Mingəçevirdə təcili tibbi yardım maşınının üzərinə ağac aşıb.
Hadisə dünən baş verib. Bildirilir ki, hadisə Yevlax Rayon Mərkəzi Xəstəxanasının təcili yardım maşını ilə Mingəçevirə xəstə təxliyə edərkən baş verib:
"Mingəçevirdə güclü külək olub. Külək səbəbindən maşınının üzərinə ağac aşıb, nəticədə həkim xəsarət alıb".
Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 20.06.2024-cü il tarixində saat 20:25 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasından 2006-cı il təvəllüdlü şəxsin doğuş prosesi ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub:
"Dərhal çağırış ünvanına Yevlax rayonu üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Briqada hospitalizasiya prosesini həyata keçirərkən güclü küləyin təsiri ilə nəticələnən qəza baş verib. Nəticədə sanitar avtomobilin üzərinə ağac budağı aşıb. Təcili tibbi yardım avtomobilinin sürücüsünün yüksək çevikliyi nəticəsində pasiyent heç bir xəsarət almadan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ağac aşması nəticəsində təcili tibbi yardım heyəti yüngül xəsarətlər alıb və buna baxmayaraq, öz iş fəaliyyətini sona qədər uğurla yerinə yetirib. Onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, hospitalizasiya olunan ananın 21.06.2024-cü il tarixində oğlu dünyaya gəlib. Hazırda ananın və körpənin vəziyyəti stabildir".