Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti Feyruz Həsənov vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb.
Feyruz Həsənov 1946-cı il aprelin 10-da Şamaxıda anadan olub. 1964-1969-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1969-cu ildən AMEA-nın Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayan Feyruz Həsənov Riyaziyyat və Mexanika İnstitutunda, BDU-nun Hesablama mərkəzində, Universitetin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 1997-ci ildən Fizika fakültəsinin Riyaziyyat kafedrasında baş müəllim işləyib. 2006-cı ildən Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi riyaziyyat kafedrasının dosenti idi.
Feyruz Həsənovun əsas tədqiqat sahəsi təbiət elmlərinin riyazi modellərinin diferensial və inteqral tənlikləri olub. O, 18 elmi məqalənin və bir dərs vəsaitinin müəllifi idi.