Dünya bazarında qiymət şərtləri Azərbaycanın buğda idxalı üçün problemlərin olmayacağından xəbər verir
2021-2022-ci illərdə qlobal ərzaq bazarında baş verən proseslər demək olar ki, bütün dünya ölkələrini ərzaq təhlükəsizliyini ön plana çıxarmağa vadar etdi. Xüsusilə strateji ərzaq məhsulları ilə özünütəminata, yaxud təhlükəsiz təminata nail olunması üçün hökumətlər müxtəlif proqramların iracına başladı. Məsələn, Azərbaycanın cənub qonşusu olan İran artıq 2025-ci ilin martında başa çatacaq cari ildə xaricdən buğda idxal etməyəcək. Bunu İranın kənd təsərrüfatı nazirinin müavini Əlirza Mohacer söyləyib. Onun sözlərinə görə, 2023-cü ilin martından 2024-cü ilin martına qədər olan keçən il ölkədə buğda istehsalının həcmi 10,5 milyon ton, buğda idxalının həcmi 1 milyon ton təşkil edib: “Lakin bu il biz özümüzü tam təmin edəcəyik və buğda idxal etməyəcəyik”. Mohaçer bildirib ki, iki il ərzində Tehran buğda idxalının həcmini 7 dəfə - ildə 7 milyon tondan 1 milyon tona qədər azaldıb...
Qlobal ərzaq qiymətləri kəllə-çarxa çıxanda Azərbaycanda da əsas strateji məhsul olan ərzaqlıq buğda ilə təminatı təhlükəsizliyin təmin olunacağı həddə çatdırmaq üçün addımlar atıldı. Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı fərmanla keyfiyyətli ərzaqlıq buğda istehsal edən fermerlərə hər tona görə stimullaşdırıcı subsidiya müəyyən edildi. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurasının qərarı ilə 2024-cü il üzrə bu subsidiyanın həcmi 100 manat olaraq müəyyənləşdirilib.
Azərbaycanın ərzaqlıq buğdaya olan illik tələbatı 1,8-2 milyon ton təşkil edir. Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehak edən ölkələr sırasındadır - ildə adambaşına 123 kq. Yeri gəlmişkən, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir.
Rəsmi statistikaya əsasən 2023-cü ildə ölkədə 1 milyon 833,8 min ton buğda istehsal edilib, məhsuldarlıq 33,8 sentner olub. Bu il üçün Azərbaycanda həmin payızlıq, həm də yazlıq buğda əkinlərinin sahəsində azalma diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,9 faiz azdır. Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkinləri 4 799,2 ha olubsa, bu il cəmi 584,3 ha sahədə belə əkin aparılıb.
Əhalisi çörək yeməyə meylli olan ölkə üçün ərzaqlıq buğda təminatında böyük ölçüdə idxaldan asılılıq ciddi təhdidlər formalaşdırır. Yerli buğda istehsalı həcmini bu təhdidləri neytrallaşdıracaq həddə çatdırmaq uzun illərdir əsas prioritetlər sırasında olsa da, bu, hələ də əlçatmaz olaraq qalır. Bunun əsas səbəbi isə buğda becərilməsində, xüsusilə suvarma sahəsində müasir texnologiyaların çox məhdud tətbiqidir. 2023-cü ildə Azərbaycanda müasir suvarma sistemi olan sahələr cəmi 98,5 min hektar təşkil edib. Bu, 1,5 milyon hektarlıq ümumi əkin sahələrinə nisbətdə çox cüzi bir göstəricidir. Hesablamalara görə, 150 min ha sahədə müasir suvarma sistemi və texnologiyaların tətbiq olunması ilə buğda yetişdirməklə, Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür.
Azərbaycan ərazisi qlobal iqlim dəyişikliyinin təsirinə ən çox məruz qaldığı ölkələrdən biridir. Rəsmi məlumata əsasən 2020-ci ildə 68.6 min ha, 2021-ci ildə 42.2 min ha, 2022-ci ildə 101.4 min ha və 2023-cü ildə 178.3 min ha sahədə əkinlər quraqlıq səbəbindən tamamilə məhv olub. Bu isə müasir və qənaətli suvarma sistemlərinin tətbiqini son dərəcə aktuallaşdırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib ki, Hacıqabul rayonunda yerləşən aqroparkda 4 mindən çox hektarda taxıl əkini aparılıb, məhsuldarlıq hər hektardan buğda üzrə 7 tona yaxın olub: “İndi müqayisə üçün deyim ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Burada - Hacıqabulda heç vaxt o sahələrdə əkin aparılmamışdır - nə sovet vaxtında, nə müstəqillik dövründə. Çünki su yox idi və torpaq da o qədər münbit deyil. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti - bütün bu amillər birləşəndə, bax, biz bu nəticəni görürük -Hacıqabulda hər hektardan 7 ton. Amma torpağı daim münbit olan yerlərdə bu rəqəm daha da arta bilər. Ancaq mən sizə deyim ki, hər hektardan taxıl üzrə 7 ton məhsuldarlıq - bu, inkişaf etmiş ölkələrin səviyyəsidir. Özü də bu, ərzaqlıq buğdadır ki, bizə ən çox lazım olan ərzaqlıq buğdadır. Biz hələ ki, idxaldan asılıyıq. Əgər bu texnologiyalar təkcə Şirvan kanalı boyunca, bax, orada göstərilən, yerləşən ərazilərdə tətbiq olunsa, onda biz idxaldan asılılığı böyük dərəcədə azaldacağıq”.
Qeyd edək ki, dövlət kənd təsərrüfatı məhsulları istehsalını iqlim amilinin mənfi təsirlərinə görə sığortalanmasına dəstək verir. Hazırda həm heyvandarlıq, həm də bitkiçilik sahəsində bu amilin təsirindən yaranan təsirin sığorta xərcinin 50 faizini dövlət ödəyir. Aqrar sığortaya cəlb olunan əkin sahələri sürətlə artır. 2023-cü ildə Aqrar Sığorta Fondunun sığortaladığı əkinlərin sahəsi 2022-ci illə müqayisədə 43 faiz artaraq 380 476 hektara çatıb. 2023-cü ildə Fondun sığorta ödənişləri 2022-ci illə müqayisədə 80 faiz artaraq 4,4 milyon manata çatıb. Bunun 3,5 milyon manatı bitkiçiliyin, 910 min manatı heyvandarlığın payına düşüb. Bitkiçilik üzrə ödənişlər 2 dəfə, heyvandarlıq sığortası üzrə 28 faiz artıb.
Ötən il bitkiçilik sığortası üzrə ən çox zərər ödənişi edilmiş rayonlar Ağdam, Şəki və Qobustan rayonları olub. Ən böyük məbləğdə sığorta ödənişləri - buğda, arpa, pambıq, qarğıdalı və gilas bitkiləri üzrə verilib. Ən çox baş verən və fermerlərə ödəniş edilən hadisələr fırtına-qasırğa, sel-subasma, dolu, 3-cü şəxslərin hərəkətləri və yanğın olub.
Rəsmi məlumata görə, cari ilin yanvar-mart ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən 323 min hektar əkin sahəsi və 882 baş kənd təsərrüfatı heyvanları sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqribən 7 faiz artıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub.
Sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 255 milyon manatdan artıq olub.
Mayın əvvəlindən müşahidə olunan kəskin hava şəraitinin əkinlərə vurduğu zərərin hesablanmasına da başlanıb. İlkin məlumata görə, kəskin hava şəraiti, güclü yağış, dolu və qar yağıntıları rayonlarda ayrı-ayrı təsərrüfatlar üzrə arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub.
Proseslərin gedişi göstərir ki, buğda təminatında təhlükəsizliyin təmin olunması ən yaxşı halda 3-4 ilə mümkün olacaq. Azərbaycan üçün buğda təminatında çətinlikləri azaldan əsas amil iki əsas buğda ixracatçısı olan ölkə - Rusiya və Qazaxıstanla qonşu olmağıdır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin yaydığı proqnoza əsasən 2024-2025-ci il mövsümündə Rusiyada buğda istehsalı 88 milyon ton, ixracı isə 52 milyon ton təşkil edəcək. Rusiyanın ən yaxın rəqibi olan Aİ-nin buğda ixracı ilə bağlı proqnoz isə 34 milyon tondur (ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz proqnozlarında Krım və Ukraynadan ilhaq edilən digər ərazilərə dair məlumatları nəzərə almır).
Nazirliyə görə, yeni kənd təsərrüfatı ilində qlobal buğda istehsalı 798,19 milyon ton, yemlik taxıl 1 milyard 512,62 milyon ton, qarğıdalı 1 milyard 219,93 milyon ton səviyyəsində qiymətləndirilir.
Buğda istehsalının artması onun dünya bazar qiymətinin əlverişli həddə qalmasını təmin edir. Dünya Bankının əmtəə bazarları ilə bağlı hesabatına əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır. DB-nin proqnozuna görə, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 35 dollar azdır. Beləliklə, bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8 faiz, 2025-ci ildə isə 1,7 faiz azalacaq.
Göründüyü kimi, hələlik dünya bazarında qiymət şərtləri Azərbaycanın buğda idxalı üçün problemlərin olmayacağından xəbər verir. Lakin hökumətin mövcud əlverişli bazar şərtlərinə arxayın olmayıb, ərzaqlıq buğda istehsalının artırılması istiqamətində fəaliyyətlərdə müntəzəmliyi təmin etməsi çox vacibdir. 2022-ci ildə Ukraynada müharibə başlayan zaman təminatda çətinlik yaranmasa belə, qlobal bazarların reaksiyası kəskin oldu, dünyada aclıq təhlükəsi dəfələrlə gücləndi. Nəticədə qiymətlər ən yüksək həddə çatdı. Nəzərə alsaq ki, dünya bazarının ən böyük buğda ixracatçısı olan Rusiya hazırda bütün Qərb tərəfindən izolyasiya olunur, onda münasibətlərin dünya ərzaq bazarını daha bir böhrana sürükləməyəcəyinə təminat olmadığını söyləyə bilərik.
Dünya SAKİT,
“Yeni Müsavat”