Günümüzün ciddi problemlərindən biri də yerə tüpürməkdir. Belə ki, bu, bəzi insanlar tərəfindən adi hal alıb. Kənardan etik görünməməsindən əlavə, məsələnin daha vacib bir tərəfi var. Həkimlər müəyyənləşdiriblər ki, insanın tüpürcəyində təxminən 600 fərqli mikrob var. 1 kub sm-lik tüpürcəkdə 250 milyon mikrob var. Əgər tüpürcək sahibi xəstədirsə, bu zaman mikrobların sayı artır. Yerə tüpürmə yolu ilə insana keçə biləcək xəstəliklər sırasında birinci və ən çox bilinəni vərəmdir. Bundan başqa, xroniki bronxit və qrip də yerə tüpürməklə sürətlə artır. Psixoloqların tədqiqatarına görə, yerə tüpürənlər əsəbi daha zəif olan insanlardır. Onlar bu üsulla öz aqressiyasını, bəzən hirsini, reaksiyasını ifadə edirlər. Bu mənzərəni görənlər üçün isə vəziyyət tam əskinədir, bu, onları diksindirir, əsəbilik və stress yaradır. Maraqlıdır ki, bəzi ölkələrdə yerə tüpürmək qadağandır. Dünyanın bir çox ölkələrində səki və küçələrin təmiz saxlanılması üçün müxtəlif məbləğdə cərimələr tətbiq edirlər. Bu cərimələr Avropada daha çox yayılıb. Belə ki, yerə tüpürməyə görə cərimə Barselonada 3000 min avro (5540 manat), Sinqapurda 1000 ABŞ dolları (1700 manat), İsveçrədə 100 frankdır (təxminən 196 manat). Sürixdə 200 franka (392 manat) İtaliyanın bəzi yerlərində 500 avroya (930 manat) qədər cərimə tətbiq olunur.
Bəs Azərbaycanda bu inzibati məsuliyyət yaradırmı və cərimə tətbiq edilirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası qanunvericiliyində yerə tüpürmə ilə bağlı bilavasitə inzibati məsuliyyət nəzərdə tutulmayıb.Bununla belə, İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir:
"Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat, 306.1-ci maddəsinə əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə on beş manat məbləğində cərimə edilir.Eyni zamanda, həmin Məcəllənin 308.2-ci maddəsinə əsasən, gəmilərdən zibil və başqa predmetlər atmağa görə otuz manat məbləğində cərimə tətbiq olunur".