Xəbər verildiyi kimi, dünən Xəzər dənizində 3.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun yaydığı məlumata əsasən, yerli vaxtla saat 08:22-də qeydə alınan yeraltı təkanların ocağı 19 kilometr dərinlikdə yerləşib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a açıqlamasında bildirib ki, dünən Xəzərdə baş verən zəlzələnin təsir gücü yoxdur:
“Nə təsir gücü var, nə də elə bir güclü təkan deyil ki, deyəsən müəyyən müddətdən sonra afterşoklar olacaq, yaxud qorxulu zəlzələ gözlənilir. 3,1, 3,7 maqnitudalı zəlzələ qorxulu deyil, hiss olunan deyil. Hətta 5 maqnitudalı zəlzələ də qorxulu deyil. Dünənki zəlzələnin məsafəsini biz Lənkərandan vermişik. Xəzərdə güclü aktivlik yoxdur. Baş verən təkanlar sadəcə 3-dən yuxarıdır. Respublika ərazisindəki seysmogen zonalarda güclü katastrofik zəlzələ ehtimalı yoxdur.
Həmişə dediyim kimi, Azərbaycan seysmogen bölgədir, xırda təkanların baş verməsi normaldır. Kim deyir zəlzələ olmayacaq? Zəlzələ həmişə var. Bu gecə respublika ərazisində 16 təkan qeydə alınıb”.
Aytən Novruz
Musavat.com