2024-cü ilin 01 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcunun 6 milyard 381,0 milyon ABŞ dolları (10 milyard 847,0 milyon manat), daxili dövlət borcunun isə 6 milyard 688,0 milyon manat olmaqla ümumi dövlət borcunun 17 milyard 536,0 milyon manat təşkil etməsi gözlənilir.
Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin dövrə xarici dövlət borcunun 49,0 faizi 5 ilədək, 42,6 faizi 5-10 il ərzində, 8,4 faizi isə 10 ildən artıq müddətə kreditorlara ödənilməli olacaq.
Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9 faiz dərəcəsi ilə cəlb olunacağı nəzərdə tutulur.
2024-cü ilin 01 yanvar tarixinə daxili dövlət borcunun 40,5 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 13,0 faizi 1 illik, 66,1 faizi 2-3 illik, 20,9 faizi isə 5-7 illik istiqrazların payına düşəcək. Daxili dövlət borcuna xidmət xərcləri 265,0 milyon təşkil edəcək.
2023-cü il büdcəsində edilmiş dəyişikliklə cari ildə dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1 milyard 182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox) vəsait yönəldiləcək. 2023-cü ilin yanvar-iyun aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 430,8 milyon manat təşkil edərək dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərinin 3,1 faizinə bərabər olub. Sözügedən vəsaitin 352,7 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, o cümlədən 201,1 milyon manatı hökumət tərəfindən cəlb olunmuş xarici dövlət borcu üzrə faiz ödənişlərinin, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin (faiz ödənişləri) təmin edilməsinə yönəldilib.
Xarici dövlət borcu üzrə imzalanmış müqavilələr çərçivəsində cari ilin ilk 6 ayı ərzində 113,3 milyon manat istifadə edilib.
2023-cü ilin 01 iyul tarixinə xarici dövlət borcu 6576,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ilin sonunadək onun 195,9 milyon dollar azaldılacağı deməkdir. Hesabat dövrünə daxili dövlət borcu 4 milyard 970,3 milyon manat təşkil edib.
Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilən dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib. Hesabat tarixinə daxili dövlət borcunun 27,5 faizi 1 illik, 52,1 faizi 2 və 3 illik, 20,4 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
2023-cü ilin birinci yarısında daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları üzrə dövlət büdcəsinə 1 milyard 15,0 milyon manat məbləğində vəsait daxil olub. Bu vəsaitin 724,1 milyon manatı xarici və daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin yenidən maliyyələşdirilməsinə, 290,9 milyon manat həcmində hissəsi isə dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
Musavat.com