Azərbaycandan Avropaya enerji ixracı - addım-addım irəliləyiş

İxracın birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq

Azərbaycan azalan neft gəlirlərini elekrtik enerjisi və yaşıl enerji ixracından əldə olunacaq gəlirlərlə əvəz etmək niyyətindədir. Bu ixracın əsas bazarı isə Avropa olacaq. Ötən ilin iyulunda Bakıda Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Ölkəmizdən Avropaya təbii qazla yanaşı, elektrik enerjisi və yaşıl enerjinin də ixracını nəzərdə tutan memorandumda nəzərdə tutulan müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə qoyulub. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır”.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təkcə təbii qaz  ixracının həcmini artırmaqla yekunlaşmır - AZƏRTAC

Onu da bildirək ki, Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb.

Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

Azərbaycan ötən il Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı şirkətləri ilə ümumi istehsal gücü 450 mVt olan külək və günəş elektrik stansiyalarının qurulmasına dair müqavilə imzalayıb, hər iki stansiyanın 2 ilə istifadəyə verilməsi nəzərdə tutulur. Bp şirkəti isə Cəbrayıl rayonunda 240 mVt-lıq günəş stansiyası qurur. Azərbaycanın ən böyük elektrik stansiyası olan “Azərbaycan” İES-də aparılan işlər burada da istehsal gücünün kəskin artımına gətirib çıxaracaq. Beləliklə, yaxın 2-3 il ərzində Azərbaycanın elektrik enerjisi ixracı potensialı kəskin artacaq. Bu isə Qara dənizin dibi ilə çəkiləcək kabellə ötürüləcək enerji gücünün təmin olunmasına imkan verəcək.

Azərbaycanın Avropa ilə genişlənən enerji tərəfdaşlığı, İtaliyanın xüsusi  önəmi

Energetika Nazirliyinin məlumatına əsasən 2023-cü ilin yanvar-iyun aylarında ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 381,2 milyon kVtəst, yəni 2,8 faiz artaraq 13 milyard 907,9 milyon kVtəst olub.

Altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 12 milyard 826,1 mln. kVtəst, SES-lərdə 891,0 milyon kVtəst, digər mənbələr üzrə isə 190,8 milyon kVtəst təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 31,7 milyon kVtəst, günəş elektrik stansiyalarında 32,3 milyon kVtəst, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 126,8 milyon kVtəst elektrik enerjisi istehsal edilib.

Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, bu ilin birinci yarısında elektrik enerjisi ixracı 2,8 milyard kVt\saatdan yuxarı olub ki, bundan ölkə 314 milyon dollardan yuxarı gəlir əldə edib.

Bu günlərdə Buxarest şəhərində Azərbaycandan Avropaya yaşı enerjinin ixracı istiqamətində daha bir addım atılıb. Belə ki, “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib. Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Bolqarıstanın və Avropa Komissiyasının nümayəndələri də iştirak edib.

İclasda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq.

İclasda layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırılmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib, həmçinin “Xəzər dənizi - Avropa İttifaqı yaşıl enerji dəhlizi”nin texniki tapşırığı təsdiq edilərək layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib.

Yazını hazırladı: Dünya SAKİT

29.07.2023 08:40
759