Ermənistan Hindistan və İranın dəstəyi ilə “sərfəli” marşrut düşünüb, amma layihənin heç 2035-ci ildə də baş tutması mümkün görünmür...
“Ermənistan qüsursuz yüksəksürətli marşrut yaratmaq, həmçinin yeni logistik marşrutlar və qovşaqların işə salınması üzərində işləyir. Yaxın vaxtlarda Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət yolunun işə düşməsi üçün üçtərəfli görüş baş tutacaq”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Sputnik Ermənistan”a logistika şirkətlərindəki mənbələrdən məlum olub.
Görüşün İranda reallaşacağı deyilir. Üç ölkənin nəqliyyat sektorunun nümayəndələri Çabahar limanının infrastrukturu ilə tanış olacaq, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər.
Daha əvvəl Ermənistan İqtisadiyyat Nazirliyindən bildirilmişdi ki, yeni marşrutlardan istifadə Ermənistanın ticarət potensialını artıracaq. İrəvanın Hindistana, eləcə də Cənub-Şərqi Asiyanın perspektivli bazarlarına etibarlı çıxışı olacaq.
Xatırladaq ki, marşrut Körfəz ölkələri və Hindistandan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ölkələrinə yüklərin daşınmasını nəzərdə tutur. Belə ki, Hindistanın Mumbay limanından yüklər Çabahar limanına (İranın cənub-şərqi), sonra quru yolu ilə Ermənistana (avtomobil və dəmiryolu ilə), oradan Gürcüstana, oradan Bolqarıstan və ya Yunanıstan limanlarına, ya da Rusiyaya (dəniz limanları və ya “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə) çatdırıla bilər.
Ermənistandan keçən marşrut öz mallarının tədarükünü diversifikasiya etmək istəyən İran və Hindistan üçün vacib olduğu deyilir. Dəniz logistikası hazırda mürəkkəbdir. İran və Ermənistandan keçən marşrut Hindistan və Körfəz ölkələrinə logistika xərclərini 25 faiz, daşıma müddətini isə demək olar, yarıbayarı (Süveyş kanalı vasitəsilə olan 40 gündən 18 günə qədər) azaltmağa imkan verə bilər.
“Belə olan halda Ermənistan özü də mühüm tranzit qovşağına çevriləcək. Ermənistandan keçən dəhlizin özü isə Hindistana Qara dəniz limanlarına, eləcə də daha qısa marşrutla AİB bazarına çıxış əldə etməyə imkan verəcək”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin əsası 2000-ci ildə qoyulub. Uzun illər boyu əsas iştirakçılardan biri olan Rusiyanın iqtisadi marağı olmadığına görə layihənin icrası istiqamətində ciddi addımlar atılmayıb. Lakin 2022-ci ildə Ukraynadakı işğalçı müharibəyə görə Qərbin sanksiyalarına məruz qalan Rusiya ticarət əlaqələrinin istiqamətini Asiyaya - Çin və Hindistana yönəltməyə başladı. Çinlə birbaşa sərhədi olduğuna görə bu ölkə ilə ticarətin genişləndirilməsi imkanları da genişdir. Lakin Hindistanla sərhədin olmaması Rusiyanın diqqətini Şimal-Cənub Nəqliyyat Dəhlizinə yönəldib. Bu marşrutla Hindistandan yükləri daha rahat və qısa müddətə əldə etmək imkanının olduğunu görən Moskva onun inkişafına vəsait yatırmağa başlayıb. Xüsusilə də dəhlizin qərb qolu - Hindistan-İran-Azərbaycan yolunun ötürücülük imkanlarının genişləndirilməsi üçün ciddi addımlar atılır. Çünki bu qol Xəzər dənizi və Türkmənistan-Qazaxıstan ərazisindən keçən Mərkəz və Şərq qollarından xərc və çatdırılma müddəti baxımından ən səmərəlisidir. 2023-cü ilin mayında Rusiya ilə İran arasında İran ərazisində Rəşt-Astara dəmiryol xəttinin tikintisinin icrası üçün müqavilə imzalanıb. Moskva bu iş üçün Tehrana 1,2 milyard avro dəyərində dövlət krediti də ayırıb. Dəmiryol xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Azərbaycan hazırda ŞCD çərçivəsində infrastrukturun gücləndirilməsi üçün bir sıra mühüm layihələr həyata keçirir. Bura ilk növbədə dəmiryol sisteminin potensialının artırılması aiddir. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin bununla bağlı 2026-cı ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovun jurnalistlərə verdiyi məlumata görə, Bakı-Astara dəmir yolu istiqamətində xüsusi plan üzə 2025-ci ildən layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir. O vurğulayıb ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzə həyata keçirilir.
R.Rüstəmovun sözlərinə görə, hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur: “Növbəti ilin birinci yarım ilində bu istiqamətdə işlərin sona çatdırılması planlaşdırılır”.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə ŞDC ilə yüklərin Asiyadan Avropaya və əksinə, Süveyş kanalından keçən marşrutdan ən azı 10 gün tez çatdırılacağını bildirib. Onun sözlərinə görə, dəhlizə qoyulan vəsaitlər özünü artıqlaması ilə doğruldacaq, çünki çox gəlirli olacaq.
Ermənistanın belə mühüm əhəmiyyətli və gəlirli layihənin iştirakçısı olmaq istəməsi təbiidir: uzun illər boyu bütün regional əhəmiyyətli layihələrdən kənarda qalan İrəvan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra iqtisadi məsələləri, regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı ön plana çıxarır. Bu baxımdan, Ermənistan həm də hərbi-siyasi əməkdaşlıq qurmuş olduğu Hindistan və ənənəvi himayəçisi olan İranın potensialından istifadə etməyə çalışır.
Məlumdur ki, Hindistan İrandan icarəyə götürdüyü Cabahar limanında operatorluq təklif edib. 2023-cü ilin dekabrında Hindistanın İranla birgə inkişafında iştirak etdiyi limana Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan baş çəkib. “Biz Ermənistan tərəfdən təfərrüatı gözləyirik və konkret təkliflər daxil olanda onları mütləq nəzərə alacağıq”, - nazir bildirib.
Eyni zamanda Hindistandan yüklərin pilot qaydada dəhlizlə Ermənistana çatdırılmasına da başlanıb. İlkin mərhələdə sırf Ermənistan üçün nəzərdə tutulan malların daşınması nəzərdə tutulur. Bu daşımaların artırılması üçün Ermənistan öz ərazisində İran sərhədindən Gürcüstan sərhədinə qədər - uzunluğu 556 km olan Şimal-Cənub avtomagistralının tikintisini başa çatdırmalıdır. Avtomagistralın ön plana çıxmasına səbəb Ermənistanın dəmiryol sisteminin İran sistemi ilə əlaqəsinin olmamasıdır. Sovet dövründə Naxçıvan vasitəsilə təmin olunan əlaqə çoxdan ermənilərin özləri tərəfindən sıradan çıxarılıb. Avtomobil yoluna gəlincə, Ermənistan onun tikintisinə 2009-cu ildən başlayıb, hələ heç yolun 50 faizi belə hazır deyil. Müxtəlif xarici qurumlardan alınan kreditlər hesabına yolun bir neçə hissəsində tikinti işlərinə başlanılıb, lakin aşkarlanan korrupsiya faktları üzündən hələ də tikinti tamamlanmayıb.
Yolun ayrı-ayrı hissələrinin tikintisinə ayrı-ayrı maliyyə qurumlarından kreditlər alınır. 2022-ci ilin iyununda Ermənistan rəsmiləri yolun Kacaran-Aqarak hissəsinin tikintisinin maliyyələşməsi üçün Avrasiya İnkişaf Fondunun 154 milyon dollar kredit ayırdığını elan ediblər. Bildirilib ki, bu hissənin tikintisi 2023-cü ilin sonunadək yekunlaşacaq. Lakin 2023-cü ilin oktyabrında məlum olub ki, Ermənistanla İran yolun həmin sahəsinin tikintisinə dair müqavilə imzalayıblar. İmzalanma mərasimində İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın verdiyi məlumatdan aydın olur ki, 32 km-lik yolun tikintisi 210 milyon dollara başa gələcək və bu vəsaiti tamamilə İran maliyyələşdirəcək. Yolun tikintisini də İran şirkətləri həyata keçirəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək başa çatdırılacağı deyilir. İran həmçinin Ermənistanla sərhəddə Araz çayı üzərində yeni körpünün tikintisini reallaşdıracaq.
İyul ayında Ermənistan hökuməti Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi kimi Kacaran tunelinin tikintisi üçün kredit layihəsinin imzalanmasını təsdiqləyib. 200 milyon dollar kredit Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən veriləcək. İclasda ərazi idarəetmə və inkişaf naziri Qnel Sanosyan bildirib ki, hökumət özü də layihə üçün daha 194 milyon dollar ayıracaq. Marşrutun cənub hissəsində, Qacaran şəhəri yaxınlığında (İran sərhədi ilə Sisian şəhərinin yarısı) 7 km uzunluğunda tunelin tikintisi planlaşdırılır. Avrasiya Bankının digər krediti ilə (həmçinin Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun xətti ilə verilir) Şimal-Cənub magistralının ən cənub hissəsi də tikilir: Meğridən (İran sərhədi yaxınlığında) Kacarana ( Kacaran tunelinə giriş).
Yolun üzərində tikiləcək daha bir tunel Bərgüşat adlanır. O, yolun Kacaran-Sisian hissəsində tikiləcək. Burada tikinti işlərinin bir hissəsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından kredit cəlb edilib.
Hesab olunur ki, yolun ən çətin hissəsi Sisian-Kacarandır. Burada ümumi uzunluğu təxminən 16 kilometr olan iki böyük tunel tikilməlidir. Qaya içərisində çoxsaylı partlayışlar ciddi çökmələrə səbəb ola bilər. İşin altı il çəkəcəyi gözlənilir.
AYİB-in may ayında yaydığı açıqlamaya görə, bank Şimal-Cənub magistralının Sisian-Kacaran yolunun cənub hissəsinin tikintisini maliyyələşdirəcək: 236 milyon avro dəyərində kredit sazişi imzalanıb.
Qeyd edilir ki, Sisian-Kacaran yolu İran sərhədindən Ermənistana qədər olan mövcud yolu əhəmiyyətli dərəcədə qısaldacaq: Kacarandan Sisiana qədər olan məsafə 118 km-dən 60 km-ə enəcək, orta gediş sürəti isə 50-dən 100 km-ə yüksələcək. Yeni yol üç hissəyə bölünür: şimal, mərkəzi (Bərgüşat tuneli) və cənub. AYİB-in krediti ilə 24,2 km uzunluğunda cənub hissəsi - Kacarandan gələcək Barguşat tunelinə qədər bir neçə kilometr uzunluğunda tikiləcək. Bu hissədə 5 kiçik tunel və 11 körpü tikiləcək. İşlərin 2030-cu ilin noyabrında başa çatdırılması planlaşdırılır.
Sisian-Kacaran avtomobil yolu çərçivəsində 27 körpü və 9 tunel tikiləcək. Layihənin ümumi dəyəri təxminən 1 milyard dollar qiymətləndirilir. Bu yolun digər hissələrinin tikintisinin də Avropa İnvestisiya Bankı (AİB), Asiya İnkişaf Bankı (AİB) və Ermənistan hökuməti tərəfindən maliyyələşdiriləcəyi gözlənilir.
2022-ci ildə Ermənistan rəsmiləri ümumilikdə avtomagistralın tikintisinin ölkə büdcəsinə 3,5 milyard dollara başa gələcəyini açıqlamışdılar. O da o halda ki, 2022-2023-cü illərdə bütün sahələrin tikintisi üzrə müqavilələr imzalansın. Bu şərtlər daxilində yolun tikintisinin 2030-cu ilədək başa çatdırılması planlaşdırılırdı. Lakin artıq erməni iqtisadçı-ekspertlər bu müddətə işlərin başa çatdırılmasını real saymayaraq işlərin minimum 2032-2033-cü illərdə yekunlaşacağını gözləyirlər.
Təhlillər onu deməyə əsas verir ki, Ermənistan yenə xam xəyallara düşüb. Azərbaycanın iştirakı olmadan, ondan yan keçəcək layihələrdə hər hansı uğur mümkünsüzdür. Digər tərəfdən, bu utopik yolun heç 2035-də də hazır olacağı inandırıcı deyil.
Dünya SAKİT,
“Yeni Müsavat”