Analitik: “Bir ölkə ki, qonşusunun səfirliyinə terror, millət vəkilinə, icra başçısına sui-qəsd təşkil edir...”
“Sionistlərin region ölkələrindəki diplomatik mərkəzlərindən birini, ən yaxşısı, Azərbaycandakı səfirliyini açıq və birbaşa hədəfə almaqla İsrailə cavab verməyi təklif edirəm”.
“Yeni Müsavat”ın məlumatına görə, İran parlamentinin sabiq üzvü Cəlal Rəşidi Koçi İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücumla bağlı paylaşımında bu səfeh təklifi irəli sürüb. Keçmiş deputat sosial şəbəkə səhifəsində onu da bildirib ki, “sionistlərin İran torpağına hərbi hücumuna istənilən başlıq altında qəti və bənzər cavab verməkdə süründürməçilik, səbr və gecikmə İranın böyük adına, nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir”. Onun bu təhdidi güney azərbaycanlılar tərəfindən qəzəblə qarşılanıb. Təbrizin yerli nəşri “Azərəncümən”in Kuçinin təhdid mesajını dərc etməsindən sonra yüzlərlə yerli sosial media istifadəçisi buna cavab yazıb. Kuçinin təklifinə “Bu, İranın İsrail qarşısında acizliyini göstərir, İsrailə cavab verə bilməyənlərin Azərbaycanı hədələməsi gülüncdür”, “Azərbaycan Respublikasına hücum Təbrizə hücum deməkdir” və başqa bu kimi cavablar yazılıb.
Qeyd edək ki, İsrail aviasiyası Dəməşqdəki İran konsulluğunun binasına zərbə endirib. İranın Suriyadakı səfiri Hüseyn Əkbəri İsrailin "F-35" qırıcılarından 5 raket atdığını və konsulluq binasının tamamilə darmadağın edildiyini bildirib. Onun sözlərinə görə, iranlı diplomatlar ölüb, dəqiq nə qədər adamın öldüyü dağıntılar tam təmizləndikdən sonra bilinəcək. SEPAH isə artıq iki generalının, 5 zabitinin öldüyünü təsdiqləyib.
Tehranın bunun əvəzində Azərbaycandakı hansısa məkanı hədəf almaq barədə düşünməsi əqli qabiliyyətini itirməsi anlamına gəlir. Dəməşqin qərbində yerləşən İran konsulluğu İran səfirliyi ilə Kanada səfirliyinin düz ortasındadır və demək olar ki, arasında məsafə yoxdur. İsrail zərbə endirdiyi vaxt konsulluq ərazisində SEPAH-ın məşhur briqada generalı Zahidi və müavini, o cümlədən yüksək rütbəli zabitlər orada olub. Belə məlum olur ki, İsrail dəqiq kəşfiyyat məlumatı ilə hərəkət edib, konsulluqda mühüm toplantı olduğunu bilib və iki səfirliyin arasında yerləşən konsulluq binasına ardıcıl 5 olduqca dəqiq zərbə endirib. Ancaq bunun heyfini İsraildən çıxa bilməyənlərin Bakını hədəf alması acizlikdən xəbər verir. Onlardan fərqli olaraq, Azərbaycan aciz deyil və təhdidlərə heç zaman boyun əyməyib. Necə ki bir müddət əvəvl Araz çayı üzərində təlimlərlə, Bakıya hədyanlar səsləndirməklə bizi qorxuda biləcəklərini düşünürdülər, artıqlaması ilə cavabını aldılar. İndisə İsrailin Bakıdakı səfirliyini vurmağa çağırış etmək birmənalı şəkildə təxribatdır. İsrailin başqa ölkələrin ərazilərində də diplomatik korpusu var, niyə məhz Azərbaycanın adı çəkilir?! Misal üçün, İsrailin Ermənistanda da səfirliyi fəaliyyət göstərir. Başıpozuq iranlı eks-deputat nə üçün İrəvanın adını çəkmir? Çünki Tehran rəsmilərinin dediyi kimi, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. Azərbaycanı “sionist rejimi” sərhədlərə yerləşdirməkdə ittiham edən fars rejimi aprelin 5-də onun düşmənləri olan - Aİ və ABŞ-ın Paşinyan tərəfindən regiona necə cəlb olunduğunu görmək istəmir, di gəl, Bakıda olan İsrail səfirliyini vurmağa çağırırlar.
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğluna görə, Cəlal Rəşidi Kuç İsraildən intiqam alınması vacibliyindən danışarkən absurd və təxribatçı təklif irəli sürüb: “Onun cümləsindəki "daha yaxşısı" söz birləşməsi atmacadır, yəni yenə də İsraillə Azərbaycan arasındakı tərəfdaşlığa işarə edirlər. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu azmış kimi indi də İsrailin Azərbaycandakı səfirliyinə terror həyata keçirməyə çağırış edirlər. Buna ciddi yanaşmaq lazımdır. Bu cür təxribatçı çağırışlara İranı idarə edənlər sakit yanaşırlarsa, demək, elə özləri də həmin sabiq deputat kimi düşünürlər. Bütün hallarda Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var".
Politoloqun əlavələrinə görə, ABŞ-ın İran üzrə elçisi Abram Paleyin Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər Yaxın Şərqdə baş verən hadisələr, Tehranın Cənubi Qafqazdakı rolu ilə bağlıdır: “Amerikalı diplomat Prezidentin köməkçisi Hikmət Hacıyevdən sonra Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə də görüşübsə, əsas mövzunun məhz İranın siyasəti olduğu bəllidir. Vaşinqton Tehranın bölgədəki planlarından narahatdır. ABŞ elçisinin İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşməsi və İran rejiminin regionda sabitliyi pozan davranışları barədə müzakirələr aparması isə İsrail-İran qarşıdurması ilə bağlıdır. Vaşinqton hesab edir ki, Tehran İsrailin İranın Suriyadakı konsulluğuna raket hücumunun intiqamını almaq üçün Cənubi Qafqazdakı "imkanlarından" da istifadə edə bilər. Təsadüfi deyil ki, iranlı keçmiş deputatlardan biri İsrailin Azərbaycandakı səfirliyinə hücum təşkil etməyə çağırıb".
Ekspertin sözlərinə görə, bu çağırış Azərbaycanla yanaşı ABŞ və İsraili də ciddi narahat edib: “Bir ölkə ki, qonşu ölkənin millət vəkilinə qarşı sui-qəsd təşkil edir, kəşfiyyat şəbəkəsi vasitəsilə icra hakimiyyətinin başçısını öldürmək istəyir, həmin ölkədən başqa təhlükəli addımlar da gözləmək mümkündür. Ona görə mümkün təhlükəyə qarşı mübarizədə xəbərləşmə vacibdir. Bununla yanaşı, Vaşinqton İran-Ermənistan münasibətlərindən narahat olmalıdır. Çünki məhz Ermənistan İranla eyni mövqedən çıxış edir”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”