Seçkini fürsət bilənlərə Bakıdan reaksiyalar
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçki ilə əlaqədar bu həftənin şənbə günü - avqustun 31-i Azərbaycanda “sükut günü”dür. Seçki qanunvericiliyinə görə, parlament seçkisi ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Həmin günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.
Sentyabrın 1-də növbədənkənar parlament seçkilərini iştirak etmək üçün ATƏT Parlament Assambleyasının (PA) isə 60-a yaxın müşahidəçisi Azərbaycana gələcək. Bu, ATƏT PA-nın 1995-ci ildən indiyədək Azərbaycanda apardığı 11-ci seçki müşahidəsi olacaq.
ATƏT PA-dakı İrlandiya nümayəndə heyətinin rəhbəri Maykl Krid (Michael Creed) ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri vəzifəsində olacaq. ATƏT PA müşahidəçilər heyətinə isə Çexiyadan Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Baş Komitənin sədri Lüsiya Potuçkova (Lucie Potuckova) rəhbərlik edəcək
Azərbaycanda seçki prosesi kifayət qədər sakit keçdiyi bir vaxtda ABŞ-ın oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazılığı və ölkədə “rəngli inqilab” hazırlaması barədə iddialar narahatlıq doğurur.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilir ki, “Tiflis Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. “Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək”, - deyə məlumatda bildirilir.
Azərbaycan hökuməti sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə AŞ PA-dan, eləcə də Avropa Şurasının başqa qurumlarından müşahidəçilər dəvət etməyib. Ancaq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT), eləcə də bu qurumun Parlament Assambleyasından müşahidəçilər dəvət olunub. Yəni Avropa strukturlarının seçkilərin müşahidəsinə buraxılmaması ilə bağlı iddialara yer qoyulmayıb.
“Son zamanlar Qərb havasına oynayan rəqqaslar ətrafında hiss olunacaq canlanma var. Avropa İttifaqının Bakıdakı ofisi, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi daxil olmaqla, bir sıra xarici ölkə nümayəndəlikləri öz fövqəladəliyinin, səlahiyyətinin hüdudlarını qarışdırmaqdadır. Qərb ölkələrinin Azərbaycandakı səfirliklərinin fəaliyyətində Azərbaycanın daxili işlərinə müdaxilə meyli hiss olunur. Biz bir dəfə bu barədə danışmışdıq. Öz nüfuz xəfiyyələri ilə orada-burada gizli görüşlər keçirirlər. Azərbaycan öz daxili işlərinə kiminsə müdaxiləsinə yol verəcək qədər zəif və məlumatsız deyil. Və elə düşünməsinlər ki, etdiklərini, hansı əməllə məşğul olduqlarını yalnız onlar bilir. Nəzərə alsınlar”. Bunu isə həftəsonu müəllif proqramında REAL TV.-nin rəhbəri Mir Şahin deyib. Yəni sentyabrın 1-də hər hansı gərginlik olması gözlənilməsə də, bəzi Qərb ölkələrin səfirliklərinin fəallaşması diqqəti bu mövzuya yönəltməyi də vacib edir.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda seçkilər zamanı hakimiyyət dəyişikliyinə cəhd ediləcəyi barədə məlumatlar son vaxtlar tez-tez yayılır: “Qərb institutlarının taktikası belədir ki, onlar seçki dövründən hakimiyyətlərə qarşı istifadə edirlər və arzulamadıqları iqtidarları güc yolu ilə dəyişməyə çalışırlar. Gürcüstana qarşı da bu taktikanı seçməyə çalışırlar. Bu seçkiləri onlar fürsət hesab edir. O ki qaldı Azərbaycanda keçiriləcək 1 sentyabr növbədənkənar parlament seçkilərinə müdaxilə məsələsinə, seçkiyə sayılı günlər qalır və Gürcüstandan fərqli olaraq Azərbaycanda tamamilə sakit şəkildə, heç bir problemlərin yaşanmadığı şəraitdə seçki kampaniyası gedir. Belə vəziyyətdə seçkilərdən hansısa xarici qüvvələrin istifadə edib aranı qarışdırmaq planları olsa belə, bu planların gerçəkləşdirilməsi mümkün deyil. Məlumatlar yayılıb ki, ABŞ səfiri və digər bir neçə dövlətin səfirləri Azərbaycanda radikal müxalifətin liderləri ilə görüşlər keçiriblər. Görüşlərdə ölkədəki proseslərə təsir göstərmək üçün taktikaları müzakirə ediblər. Məlumatlarda deyilənlərə diqqət etsək belə anlaşılır ki, sanki təlimatlar verilir, "yol xəritəsi" cızılır. Bu, bir dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil. Bu, pozuculuqdur. Əgər yayılan xəbərlərdə deyilənlər dəqiqdirsə, təhlükəli məqamlar var. Azərbaycan dövləti öz ərazisində baş verən prosesləri həmişə nəzarətdə saxlayır və bundan sonra da belə olacaq. Hər hansı cəhdlər olacaqsa, qarşısı alınacaq. Parlament seçkiləri zamanı hər hansı qarışıqlığın yaradılması cəhdləri ola bilər. Ancaq nəzərə alaq ki, dövlətimizin müvafiq qurumları bu cür məsələlərdə ayıq-sayıq olublar. Bundan sonra da belə olacaqlar və istənilən cəhdin qarşısı alınacaq".
Bu arada sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində yerli tərəfdaşı ilə birgə “exit-poll” keçirmək məqsədilə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş ABŞ-ın nüfuzlu “Oracle Advisory Group” təşkilatı seçkiöncəsi sosioloji sorğu aparıb.
“Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, sorğu iyulun 29-dan avqustun 9-dək yerli respondentlər arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində keçirilib. "Oracle Advisory Group" təşkilatının mütəxəssisləri tərəfindən hazırlanmış sorğu canlı şəkildə, üzbəüz reallaşdırılıb. Sorğu iştirakçıları prosesin tam məxfi keçirildiyi barədə məlumatlandırıldıqları üçün respondentlərin mövqeyi tamamilə şəffaf olub.
“Oracle Advisory Group” təşkilatının hazırladığı proqram əsasında alınan cavablar təhlil olunub və əldə edilən nəticələr ictimaiyyətə çatdırılıb. Bildirilib ki, sorğuda 96 faiz iştirakçı Qarabağdakı zəfərin onların seçiminə tam təsir edəcəyini qeyd edib. Respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək, 20 faizi qənaətbəxş qiymətləndirib, 9 faizi isə suala cavab verə bilməyib.
Azərbaycandakı söz azadlığı ilə bağlı suala respondentlərin 85 faizinin rəyi müsbət olub. Sorğu iştirakçılarının 97 faizi Azərbaycanda insan hüquqlarının qorunduğunu deyib.
“Milli Məclisə seçkilərə hazırlıqla bağlı beynəlxalq qurumların heç bir iradı olmayıb”. Bunu jurnalislərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, seçkilərdə təhlükəsizliyin təmin olunmasına və qanunvericiliyin tələblərinə riayət edilməsinə ciddi şəkildə riayət olunub.
M.Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyalarında seçki üçün lazımi infrastrukturun təmin edilməsi vacibdir: “Dairə və məntəqələrin hamısına verilən inzibati binalar bütün tələblərə uyğundur. Xüsusilə azad olunmuş ərazilərdə elə binalar seçilib ki, orada seçki üçün hər şərait var. Oradakı tikililər yüksək standartlara cavab verir və bütün bölgələrə nümunədir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”