Valideynlər aqressivləşir, uşaqlar çarəsiz qalıb “Qaynar xətt”ə baş vurur
Ötən il “Uşaq qaynar xətti”nə 4453 müraciət daxil olub. Zənglər əsasən 10-18 yaş arası olanlardan gəlib. Bunu Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova deyib. O bildirib ki, müraciətlərin çoxu - 1125 zəng zorakılıq faktı ilə bağlı olub. Onun sözlərinə görə, ölkədə uşaqların problemləri daha çox valideyn sevgisinin göstərilməməsi, həmçinin təhsil aldığı müəssisə ilə valideyn arasında düzgün əməkdaşlığın qurulmamasından qaynaqlanır.
Fəaliyyətə başladığı 2010-cu ildən bəri 72000-dən çox müraciətin daxil olduğu “Uşaq qaynar xətt”inin yaradıcısı deyib ki, günahkar uşaq yoxdur. Əsasən böyüklərin təzyiqlərindən təsirlənib müxtəlif problemlərlə üz-üzə qalan uşaqlar var.
Azərbaycanda uşaqlara qarşı məişət zorakılığı ilə bağlı qanunvericilik bazası mövcuddur. Məişət zorakılığının qarşısının alınması ilə bağlı 2010-cu ildə qanun qəbul edilib və qanunun icrasına dair mexanizmlərlə bağlı Nazirlər Kabinetinin 4 qaydası təsdiq olunub. Azərbaycanda məişət zorakılığı qurbanlarına mühafizə orderinin verilməsi məsələsi üzrə qanunvericilikdə müddəalar var. Yerli icra hakimiyyəti orqanlarına səlahiyyətlər verilib ki, ailə daxilində baş verən hadisədə cinayət əməli olmadıqda, yəni inzibati xəta olduqda bu cür şikayətləri araşdırsınlar.
Bundan başqa, 2015-ci ildə komitə valideyn məsuliyyətinin artırlması ilə bağlı inzibati xətalar və cinayət məcəllələrinə dəyişikliklə bağlı təklif də verib. Yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları da yaradılıb və bu qruplar zorakılıq halları ilə bağlı təhlillər aparır, uşaqların müdafiəsi üçün yardım göstərilməsinə çalışırlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq zorakılığının qarşısının alınması istiqamətində hazırladığı təkliflər əsasında qanunvericilik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayanlara qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib.
Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, uşaq 14 yaşadək olduqda bu müddət üç ildən altı ilədək müəyyən edilib.
Ölkədə zorakılığa məruz qalan uşaqları kimlər qoruyur?
Azərbaycanda zorakılığa məruz qalan, dəstəyə ehtiyacı olan yeniyetmələr üçün “Azərbaycan Uşaq Qaynar Xətti” (116111) fəaliyyət göstərir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, “Ümid yeri” Uşaq Sığınacağı da uşaqların üz tuta biləcəyi Qeyri-Hökumət Təşkilatlarındandır. Sosial Xidmətlər Agentliyinin kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya şöbəsi, icra hakimiyyətlərinin nəzdində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar var.
Bəzi rayonlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir.
Psixoloqlar araşdırıb ki, uşaqlara qarşı edilən zorakılığın aşağıdakı növləri var:
- Fiziki zorakılıq: Fiziki güc və ya müəyyən üsullardan istifadə edərək, uşaqlara qarşı qəsdən vurulan zədələrdir. Fiziki zorakılıq zamanı uşaqlara məcburi dərman preparatlarının və bəzi kimyəvi maddələrin qəbul etdirilməsi, uşaqların bədənlərinin müəyyən hissələrini yandırma və s. kimi hallarına rast gəlinir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, yanıq xəsarəti alan uşaqların 10 % ailə daxili zorakılığa məruz qalmışdır.
- Emosional zorakılıq: Uşaqların əsasən ailələri tərəfindən daim tənqid olunması, onlara qarşı alçaldıcı münasibət göstərilməsi, uşağın bütün hərəkətlərinə nəzarət, başqa insanlarla olan münasibətinə müdaxilə edilməsi şəklində özünü göstərir. Emosional zorakılığa məruz qalmış uşaqlarda tez-tez evdən qaçmalar, gərgin olmaq, başqaları ilə münasibətdə aqressivlik özünü göstərir.
- Cinsi zorakılıq: Uşağın razılığı olmadan, onların yetkin şəxslər tərəfindəncinsi hərəkətlərə cəlb edilməsidir. Bu zaman uşaqlardan ətrafdakılara qarşı düşmənçilik hissi yaranır, ətrafdakı insanlarla çox münasibət qurmaq istəmirlər.
- Uşaqlara etinasız münasibət: Uşaqların əsasən valideynləri tərəfindən sağlamlıqlarına, onların qidalanma rejimlərinə, təhsil məsələlərinə laqeyd münasibət şəklində özünü göstərir. Qəza nəticəsində zədə almış, hər hansı xəstəlik nəticəsində qayğıya ehtiyacı olan uşaqlara qarşı etinasızlığın göstərilməsini, buna nümunə kimi qeyd etmək olar.
Fiziki və cinsi istismar əsasən tək valideyn olan ailələrdə, boşanmış və yaxud valideynləri başqa ailə həyatı quran uşaqların həyatlarında, emosional istismar isə əsasən valideyn qayğısı çox görməyən uşaqlarda olur. Uşaqlara qarşı pis münasibətin formalaşmasında sosial faktorlar içərisində ailə daha mühüm əhəmiyyət kəsb edir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki,95 % uşaqlara qarşı zorakılıq halları ailələri tərəfindən törədilir. Bəzən valideynlərin özlərinin uşaq yaşlarında bucür davranışa məruz qalması onların gələcək həyatlarında öz övladlarına qarşı bucür şiddəti əks etdirən davranışı formalaşdırır.Valideynlərin alkoqol və narkotik maddə istifadə etməsi, onlarda psixiatrik xəstəliklərin olması, bəzən uşaqlarına qarşı emosional və fiziki zorakılıq göstərməsinə gətirib çıxara bilir.
Avropa regionunda uşaq və yeniyetmələr arasında intihar hallarının sayına görə Rusiya liderlik edir. Ondan sonra siyahıda Latviya, Belçika, Finlandiya, Moldova, Ukrayna və Qazaxıstan qərarlaşıb.
ÜST-ün məlumatına görə, hər il Avropa regionunda 55 milyon uşaq zorakılıq hallarının qurbanı olur ki, bu da onların psixikası və fiziki sağlamlığına ciddi təsir edir.
Statistikaya əsasən, Avropada 18 yaşdan aşağı 190 milyon uşaq və yeniyetmə yaşayır. Onlardan 44 milyon fiziki zorakılığa, 19 milyonu seksual zorakılığa məruz qalıb, 55 milyon isə psixoloji zədələr alıb. Belə halların 90-i isə qeydə alınmır.
ÜST qeyd edib ki, 2020-ci ilə qədər uşaqların ölümü və onlara qarşı zorakılıq hallarını 20%-ə qədər azaltmağa hazırlaşır.
Yazını hazırladı: Sevinc TELMANQIZI