Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.
Musavat.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, büdcəyə yenidən baxılmanı şərtləndirən amillər aşağıdakılardır:
- Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
- Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;
- Bir sıra yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər, dəmiryol vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər daşımalar üzrə subsidiyaların verilməsi, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri və digər zəruri əsaslı alışlar üzrə əlavə maliyyə təminatının yaradılması;
Əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır.