Naftalan şəhərində ər arvadına xəsarət yetirib.
Musavat.com "demokrat.az"-a istinadən xəbər verir ki, hadisə ilə bağlı zərərçəkmiş Fidan Naftalan Şəhər Polis Şöbəsinə müraciət edib. Onun müraciəti əsasında məlum olub ki, Fidan həyat yoldaşı, 1995-ci il təvəllüdlü Bəhram (adlar şərti verilib - red.) tərəfindən döyülərək xəsarət alıb.
Hadisəni törədən Bəhramın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Fidan ilə 2022-ci ildən evlidirlər və həmin evlilikdən 1 övladları olub: "Mənim əvvəllər Fidanla münasibətlərim normal olub. Aramızda hər hansı problem olmayıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü onlar Naftalan şəhərində yerləşən "Ay Ulduz" restoranında toy məclisində olublar: "Toy məclisində olarkən Fidanın qohumları övladımızı qucaqlayaraq öpdülər. Mən isə bunun uşağa ziyan olduğunu bildirdim və əsəbiləşərək Fidana uşağı heç kimə verməməsini dedim".
Bəhram bildirib ki, daha sonra o, uşağı çölə çıxararaq gəzdirmək istəyib: "Həmin vaxt Fidan da mənimlə birlikdə gəldi. Restoranın qarşısında olarkən aramızda yenidən mübahisə yarandı. Fidana bir daha uşağı heç kimə verməməsini söylədim. Fidan isə mənə nalayiq formada cavab verdı, məni təhqir etdi. Bu zaman əsəblərimi saxlaya bilmədim və Fidanın başından itələdim. Həmin vaxt Fidanın xalası oğlu Elşən mübahisəmizi gördü və bizə yaxınlaşdı. Bundan sonra övladımı da götürərək oradan ayrıldım".
İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, həyat yoldaşı Bəhram ilə aralarında ipoteka ilə aldıqları evin sənədləşməsi ilə bağlı bir müddətdir söz-söhbətləri olub: "Həmin ev Bəhramın qardaşının adına alınıb. Amma qardaşı evi Bəhramın adına qaytarmayıb. Bundan sonra münasibətlərimiz pisləşməyə başladı. Bəhram mütəmadi olaraq məni və ailə üzvlərimi söyməyə başladı".
Zərərçəkmiş qeyd edib ki, hadisə günü "Ay Ulduz" restoranında yaxın qohumunun toy məclisində Bəhram ilə birlikdə iştirak ediblər: "Həmin vaxt qohumlarım uşağa yaxınlaşdıqda, Bəhram narazılıq etdi, uşağı həmin şəxslərin qucaqlarına götürməsinə etirazını bildirdi. Bundan sonra uşağı yatızdırmaq üçün restoranın qarşısına çıxdım. Bəhram da arxam ilə çölə çıxdı. Orada olarkən Bəhram "mənim uşağımı heç kimə vermə, uşağı götürüb gedəcəyəm", - dedi. Mənim ailə üzvlərimin ünvanına söyüşlər söyməyə başladı. Bu zaman xalam oğlu Elşən bizim mübahisəmizi gördü və oraya yaxınlaşdı. Bu vaxt Bəhram yumruqla gicgah nahiyyəmə bir dəfə vurdu və başımı zədələdi. Daha sonra Bəhram uşağı qucağına götürərək oradan ayrıldı".
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını söyləyib, onun həbs edilməsini istəyib.
Naftalan Şəhər Məhkəməsinin hökmü ilə Bəhram 400 manat məbləğində cərimə olunub.