Türkiyədə respondentlərin 52,5%-i ABŞ-ı ölkə üçün ən böyük təhlükə sayır. Ardınca İsrail (19,2%), Suriya (3,0%), Rusiya (2,7%), İran (2,3%), Yunanıstan (1,2%), Almaniya (1,2%), Çin (0,7%) və Fransa (0,02%) gəlir. Bu barədə MetroPOLL-un 2025-ci ilin yanvarında keçirdiyi sorğunun nəticələri ilə bağlı məlumatda deyilir.
Bundan əlavə, respondentlərin 3,8%-i düşmən qismində başqa ölkələrin adını çəkib. 1,0%-i Türkiyənin təhlükə altında olmadığına inandığını söyləyib, 12,1%-i isə cavab verməkdə çətinlik çəkib. Bəs görəsən eyni sorğu Azərbaycanda keçirilsə, nəticə necə olar? Yəqin ki, 1-ci sırada ABŞ yer almaz. Bəs hansı ölkə alar - Ermənistan, İran, yoxsa Rusiya? Qardaş ölkədə ABŞ niyə ən təhlükəli dövlət sayılır?
Sona Əliyeva
“Yeni Müsavat”a danışan siyasi təhlilçi Sona Əliyeva STM-in bu cür sorğuları Azərbaycanda keçirməsinin vacibliyini önə çəkdi: “Türkiyədə bu cür sorğular mütəmadi keçirilir və ölkənin metropolundan ən ucqar nöqtələrindəki vətəndaşlarına qədər hər kəsin fikri öyrənilir. Bizdə bu cür sorğular, demək olar ki, yox dərəcəsindədir. Əslində bizdə də bu kimi sorğuları Sosial Tədqiqatlar Mərkəzi ilin dörd fəslində keçirməlidir. Bəli, Türkiyə üçün ən təhlükəli dövlət ABŞ sayıla bilər. Çünki Ankaranın müttəfiqi sayılan Vaşinqton açıq şəkildə PKK terrorçularının hamisi kimi çıxış edib. İsraillə düşmənçilik isə sırf Fələstin məsələsinə görədir. Burada həm də Osmanlı varisliyi məsələsi var. Çünki yüz il öncəyə qədər İsrail və Fələstinin yerləşdiyi ərazilər Osmanlının nəzarətində idi. İlk üçlüyü Suriyanın tamamlaması isə şübhəsiz ki, Türkiyədəki suriyalı qaçqınlarla bağlıdır. 3-4 milyonluq qaçqın ordusu son 10 ildə Türkiyə iqtisadiyyatına böyük təhlükələr yaradıb. Azərbaycanda isə vəziyyət fərqlidir. Birinci düşmənimiz hələ də Ermənistandır. Çünki İrəvanla Bakı arasında hələ də sülh sazişi imzalanmayıb. Yəni revanşist qüvvələr hələ də Ermənistanda qalmaqdadır və onlar Azərbaycan üçün hələ də xüsusi təhlükə olaraq sayılır. Şübhəsiz ki, ilk üçlüyü müvafiq olaraq Rusiya və İran tamamlayacaq. Üstəlik, ölkəmizdə Rusiya və İran sevdalıları da kifayət qədərdir. Üstəlik, Fransa, Yunanıstan və Hindistan kimi kölgə düşmənlərimiz də mövcuddur. İsrail və Pakistan isə nüvə dövlətləri olsa da bizim üçün təhlükə mənbəyi yox, müttəfiq ölkələrdir. Fikrimcə, ABŞ və İsrail hələ uzun illər Türkiyə cəmiyyətində düşmən ünsür kimi xatırlanacaq. Bizdə isə bu mövqedə Rusiya və İran qərarlaşıb”.
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev də fərqli düşünmür: “ABŞ-ın təhlükəli dövlət olub-olmaması ilə bağlı dünya dövlətlərində insanların müxtəlif yanaşmalaırı həmişə mövcud olub. Bu yanaşmalar isə ABŞ-ın həmin dövlətlərə təsir imkanlarından, münasibətlərin mənfi ya müsbət olmasından asılı olub. Azərbaycanda belə bir sorğu keçirilərdisə, ABŞ-ı təhlükəli dövlət kimi göstərənlərin sayı çox az olardı. Respondentlər, sözsüz ki, real təhlükə gözlədikləri dövlətlərin adını daha çox çəkərdilər. Azərbaycan əhalisi isə belə bir təhlükəni daha çox Rusiya və İrandan gözlədiklərini deyə bilərlər. Ermənistanı da təhlükə kimi göstərənlər olacaq. Amma 44 günlük müharibənin qalibi olaraq Ermənistanın hər hansı ciddi təhlükə törədə biləcəyini ehtimal edənlər az olar. Çünki Ermənistan indiyədək kənar dövlətlərə arxalanaraq onlardan yardım almaqla təhdidlər nümayiş etdirib. Məhz o səbəbdən ilk növbədə həmin kənar dövlətlər təhlükə mənbəyi kimi dəyərləndirilir. ABŞ-ın indiyədək Azərbaycanın milli təhlükəsizliyinə, ərazi bütövlüyünə hər hansı ciddi təhdid yaratmadığını nəzərə alsaq, anoloji sorğu keçiriləcəyi halda onun daha az faiz toplayacağını düşünürəm. Bu da son 33 ildə ölkəmizin başına gələn problemlərdə, faciələrdə ABŞ-ın rolunun görünməməsi ilə əlaqədardır. Dediyim fikirlər bu günə aiddir. Gələcəkdə baş verə biləcək hadisələrdən dolayı fərqli fikirlərin və münasibətlərin yaranacağı da istisna deyil”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”