Azərbaycanda yüksək vəzifəli şəxsin oğlu balıq tutarkən öldü - FOTO

Zərdabda baş verən bədbəxt hadisənin bəzi detalları məlum olub.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, hadisə oktyabr ayının 28-də saat 15:00 radələrində rayon ərazisindən keçən Aşağı Şirvan Kollektorunda qeydə alınıb.

Belə ki, rayonun 30 yaşlı sakini Murad Cümşüdov əmisi ilə birlikdə əraziyə balıq tutmaq məqsədilə gəlib. Bu zaman o qayıqla balıq tutarkən halı pisləşib və suya yıxılıb. Əmisi onu sudan çıxarmağa çalışsa da, Muradın həyatını xilas etmək mümkün olmayıb və suda boğularaq ölüb.

Mərhumun digər əmisi Bəhruz Cümşüdov Bizim.Media-nın yerli bürosuna bildirib ki, Murad əmisi ilə balıq tutarkən qəfildən suya yıxılıb:

"Birdən görüblər ki, ondan səs gəlmir gedib görüblər ki, suya düşüb. Ətrafdakılar orda ilk yardım göstərsə də, heç bir faydası olmayıb. Onu hər zaman nəzarətimizdə saxlayırdıq. Epilepsiya xəstəsi idi və adətən xəstəliyi gecələr tuturdu. Türkiyədə xəstəxanada müalicə olunurdu".

Qeyd edək ki, hazırda faktla bağlı Zərdab rayon prokurorluğundan araşdırma aparılır.

-------

Zərdabda balıqçı faciəvi şəkildə ölüb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini Murad Cümşüdlü Zərdab rayonu ərazisində balıq tutarkən bədbəxt hadisə ilə üzləşib.

Belə ki, o, su kanalına yıxılaraq boğulub.

Bildirilir ki, vəfat edən şəxs Tərtər RQİİ-nin Zərdab rayon Qaz idarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.

Faktla bağlı araşdırma aparılır.

29.10.2024 18:05
1236