Azərbaycanda ŞOK STATİSTİKA - Məzunların cəmi 42 faizi...

"Azərbaycanda universitet məzunlarının yalnız 42 faizi işlə təmin oluna bilir"

"Azərbaycanda 20-34 yaş aralığında olan univetsitet məzunlarının yalnız 42 faizi işlə təmin oluna bilir".

Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov 

Ekspert qeyd edir ki, bu vəziyyət Azərbaycanda ali təhsil sisteminin iş bazarına uyğunluq məsələlərində ciddi problemlərinin olduğunu göstərir:

"İş bazarı ilə təhsil sistemi arasında əlaqənin zəif olması, məzunların təcrübəsizlikləri və ixtisaslar üzrə uyğun iş tapma çətinlikləri Azərbaycanda məzunların işlə təmin olunma səviyyəsini aşağı salır. İşsizlik və məzunlar arasında işsiz qalma problemi burada daha qabarıqdır və bu, həm iqtisadi, həm də təhsil sahəsində struktur problemlərə işarə edir".

Kamran Əsədov bildirir ki, 20-34 yaş aralığında olan və son üç il ərzində hər hansı ali təhsil müəssisəsindən məzun olanların işlə təmin edilmə faizi müxtəlif ölkələrdə ciddi fərqlənir:

"Ən yüksək göstəricilər Avropa ölkələri arasında diqqət çəkir, lakin bu göstəricilər fərqli səbəblərlə əlaqədar olaraq dəyişir.

Məsələn, Maltada məzunların 96.7%-i üç il ərzində iş tapır ki, bu, Avropada ən yüksək göstəricidir. Bu yüksək göstərici Malta kimi kiçik ölkələrin iqtisadiyyatının tez uyğunlaşa bilən və yerli təhsil sisteminin iş bazarının tələblərinə yönümlü olması ilə izah edilə bilər. İslandiya və Hollandiya müvafiq olaraq 95.8% və 94.8% göstəricilərlə ikinci və üçüncü yerləri tutur. Skandinaviya və Benilüks ölkələrində güclü iqtisadi siyasət və sosial dəstək sistemləri məzunların tez iş tapmasına şərait yaradır.

Almaniya da 94.3%-lik göstərici ilə yüksək mövqedədir. Burada dual təhsil sistemi - tələbələrin universitet təhsili ilə yanaşı iş təcrübəsi qazanması - onların məzun olduqdan dərhal sonra iş bazarına inteqrasiya olunmasına imkan verir. Güclü sənaye sektoru və peşə hazırlığı proqramları da Almaniyada məzunların işlə təmin olunmasında əsas rol oynayır.

Avropanın digər ölkələrində də göstəricilər yüksək olsa da, fərqlər mövcuddur. Məsələn, Birləşmiş Krallıqda bu rəqəm 88.4%, Finlandiyada isə 88.3%-dir. Bu ölkələrdə təhsil sistemləri güclü olsa da, bəzi iqtisadi və siyasi səbəblər (məsələn, Böyük Britaniyada Brexit-in təsiri) bu rəqəmlərin tamamilə yüksək olmasına mane olur. Fransa isə 84.4%-lik göstərici ilə nisbətən aşağı mövqedədir ki, bu da gənclər işsizliyi probleminə və ölkənin iqtisadiyyatındakı çətinliklərə işarə edir.

Cənubi Avropa ölkələrində göstəricilər daha aşağıdır. İspaniyada bu rəqəm 77.9%, İtaliyada 62.8%, Yunanıstanda isə 59%-dir. Bu ölkələrdə iqtisadi böhranlar, xüsusən də 2008-ci ildən sonra, gənclərin işlə təmin edilməsində ciddi problemlərə səbəb olub. Ali təhsil müəssisəsindən məzun olanlar uzun müddət iş axtarırlar və çox vaxt müvəqqəti işlərdə çalışmalı olurlar. Məzunların peşəkar təcrübə və bacarıqlarının iş bazarına uyğun olmaması da bu göstəricilərin aşağı olmasına təsir edir.

Türkiyədə məzunların işlə təmin olunma faizi 64.2%-dir, bu da ölkənin geniş əhalisi və işsizlik səviyyəsi ilə əlaqədar ola bilər. Türkiyədə iş bazarı son illərdə çox dəyişkən olub, iqtisadi dalğalanmalar işsizliyi artırıb və məzunların iş tapma ehtimallarını azaldıb".

Ekspert hesab edir ki, aşağı göstəricilər əsasən iqtisadi problemlərlə əlaqədardır: "Cənubi Avropa və Azərbaycan kimi ölkələrdə iş bazarının məzunlar üçün əlverişli olmaması və iqtisadi böhranlar bu sahədə ciddi problemlərə yol açır. Azərbaycanda vəziyyət olduqca narahatedicidir. 42%-lik işlə təmin olunma göstəricisi ölkənin iqtisadi və təhsil sektorunda ciddi islahatlara ehtiyac olduğunu göstərir. Təhsil sisteminin iş bazarına uyğunlaşdırılması, məzunların peşəkar bacarıqlarının artırılması və iş yerlərinin yaradılması bu problemin həllinə kömək edə bilər".

Xalidə Gəray
Musavat.com

13.10.2024 21:13
650