Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.
Xatırladaq ki, 2020-ci il martın 24-dən etibarən COVID-19 pandemiyası səbəbi ilə xüsusi karantin rejimi tətbiq olunur.
Bu vaxtadək ölkəmizdə quru sərhədlərin bağlı qalmasının əsas səbəbi kimi təhlükəsizliklə bağlı məsələlər göstərilir. Yeri gəlmişkən, iyunun 23-də Dağıstanda baş verən terror aktı təhlükəsizliklə bağlı narahatlığı bir daha önə çəkdi. Son məlumatlara görə, baş verən terror aktı zamanı 20 nəfər ölüb, onlardan 15-i polis əməkdaşıdır.
Bundan əvvəl isə martın 12-də Rusiyanın Moskva şəhərindəki “Crocus City Hall” musiqi salonuna koordinasiyalı hücum təşkil edilib, nəticədə 144 nəfər ölüb, xeyli adam yaralanıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib:
“Dağıstanda baş verən terror ürəkağrıdıcı hadisədir. Amma narahat olmağa əsas verən yalnız Dağıstandakı terror deyil. Bizdə COP29 keçiriləcək. COP29 bitənə qədər sərhədlərimizi bağlı saxlayacağıq. Qonşumuz ermənilər, ya başqa bizi istəməyənlər təxribat edə bilərlər. Sərhəd müəyyən qədər gözlənilməlidir ki, terrorçu bura girə bilməsin”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb:
“Dağıstanda baş verən hadisələr Rusiyanın daxili işidir. İnanırıq ki, orada məsələlər tezliklə öz həllini tapacaq. Quru sərhədlərin açılması məsələsi hər zaman Azərbaycan dövlətinin diqqətindədir. Müvafiq orqanlar bununla bağlı ictimaiyyəti məlumatlandırırlar. Şübhəsiz ki, sərhədlərin açılmasına mane olan faktorlar aradan qalxdıqdan sonra quru sərhədlər də açılacaq”.
Afaq Mirayiq,
Musavat.com