Bakıda 1995-ci il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Xurmanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
16 fevral 2023-cü il saat 19:30-da Tural qeyri-rəsmi münasibətdə olduğu Xuraman və onun azyaşlı övladları ilə “AF Hotel” adlı mehmanxanaya gəliblər.
Mehmanxananın 6-cı mərtəbədə yerləşən otağında olarkən o, özünə məxsus mobil telefonda cizgi filmi qoşmaqla uşaqları hamam otağındakı stulların üzərində əyləşdirib.
Daha sonra hamanın qapısını örtüb, Xuramanla münasibətlərinə aydınlıq gətirməki üçün söhbət edib, qısqanclıq zəminində mübahisə zamanı əli ilə onun baş nahiyəsinə zərbələr vurub. Xuramanı pəncərədən çölə atmaq üçün pəncərə istiqamətinə itələyib.
Xuraman qapıya tərəf qaçanda onu yenidən geri gətirib və ayaqlarından tutaraq pəncərədən çölə buraxıb.
Qadın hündürlüyü təxminən 10.5 metr olan hotelin 3-cü mərtəbəsi səviyyəsində tikilinin dam örtüyünün üzərinə düşüb və xəsarət alıb. Hadisənin şahidi olan şəxslərin köməkliyi və həkim briqadasının müşayiəti ilə Xuraman xəstəxanaya çatdırılıb. İxtisaslı tibbi yardım göstərilməsi səbəbindən onun həyatı xilas edilib.
“Birgə mehmanxanaya getməyi qərarlaşdırdıq”
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, 16 fevral 2023-cü ildə barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə məhkəmənin hazırlıq iclasında iştirak etmək üçün Lənkəran şəhərinə gedib: “Oradan Bakı şəhərinə gəldim. Daha sonra yaşadığım Ağcabədi rayonuna getməli oldum. Bakıya gələndə Xuramanla danışdım, görüşmək istədiyimi bildirdim. Həmin gün saat 16:30-da onun yaşadığı ünvanın yaxınlığına getdim.
Xuraman və azyaşlı uşaqları olan Sevinc və Fəridəni götürərək evdən çıxdıq. Birlikdə “Af Hotel"ə getməyi qərarlaşdırdıq. Qeydiyyatdan keçdikdən sonra 6-cı mərtəbədə yerləşən otağa qalxdıq. Otağı bir günlüyə götürmüşdük”.
"Səni rayonda gözləyən qızlar var”
Təqsirləndirilən şəxs qeyd edib ki, otaqda bir qədər söhbətləşdikdən sonra 2 stulu hamam otağına yerləşdiriblər: “Mobil telefonumu Sevinc və Fəridəyə verdik. Telefonda videolara baxaraq oyun oynamağı tapşırdıq. Uşaqlar videolara baxmağa başladıqda qapını bağladıq.
Uşaqların başının telefona qarışdığına əmin olub, aramızdakı münasibətlər barədə söhbət etdik. Mən 1-2 saata rayona getməli olduğumu bildirdim. Xuraman "səni rayonda gözləyən qızlar var, sən başqaları ilə danışırsan” dedi. Aramızda qısqanclıq səbəbindən mübahisə yarandı. Xuraman məni təhqir etməyə başladı. Lakin dediyi sözlər hazırda yadımda qalmayıb”.
“Ayrılsaq özünü öldürəcəyini dedi”
Turalın sözlərinə görə, mübahisə zamanı Xuramana şillə vurub: “Soruşdum ki, fevralın 10-da mənimlə görüşdün, gecəni keçirdikdən sonra nəyə görə Ağcabədi rayonundan getdin? Cavabında “sən mənə xəyanət edirsən, mən də sənə acıq vermək üçün getdim” dedi. Mən ona bizim münasibətlərinizin bitdiyini dedim. Xuraman ağlayaraq münsibətlərin davam etməsini istədi. “O vaxt sən məni bıçaqla vurmuşdun, şikayətçi olmadım” dedi. Mən də ona “get şikayət elə, bu gündən səninlə birlikdə qalası deyiləm” söylədim.
Xuraman ayrılmaq istəmədiyini, ayrılsaq özünü öldürəcəyini bildirdi. Onun bu sözlərindən əsəbiləşdim. Dedim, inanmıram, o da qayıtdı ki, pəncərədən özümü atıb öldürəcəm.
Xuraman arxası pəncərə tərəfə, mən də onunla üzbəüz idim. Əlimlə sinəsinə vuraraq arxaya doğru itələdim, o da pəncərəyə dəyərək dayandı”.
“Pəncərədən çölə doğru itələdim”
Tural bildirib ki, otağa daxil olanda havası ağır olduğundan pəncərəni açıblar: “Mən Xuramanı pəncərə tərəfə itələyəndə yerə yıxıldı. Sonra ayağa qalxaraq ağladı. Yenidən ona şillə vurdum. Otaqdan qaçmaq üçün qapıya tərəf gedərkən arxadan tutdum.
Onu pəncərəyə tərəf gətirdim, üzünü pəncərəyə tərəf çevirdim. Mənə müqavimət göstərmək istəsə də, heç nə edə bilmədi. Üzünü pəncərəyə çevirdikdən sonra ayaqlarından qaldırdım və pəncərədən çölə doğru itələdim.
Pəncərədən çölə baxdıqda Xuramanın 3 mərtəbə aşağıya düşdüyünü gördüm. Otağı səliqəyə salıb hamama getdim. Uşaqlar telefonda videolara baxırdılar. Əllərimi yudum və telefonu götürdüm. Uşaqlara hamamdan çıxmamalarını və qayıdacağımı dedim”.
“Bütün qapılar bağlansın, hadisəni törədən qaçmasın”
Tural qeyd edib ki, daha sonra otaqdan çıxıb və dəhlizdə üç nəfər şəxsi görüb: “Onlar Xuramanın səsinə yuxarı qalxmışdılar. Bir-birilərindən səsin haradan gəldiyini soruşurdular. Məndən də nəsə görüb-görmədiyimi soruşdular, gördüyümü dedim.
Onlardan qızın neçənci mərtəbədən düşdüyünü soruşduqda bilmədiklərini söylədilər. Üçüncü mərtəbəyə düşmək üçün liftə mindim. Liftdən çıxanda kimsə bütün qapılar bağlansın, hadisəni törədən qaçmasın dedi. Yenidən liftə mindim və birinci mərtəbəyə düşdüm.
Həmin mərtəbədə olarkən işıqlar söndüyündən 15-20 saniyə liftdə qaldım. Birinci mərtəbədə liftdən çıxdıqdan sonra pilləkənlərlə hotel qeydiyyatına düşdüm və çıxışa doğru qaçdım. Binadan çıxaraq sağa-sola baxdım, Rəşid Behbudov küçəsində yeləşən banka kimi iri addımlarla getdim.
Atama zəng edib Faiq əmimin mənə zəng vurmasını xahiş etdim. Bir qədər sonra əmim zəng etdi və Azadlıq prospektində yerləşən “Bazarstore” adlı marketin yanında olduğunu dedi.
Əmimin yanına gəldim. Üzərimdə olan əşyaları əmimə verdim və 22-ci polis şöbəsinə getdim. Növbətçi hissəyə yaxınlaşdım və “AF hotel"də baş vermiş hadisə ilə bağlı gəldiyimi, hadisənin mənim tərəfimdən törədildiyini bildirdim”.
“İntim əlaqədə olduq”
Təqsirləndirilən şəxs etiraf edib ki, birinci dəfə Xuramanı pəncərədən aşağıya doğru itələmək istəsə də, alınmayıb, ikinci dəfə pəncərə kənarına gətirərək çölə doğru itələyib.
O, həmçinin bildirib ki, hadisədən əvvəl Xuramanla intim münasibətdə olub: “Bizim aramızda mübahisə də bundan sonra başladı. Mübahisə edərkən uşaqlar hamamda idilər. Bizi mübahisə edərkən görmədilər. Hər hansı birinin gördüyünü hiss etsəydim, mübahisəni davam etdirməzdim”.
Tural bildirib ki, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi ilə bağlı 2023-cü ildə ona 4 il azadlıqdan məhrumetmə cəzası verilib.
Onun sözlərinə görə, həmin hökmdən apellyasiya şikayəti verilsə də, hökm dəyişdirilmədən saxlanılıb.
“Mənə xəsarət yetirdi, uşağımı döydü”
İş üzrə zərərçəkmiş Xuramanın sözlərinə görə, Turalla 2022-ci ilin aprelin əvvəllərində tanış olublar: “Münasibətlərimizin ciddiləşərək ailə quracağımızı düşünürdük. Tural mənimlə ailə quracağını demişdi. Nə qədər aramızda münaqişə olsa da, heç vaxt məndən ayrılmaq istəmirdi. 2 oktyabr 2022-ci ildə mənə bıçaqla xəsarət yetirmişdi. Bundan əvvəl həmin il iyunun 20-də uşağımı döymüşdü”.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü Tural onun üçün darıxdığını, görüşmək istədiyini deyib: “Turalın dəvəti və təşkili ilə “AF Hotel”ə getdik. Orada görüşdük. Öz razılığımla Turalla cinsi əlaqədə oldum. Təxminən yarım saat sonra aramızda mübahisə yarandı. Mübahisə əsnasında Turala digər qadınlarla əlaqədə olduğunu dedim. O isə mənim də digər kişilərlə münasibətdə olduğumu bildirdi. Mən kimləsə münasibətimin olmadığını söylədim.
Turalın əl çəkmədiyini gördüm, başqa kişi ilə münasibətimin olduğunu təsdiqlədim. O, həqiqəti danışmadığım təqdirdə mənim üçün pis olacağını dedi. Məni əlləri ilə boğmaqla hədələdi.
Turalın xasiyyətinə bələd olduğumdan digər kişilərlə münasibətdə olduğumu dedim. Amma faktiki kimləsə münasibətim olmayıb. Turalı sakitləşdirməyə çalışsam da, bacarmadım. O məni boğmağa başladı, öldürməklə hədələdi.
Mən isə boğularaq ölməkdən qorxduğum üçün özümü öldürməyim üçün Turaldan icazə aldım. Amma uşaqlarımın yanında özümü öldürmək istəmədim”.
“Uşaqlarımın yanında özümü öldürə bilmədim”
Zərərçəkmiş şəxsin sözlərinə görə, mübahisə əsnasında uşaqlar hamam otağında stulda oturaraq onun və Turalın mobil telefonu ilə cizgi filminə baxıblar:
“Bir-iki dəfə balaca qızım yanımıza gəldi. Amma uşağın yanında Tural mənə heç nə etmədi. Uşaq ac olduğunu dedi. Turalın üzərində pul olmadığından uşağa yemək alacağımı dedim.
Pəncərədən aşağı hündürlüyə baxdım. Uşaqlarımın yanında özümü öldürə bilmədim. Turalın məni həqiqətən boğaraq öldürmək istədiyini gördüm. Pəncərəni açdım, başımı çölə çıxararaq qışqırdım. Həmin an qapıdan çıxa bilməzdim. Çünki otağın giriş qapısı kart vasitəsilə açılıb-bağlanırdı. Bunu bacara bilməyəcəyimi düşündüm.
Qışqıranda pəncərədən tutdum. Tural mənim ayağımdan tutub qaldırdı və əllərim pəncərədən aşağı sallandı. Tural məni pəncərədən itəliyən zaman üzüm otağa tərəf istiqamətləndi.
Qışqıranda üzüm çölə tərəf idi. Uşağımın mənim kömək istəyərək qışqırdığımı görüb-görmədiyini bilmədim”.
“Mənə zorakılıq edib”
Xuramanın ifadəsinə görə, bütün bədəni pəncərədən kənarda olduqdan sonra aşağıda şiferin, yəni dam örtüyünün üzərinə düşüb: “Huşum itdiyinə görə dam örtüyünün üzərinə düşməyimi, həmçinin xəstəxanaya nə vaxt gəlməyimi xatırlamıram.
Mübahisə zamanı Tural mənim baş və üz nahiyəmə bir neçə şillə vurdu. Hadisə yerinə baxış zamanı pəncərənin kənar divarında aşkarlanan qanabənzər ləkənin Turalın mənə vurması nəticəsində yarana biləcəyini bildirmişəm. Lakin qanaxmanı hiss etməmişəm. Tural mənə əvvəllər də dəfələrlə zorakılıq edib”.
“İsrarla görüşmək istədiyini bildirdi”
Zərərçəkmiş bildirib ki, əvvəllər özünü öldürməyə cəhd etməyib, ölməkdən qorxur: “Lakin əsəbiləşəndə özümü öldürəcəyim barədə sözlər demişəm. Mənim Turalla münasibətim Ağcabədi rayonunda ofisiant işlədiyi zaman, yəni 2022-ci ilin aprel ayında yaranıb. Turalla tanış olduqdan sonra mən, iki azyaşlı uşağım və Turalla birlikdə Qax rayonuna yaşamağa getmişəm. Tural orada dövlət idarəsində işlədiyindən mən və uşaqlar Qax rayonunda qalmışıq”.
Zərərçəkmiş bildirib ki, 2022-ci ilin iyun ayının sonlarında Tural onun kiçik qızına xəsarət yetirdikdən sonra iki azyaşlı uşaqlarıyla birlikdə Ağcabədi rayonuna qayıdıb: “Lakin Tural həmin ilin iyul ayının əvvəllərində mənə zəng edərək Qax rayonunda olduğunu, mənimlə üzbəüz söhbət etmək istədiyini bildirdi. İsrarla mənimlə görüşmək istədiyini bildirdiyindən razılıq verdim.
Tural məni Ağcabədi rayonunda olan evdən götürdü və Qax rayonuna apardı. Oradan birlikdə Balakən rayonuna getdik və təxminən bir həftə birlikdə yaşadıq”.
“Hamilə olduğumu dedim”
Xuramanın sözlərinə görə, daha sonra Turalla Bakı şəhərində yaşamaq üçün ev kirayələyiblər, bir müddət sonra uşaqları Sevinc və Fəridəni onların yanına gətiriblər:
“Təxminən bir ay Bakı şəhərində birgə yaşadıq. Turalla aramızda münaqişə olduğundan uşaqları götürərək yenidən Ağcabədi rayonuna qayıtdım. Aramızda problem yaranmasına onun əsassız qısqanclığı və uşaqlarla kobud davranması səbəb olurdu. Hətta birlikdə yaşadığımız vaxtlarda Tural yuxudan gec ayıldığına görə həm uşaqları, həm də məni səs-küy olmasın deyə yataqdan durmağımıza imkan vermirdi.
Mən Ağcabədi rayonunda olarkən Tural barışmaq üçün zəng etdi, mən ona etiraz etdim. Ona hamilə olduğumu və həkimə gedərək abort etdirmək istədiyimi bildirdim. Tural israrla yenidən görüşmək istədiyini, həkimə birlikdə getməyimizi söylədi.
Mən razılıq verdikdən sonra Ağcabədi rayonunda yerləşən “Şəfa” klinikasına müraciət etdik. Növbə gözləyənlər çox olduğundan Tural çay içməyi təklif etdi. Klinikanın yanında taksiyə əyləşdik, sürücünün maşını rayondan kənara sürdüyünü gördüm. Ondan hara getdiyimizi soruşdum. Tural atasının mənimlə görüşməyə icazə vermədiyini görə Beyləqan rayonuna getdiyimizi dedi.
Mən aramızda münasibətin bitdiyini bildirdim. Tural “gedək, orada danışarıq” deyə cavab verdi. Mən sürücünün sakit qalmağından və Turalın ona göstəriş verməməsindən həmin sürücü ilə əvvəlcədən plan qurduğunu anladım. Beyləqan rayonunun ərazisini keçdikdən sonra sürücünün maşını saxlamadığını gördüm. Turala məni hara apardığını soruşduqda, mənə gülərək cavab verdi. Daha sonra özümü avtomobildə atmaq istədiyimi bildirdim. Tural narahat olmamağımı, birlikdə getməyimizi bildirdi.
İmişli rayonunda taksidən endim. Tural mənə birlikdə yaşamaq üçün İmişli rayonunda ev kirayələcəyini dedi”.
“İşdən çıxmadığım təqdirdə məni öldürəcəyini dedi”
Xuraman bildirib ki, 2022-ci ilin iyul ayında Masallı, Lənkəran və Astara rayonunda kirayə ev axtarsalar da, yalnız nikah kağızı ilə bunun mümkün olduğunu bildikdə öncə Bakı şəhərinə, oradan isə Xaçmaz rayonuna gediblər:
“Təxminən 3-4 həftə birlikdə Xaçmaz rayonunda yaşadıq. Həmin müddət ərzində Tural məni döyərək xəsarətlər yetirdi. Mənə xəsarət yetirməyinə səbəb dalaşdığım vaxtlarda Turalı tərk edib Ağcabədi rayonuna qayıtmağım idi.
Tural məni döydüyünə görə yenidən Ağcabədi rayonuna getdik. Orada ofisiant olaraq işə başladım. Tural zəng edərək işdən çıxmağımı tapşırdı. Mən özümü və ailəmi dolandırmaq üçün işlədiyimi bildirsəm də, Tural işdən çıxmadığım təqdirdə məni öldürəcəyini dedi.
Bundan sonra Turalın məni Xaçmaz rayonunda döyməsi və məni öldürməklə hədələməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verdim. Hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılarkən Turalla barışdım və cinayət işi üzrə icraat olmadı. Daha sonra yenidən Ağcabədi rayonuna qayıtdım və ofisiant işləməyə başladım.
İşlədiyim “Vegas” çay evinə Tural müştəri kimi gəlib- getdiyindən yenidən münasibətlərimiz yaxşılaşdı. Tural Ağcabədi rayonunda yenidən mənə ev kirayələdi. Birlikdə yaşamağa davam etdik. Buna baxmayaraq tez-tez aramızda mübahisə yaranırdı. Turaldan ayrılmaq və Bakı şəhərinə köçmək qərarına gəldim”.
“İstəyini rədd etdim”
Zərərçəkmiş qeyd edib ki, 1 oktyabr 2022-ci ildə Turalla maşında vidalaşan zaman onun getməməyini istəyib: “Mən isə getməli olduğumu dedim. Tural nə qədər israrla qalmağımı istəsə də, onu rədd etdim. Tural cibindən çıxardığı bıçaqla mənə xəsarət yetirdi və oradan qaçaraq uzaqlaşdı.
Daha sonra Turalın barəsində cinayət işi başlandı və bir neçə gün sonra tutuldu. Mən isə anam birlikdə yaşamağa başladım”.
Xuramanın sözlərinə görə, 23 dekabr 2022-ci ildə Tural ev dustaqlığına buraxılıb: “Həmin vaxtdan 16 fevral 2023-cü ildək müxtəlif vaxtlarda dörd-beş dəfə Bakı şəhərində yerləşən müxtəlif hotellərdə görüşdük. Turalı məni və azyaşlı uşaqlarımı əsassız yerə incidib, döyüb, hər dəfə son olduğunu düşünsəm də, mütəmadi olaraq ləyaqətimi alçaldıb. Məni ayrılacağım halda öldürməklə hədələyib. Turalla münasibətdə olduğumuz zaman işləməyimə icazə vermədiyindən ondan maddi asılılığım olub”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 8 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tural hadisəni törədən zaman Ağcabədi rayonunda dövlət idarələrindən birində vəzifədə işləyib. Bundan əvvəl başqa-başqa rayonlarda çalışıb./Teleqraf.com