Azərbaycanda 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 5.9 faiz artıb. Öncəki ayda illik inflyasiya 5.5 faiz olmuşdu.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatında bildirilir. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.5 faiz, qeyri-qida məhsulları üzrə 2.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7.5 faiz artım təşkil edib.
2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.6 faiz artıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının pul kredit siyasətində inflyasiya hədəfinin aşağı həddi 2%, yuxarı həddi isə 6% götürülür. Qeyd edək ki, qiymət tənzimlənməsi AMB-nin əsas mandatıdır və 23 apreldə faiz dərəcəsinin parametrlərini açıqlamalıdır.
AMB son 10 ayda uçot faiz dərəcəsinə dair iclaslarda gözləmə mövqeyinə keçib. 02.05.2024 tarixindən etibarən faiz dəhlizinin aşağı həddi – 6.25%, yuxarı həddi – 8.25%, uçot faiz dərəcəsi – 7.25% müəyyən edilib. Bununla da Azərbaycanda real faiz dərəcəsi kiçilib. Belə ki, AMB-nin müəyyən etdiyi 7.25 faiz uçot faiz dərəcəsi ilə illik inflyasiya arasındakı fərq martda 1.4 faizə düşüb ki, bu da 2023-cü ilin avqustundan bu tərəfə ən aşağı göstəricidir. Bir il öncə bu fərq 7.1 faiz idi.
Azərbaycanda inflyasiya 6 faizə çatır, ilin sonuna kimi nələr proqnozlaşdırılır?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Əslində, bu, gözlənilirdi. Yəni hökumət inflyasiyanı narahatedici hesab etmir. İnflyasiya bu hədlərdə qalacaq. Mərkəzi Bank onsuz da bu məsələləri nəzərə alıb, inflyasiyanın yuxarı həddini 5.5 faiz proqnozlaşdırır. Bu, elə MB-nın proqnozlarına uyğundur. Təbii ki, manatın məzənnəsi dəyişsə, bu barədə danışmaq olar. İndiki məzənnə ilə davam etsə, inflyasiya ilin sonuna kimi belə davam edəcək. O ki qaldı, qiymətlərin artımına, ödənişli xidmətlərdə qiymətlər 7 faiz artıb, bu, ötən ilin və bu ilin metro, avtobus qiymətlərinin artması ilə bağlıdır. Ötən ilin ikinci yarısında dizelin və benzinin qiyməti artdı. Bu da kənd təsərrüfatı məhsullarının və tikinti materiallarının bahalaşmasına səbəb oldu. Tutaq ki, kartofu fermer 200 manata gətirirdisə, indi 250 manata gətirir, kartof üçün 50 manat mühümdür, bu məhsulların dəyəri nə qədərdir ki, yəni daşıma xərci burada mühüm rol oynayır. Ümumiyyətlə, dizel yanacağının qiyməti artırılan zaman inflyasiya olur. Yanvar ayından işığın, qazın qiyməti də 20 faiz qalxdı, bu da biznesin xərclərini artırır. Biznes vahid tarifdir, işığın, qazın qiymətinin artması kənd təsərrüfatında mühüm rol oynayır. Çünki parniklərin, saxlancların xərci artır. Müsbət olan o idi ki, əmək haqları da artırıldı. Amma bu da biznesin xərcini artırır. Keçən il sevinclə deyirdik ki, orta aylıq əmək haqqı 8 faiz artıb. Amma bu, biznesin, sahibkarın xərcini artırır. Bu o deməkdir ki, sahibkarın işçilik xərci 8 faiz artdı. Minimum əmək haqqı bu il 16 faiz artırıldı, bu da yaxşı haldır. Amma bu o deməkdir ki, biznesin həm vergi xərci artıb, həm sahibkarın işçilərə çəkdiyi xərc, həm də vergisi artır. Digər tərəfdən, deyirik ki, ölkədə faiz xərcləri artdı, depozitin faizi artıb. Bu tərəfdən istehlak kreditinin faizi artır. Digər tərəfdən, biznes kreditinin, ipoteka kreditinin faizi artıb. İnflyasiya bağlı digər səbəbləri də sadalamaq olar. Dolların avroya, rubla görə ucuzlaşması da inflyasiyaya təsir edən amillərdəndir. Çünki manatımız dollara fiksə edilib. Dollar ucuzlaşanda manat da ucuzlaşır, təsiri də odur ki, idxal olunmuş məhsulların qiyməti artıb. Rublun bahalaşmasının özü də rol oynayır. Rusiyadan idxal bahalaşdı, tikinti materiallarının qiymətinə təsir etdi”.
Afaq Mirayiq,
Musavat.com