəzərə almaqla, departament rəhbəri cari mövsümün sonuna ölkədə 14,4 milyon ton buğda qalacağını proqnozlaşdırır: “Ehtiyatlar çox azdır və onları daha da aşağı səviyyəyə endirmək riskinə dəyməz. Üstəlik, ixrac potensialının demək olar ki, yarısı artıq ixrac olunubsa, o zaman fevrala qədər (Fevralın 15-də illik ixrac kvotası tətbiq ediləcək – red.) biz lazımi ehtiyatları saxlamaq üçün daşıya biləcəyimiz balansı tapacağıq”.

Onun məlumatına görə, kənd təsərrüfatı ilinin əvvəlindən 21,3 milyon ton buğda ixrac olunub. Bazar qiymətinin ABŞ və Fransa buğdasından ucuz olması, əsas alıcılarından artan tələbatla əlaqədar olaraq, ekspert noyabr-dekabr aylarında daşımaların artacağını gözləyir.
Onun hesablamalarına görə, yeni mövsümün əvvəlində ümumilikdə taxıl ehtiyatı 32,7 milyon ton (cari ilin əvvəlində 46,3 milyon ton) təşkil edəcək.

Qeyd edək ki, Rusiya buğdasının əsas alıcılarından biri də Azərbaycandır. Azərbaycan ildə şimal qonşudan 1 milyon ton civarında buğda alır.

 

Musavat.com

24.10.2024 21:24
357