Biri çaya atır, o biri yandırır, bir başqası balkonda- hansı ölkənin təcrübəsindən istifadə etməli?
Bakıətrafı ərazilərdə, o cümlədən respublikanın rayonlarında tullantıların yığılması ilə bağlı problem özünü göstərir. Belə ki, bir çox qəsəbələrdə sakinlər tullantıları atmağa zibil qutuları tapmadığından onları ya evlərin, məhəllələrin kənarına atır, ya da həyətdə torpağa basdırır. Çoxmərtəbəli binalarda isə sakinlərin tullantıları yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi tullaması halları hələ də özünü göstərir. Yaxud şəhərətrafı qəsəbələrdə zibil qutuları bir çox hallarda “əlçatmaz” məkanlarda-yağışda palçığı dizə çıxan yerlərdə qoyulur ki, sakinlər də belə qutulara “yan ala” bilməyib zibilləri hara gəldi atırlar.
Tullantıların idarə olunması səviyyəsi qənaətbəxşdirmi? Dünya miqyasında mövcud problemlərdən biri də ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu, respublikamız üçün də olduqca aktual olub, həlli vacib problemlərdəndir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neft-kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır.
Adıçəkilən birləşmələr təbii mühitə, o cümlədən insan sağlamlığına uzunmüddətli neqativ təsir göstərən havada uzun müddət asılı qalan, çətin parçalanan və tərkibində zəhərli birləşmələr olan təhlükəli maddələrdir.
Yeri gəlmişkən, Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodlarının fəaliyyətə başlamasından sonra bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Bu işin digər şəhərlərdə də tətbiqinə çox böyük ehtiyac var.
Sənaye tullantılarının idarə olunması problemləri artan tullantıların istehsalı, məhdud məhv etmə qabiliyyəti, artan zərərsizləşdirmə xərcləri və yeni atma müəssisələrinin yaradılmasına reaksiya kimi səbəblərdən bu gün bütün dünyada insanların diqqətini çəkir. Tullantıların idarə olunması sahəsində rəsmi və qeyri-hökumət təşkilatları, səmərəli və ekoloji cəhətdən qoruyucu həllər inkişaf etdirmək üçün mübarizə aparırlar. Tullantıların miqdarı artdıqca, xüsusilə təhlükəli tullantıların idarə edilməsində strategiyaların hazırlanması getdikcə daha vacib hala gəldi.
İsveçdə zibil qıtlığıdır və hətta xaricdən zibil idxal edirlər. Çünki hökumət məişət tullantılarının utilizasiyası ilə bağlı məsələni o qədər mükəmməl şəkildə nizamlayıb ki, ölkədə zibil qıtlığı yaranıb. Məcbur olub xarici ölkələrdən zibil almalı olublar.
Bu ölkədə çoxdandır ki, bütün tullantılar və yanacaq təkrar emal olunur. Məsələn, plastik materiallar 7 dəfə təkrar emal oluna bilir və bundan sonra da yanacaq kimi elektrik stansiyasına göndərilir. Əhali arasında daim maarifləndirmə işi aparılır və onlara tullantılardan düzgün istifadə yolları öyrədilir.
Hər bir ailənin sərəncamında zibillərin çeşidlənməsi üçün 6 və ya 7 ədəd zibil qutusu var. Burada plastik materiallar, kağız, şüşə, karton, metal və digər materiallar ayrıca toplanır. Daha bir qutu isə təkrar emal edilə bilməyən tullantılar üçün nəzərdə tutulur. Stokholmda hətta balaca uşaq da konfet kağızını yanlış konteynerə atmır. Uşaq bağçaları və məktəblərdə zibilin düzgün şəkildə çeşidlənməsi öyrədilir və qutulardan qeyri-düzgün istifadəyə görə cərimə nəzərdə tutulur.
Televizorlar, divanlar, tikinti materialları kimi böyük əşyalar xüsusi stansiyalara gətirilir. Orada məhsullar hissələrə ayrılır və istehsalçılara satılır. Stansiyalarda həmçinin boyalar, turşu və digər təhlükəli maddələr ayrılır və daha sonra kimyəvi maddələr emal edən xüsusi fabrikə göndərilir.
İsveçdə son illər binaların sökülməsində “dekonstruksiya” adlı yeni üsuldan da istifadə olunur. Məsələn, köhnə bir binanın sökülməsi zamanı maşınlar əvvəlcə divarları parçalayaraq yenidən istifadə üçün tikinti materialları halına gətirmək üçün xüsusi stansiyaya aparırlar. Beləliklə, köhnə ev yeni evə çevrilir.
Metal və plastik bankalardan da pul qazanmaq mümkündür. Bunun üçün onları qəbul məntəqələrinə təhvil vermək lazımdır. İsveçdə, bütün Avropa ölkələrində olduğu kimi, butulkalar xüsusi qurğuya atılır və bunun əvəzində oradan pul çıxır. Bu ölkədə həmçinin istifadə müddəti bitmiş həbləri də atmırlar, onları apteklərə təqdim edirlər. Bura həm də istifadə olunmuş şprislər və iynələr də daxildir.
Ölkə daxilində zibillərin daşınması 1961-ci ildə istifadəyə verilmiş yeraltı kanal vasitəsilə həyata keçirilir. Belə bir zibil qurğusunun əsas hissəsi yeraltı yerləşir və ölkə əhalisi onun yalnız üst hissəsini görür.
Hazırda İsveçdə tullantıların olmaması tullantılarla bağlı yeganə problemdir. Bütün zibillərin yalnız 7 faizi yararsızdır, qalan hissəsi isə yandırılır və ya təkrar emal olunur. Beləliklə, təkcə tullantılar hesabına Stokholm tələb olunan elektrik enerjisinin 45 faizini əldə edir. Tullantıların qıtlığı isə əhali üçün böyük problem yarada bilər, çünki isveçlilər məhz tullantılardan alınan enerji ilə evlərini qızdırırlar və elektrik enerjisi əldə edirlər. Problemi həll etmək üçün qonşu Norveç İsveçə kömək etməyə hazır olduğunu bəyan edib. Hər il bu ölkədən İsveçə 800 min ton zibil ixrac olunacaq.
İsveçlilər ölkənin yandırılmaya və təkrar emala yaramayan zibillərin miqdarını azaltmaqla yanaşı, həm də emal zamanı atmosferə buraxılan zərərli qazların miqdarının minimum səviyyədə olmasını təmin etməyə çalışırlar. Yandırılma zavodlarında istifadə edilən ən son texnologiyalar sayəsində atmosferə buraxılan qazların miqdarı 1 faizdən çox olmamalıdır.
Bölgələrdə sakinlər zibil konteynerləri tapa bilmədiklərinə görə məcburiyyətdən tullantıları çay qırağına, ağacların dibinə, boş ərazilərə, arxlara, yol kənarlarına atırlar. Zibillərin yığılması çay yatağının daralmasına gətirib çıxarır, həm də ciddi fəsadlara səbəb olur. Paytaxt Bakıda artıq bu problem həll olunub, müvafiq zavod tikilib, tullantıların idarə olunması və təkrar emalı yüksək standartlarla həyata keçirilir.
Rayonlarda, kəndlərdə tullantıların idarə olunmasına müvafiq icra hakimiyyətləri və bələdiyyələr təşəbbüskar olmalıdırlar. Ənənəvi şəkildə, həftədə bir dəfə ərazilərin tullantılardan təmizlənməsini həyata keçirə bilərlər. Daha böyük layihələrin həyata keçirilməsi üçün isə daha çox maliyyə ayrılması vacibdir. Düşünürəm ki, beynəlxalq təcrübəni əsas götürərək, bu problemi həll etmək mümkündür.
Bakıda əksər marketlərdə plastik qabları qəbul edən aparatlar quraşdırılıb. Amma hiss edilən odur ki, paytaxt sakinləri buna o qədər də maraqla yanaşmırlar. Həmin aparatlardakı ödənişin məbləğini nisbətən yüksəltməklə rayonlarda, kəndlərdə də quraşdırmaq olar. Bu zaman insanlar tullantıları məhz təkrar emal üçün həmin aparatlara gətirməkdə daha maraqlı olarlar. Bəzi hallarda insanlar ətrafı maşınla zibilləyirlər. Yəni tullantıların qadağan edilən yerlərə atılması heç də həmişə insanların uzağa gedə bilməməsindən qaynaqlanmır. Zibili uzun müddət toplayıb, sonra maşınla gətirib çay kənarına, kanallara, boş ərazilərə atırlar. Bu cür əməllərə qarşı cərimələr artırılmalıdır.
Kəndlərdə, turistik bölgələrdə çirklənməni isə daha çox oranı ziyarət edən turistlər həyata keçirirlər. Məsələn, hansısa istirahət zonasında insanların sıx ziyarət etdiyi mövsümlərdə tullantılar çox olur. Bəzən zibilləri daşımaq əvəzinə yandırırlar. Bu isə ciddi problemlərə, havanın çirklənməsinə, bəzən yanğınlara səbəb olur.ı
HAZIRLADI: SEVİNC