Azərbaycanda son 20 ilin fəaliyyət mənzərəsi: Ərazi bütövlüyünün bərpası, artan beynəlxalq nüfuz - ANALİZ

Azərbaycan milli dövlətçiliyinin 106 yaşı var. Bu torpaqlarda Azərbaycan türkləri böyük imperiyalar qurub, uğurlar qazanıb.

104 il əvvəl milli dövlət bolşeviklər tərəfindən işğal edilib. 33 ildir Azərbaycan milli dövlətçiliyi bərpa olunub. 2003-cü ildən Azərbaycanın siyasi, iqtisadi, həbi, sosial və idarəetmə sistemində yeni səhifə açılıb. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olan Azərbaycan ötən 20 il ərzində bir çox uğurlara imza atıb.

Cümhuriyyət dövründə, ondan əvvəl və sonra, hətta müstəqilliyinin bərpasını elan etdiyi illərdə belə bu dövlət ərazilərini işğaldan təmizləməyə daha çox hərbi, siyasi, diplomatik qüvvə sərf edib, maliyyə vəsaiti xərcləyib. Ancaq 100 illik işğal prosesi nəsillərdən-nəsillər ötürülüb, qanı dayanmayan yara kimi Azərbaycanın köksündə qalmışdı.

2003-cü ildən Prezident İlham Əliyev torpaqların işğaldan azad olunması kimi yüz illik problemi həll etməyə üstünlük vermişdi. Bunun üçün xarici və daxili, hərbi sahələrdə yenidənqurma işləri aparılıb. Ordu quruculuğunda islahatlar, kadr dəyişikliyi, yeni hərbi texnika və avadanlıqlarla təchizat, əsgərlərin döyüş qabiliyyətinin yüksəldilməsi, zabit heyətin sosial vəziyyətinə diqqətin artırılması və başqa bu kimi addımları görülmüş çoxsaylı işlərə aiddir.

Azərbaycan hakimiyyətinin yuxarıda bəhs etdiyimiz istiqamətdə yürütdüyü ardıcıl siyasət öz nəticəsini 17 il sonra 2020-ci il noyabrın 10-da verdi. Bu tarixdə işğalçı Ermənistan kapitulyasiya aktını imzalamalı oldu.

be046a71-d1cd-3b7c-8f60-46205755df0e.jpg (53 KB)

Bununla da bir əsrdən artıq tarixi olan problem öz həllini tapdı. 2020-ci il Vətən müharibəsində Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə ərazi bütövlüyünü bərpa etdi. Rəsmi Bakı bununla münaqişəni həll etməkdə çətinlik çəkən, yaxud aciz olan beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının (TŞ) itən nüfuzunu da bərpa etmiş oldu. Belə ki, 1993-cü ildə BMT TŞ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı dörd qətnamə qəbul etmişdi. 17 il idi ki, onlar icra olunmurdu. Əksinə, cəzasız qalan Ermənistan Azərbaycanın yeni torpaqlarını işğal etməyi planlaşdırırdı. Odur ki, rəsmi Bakı beynəlxalq ictimaiyyətin üzləşdiyi müşkülü də həll edə bildi.

2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada “Avropa siyasi birliyi”nin Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli (Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa) görüşdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasının rəsmən bəyan edildi. Bununla da həmin hadisədən üç il əvvəl Tehranda “Qarabağ Ermənistandır, nöqtə” söyləmiş Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycana aid olduğu həqiqəti imzası ilə təsdiqlədi.

67dd88b0-3a1c-33fd-8c14-2f20fa5a70d4.jpg (236 KB)

Ötən il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpa edilməsi, separatçılığa, “boz zonaya” son qoyulmaqla mövcud hakimiyyət bir əsrlik problemin həllinə nöqtə qoydu.

Vətən müharibəsindən sonra qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsi təşəbbüsünün Azərbaycan tərəfi irəli sürüb. Bu onun sülhsevərliyinin göstəricisidir. Çünki Ermənistan bu müddət ərzində sülhlə bağlı yalnız açıqlamalar verib.

Azərbaycan ikitərəfli və birbaşa görüşlərin də təşəbbüsçüsüdür. Ötən 20 il ərzində Ermənistan rəsmiləri ilə müxtəlif formatda görüşlər olub. Ancaq bunların heç biri ikitərəfli görüşlər formatının nəticəsi kimi uğurlu olmayıb. Həmin sammitlərin nəticəsində iki ölkə arasında sərhədlərin müəyyənləşməsi istiqamətində işlər görülür.

e04e23f2-e3cf-3854-83c0-f6951af148a2.jpg (318 KB)

Rəsmi Bakı milli maraqlara, həmçinin beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət yürütməkdə davam edir. Ermənistan regionda bir qayda olaraq xarici qüvvələrin maraqlarına uyğun davranıb. Bəzi qüvvələr elə zənn edib ki, Bakı ilə də bu tərzdə davranmaq mümkündür. Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmır və özünə qarşı da eyni yanaşmanı tələb edir. Bütün görüş və danışıqlarda bu prinsipi daim gözləyib və ona əməl olunmasını qarşı tərəfdən istəyib. Rəsmi Bakının özünə hörmət etməsi Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətli ölkə və etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Artıq o, beynəlxalq səviyyədə böyük hörmət və etimada malik dövlətdir. Azərbaycanın 23 ölkə ilə strateji tərəfdaşlıq, üç 3 ölkə ilə müttəfiqlik sazişləri imzalaması məhz bundan xəbər verir. Azərbaycanın 2021-ci il iyunun 15-də Türkiyə ilə Şuşa Bəyannaməsi, 2022-ci il fevralın 22-də Rusiya Federasiyası ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, 2024-cü il iyulun 3-də Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalaması xüsusi qeyd edilməlidir.

a34c7a32-b88e-3340-88c5-1c9d385b5877.jpg (47 KB)

ABŞ Prezidenti Cozef Baydenin bu il iyunun 4-də Prezident İlham Əliyevə yazdığı növbəti məktubu da Azərbaycanın beynəlxalq aləmdə son 20 il ərzində artan nüfuzunun göstəricisi kimi göstərmək olar: “Azərbaycan, xüsusilə, Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər. Regional sabitlik və əlaqələr Birləşmiş Ştatlar üçün prioritet məsələlərdir. Onilliklərlə davam etmiş münaqişəyə son qoyacaq möhkəm və ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Birləşmiş Ştatlar bu nəcib iddianı dəstəkləməyə hazırdır. Biz sülh və firavanlığın təmin edilməsinin əsas prinsiplər olaraq qəbul olunmasını gələcək nəsillərə borcluyuq...”.

Müstəqilliyini 33 il əvvəl bərpa etmiş Azərbaycana Prezident İlham Əliyev 20 ildir rəhbərlik edir. Bu müddət ərzində görülən işlərin sırası çox genişdir. Yüz ildən çoxdur, Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini təhdid etmək üçün yaradılan “erməni problemi”nin həlli, işğaldan azad olunan bölgələrdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, rəsmi Bakının ölkəyə qazandırdığı nüfuz onun çoxsaylı uğurlu fəaliyyətinin görünən nəticəsidir./Report.az/

13.08.2024 17:14
262