Azərbaycanda ŞOK CİNAYƏT: arvadını kabab yediyinə görə öldürdü...

Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib – red.) öldürüb.

Əfqan 23 sentyabr 2023-cü ildə axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib. O, sentyabrın 24-də saat 20 radələrində həmin mübahisəyə görə küsüb valideyinlərinin yaşadığı evə getməyə hazırlaşan Dilarədən dəfələrlə getməməyi tələb edib.

Qadın həyat yoldaşının sözlərinə əhəmiyyət verməyib. Əfqan Dilarənin ata-anasının evinə getməsini özünə qarşı hörmətsizlik və saymazlıq kimi qəbul etdib. O, qəzəblənərək arvadını öldürmək qərarına gəlib.

Bu məqsədlə saat 21 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evin mətbəxində, şkafın siyirtməsində olan bıçağı götürərək piyada Dilarənin valideyinlərinin evinə gəlib. Darvazanın içəridən bağlı olduğunu gördükdə dəmir çəpərdən aşmaqla evin həyətinə daxil olub.

Daha sonra evin qapısının açıq olduğunu görüb və içəriyə girib. Dilarənin olduğu otağa keçərək onun divanda oturduğunu görüb. Dilarəyə yaxınlaşaraq ondan yaşadıqları evə qayıtmasını tələb edib. Dilarə təkidlə yaşadıqları evə qayıtmayacağını və boşanacağını bildirdikdən sonra onu öldürmək qərarını qətiləşdirib.

Əfqan özü ilə gətirdiyi bıçağı belindən çıxararaq Dilarənin döş qəfəsinin sol hissəsinə zərbə vurub. Qadın aldığı xəsarətdən vəfat edib.

“Qolunda qançır gördüm”

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2004-cü ildə Dilarə ilə rəsmi nikaha daxil olmaqla ailə qurub, birgə nikahdan 1 oğlan uşaqları var: “Dilarə ilə münasibətlərim əvvəllər yaxşı olub. Onun özündəngetmə xəstəliyi vardı. Müalicələr edilsə də, heç bir nəticəsi olmadı.

Hadisədən təxminən 4-5 gün əvvəl yas mərasimində Dilarə mənə zəng vuraraq “xəstəliyim tutmuşdu, yerə yıxılmışdım, özümü pis hiss edirəm, bacın qızı İlahəyə de, yanıma gəlsin", söylədi. Bacım qızına zəng vurub təcili bizə getməsini xahiş elədim. Evə gələndə Dilarənin qolunda və yan hissəsində xəsarətlər olduğunu gördüm. Dilarə xəsarətləri yerə yıxılan zaman aldığını bildirdi. Onun digər qolunda isə iynədən əmələ gəlmə qançır vardı. Dilarə özü-özünə, qollarına tez-tez damardaxili və əzələdaxili analgin, dimidrol iynələri vururdu. Çünki tez-tez şiddətli baş ağrıları olurdu”.

“3 nəfərə 1 litr araq içdik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 sentyabr 2023-cü ildə saat təxminən 10-11 radələrində evdə olan zaman Bakı şəhərində yaşayan dayısı oğlu Əli arvadı Nərminə ilə birlikdə qohumlarının yas mərasimində iştirak etmək üçün onlara gəliblər: “ Yas yeri uzaq olduğuna görə yeznəm Cavidə zəng vurub öz maşını ilə bizə gəlməsini xahiş etdim. Təxminən 1 saat sonra Cavad “Mercedes Benz” markalı avtomobili ilə bizə gəldi. Birlikdə Qayıdış-3 qəsəbəsində olan yas mərasiminə getdik.

Təxminən yarım saat sonra qayıtmağa qərar verdik. Bu dəfə Əlinin hazırda adını unutduğum baldızı da bizimlə gəldi. Yas mərasiminə getməmişdən həyətdən qaz kəsib Dilarəyə verdim ki, təmizləsin. Qaz ətindən kabab bişirərək qonaqlarla birlikdə yedik. 3 nəfərə 1 litr araq içdik. Arvadım Dilarə də bizimlə birlikdə yedi".

Əfqan deyib ki, həmin gün, təxminən saat 14 radələrində qonaqlar gediblər: “Axşam saatlarında Dilarəyə irad tutdum ki, bəs sən gördün, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin. Sözlərim Dilarənin xətrinə dəydi, danışıb gileylənməyə başladı. Mübahisə zamanı və başqa vaxt Dilarəni döymədim”.

“Atası dedi, ziyan yoxdu, qoy getsin, sonra qayıdar”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 24-də saat 10 radələrində suyu açmaq üçün qəsəbənin ərazisinə çıxıb: “Təxminən saat 15 radələrində işdən evə gəldim. Evin həyətində saxladığım yarım litrlik arağı götürüb küçəyə çıxdım. Qəsəbədə yerləşən mağazadan sosiska, qazlı su alıb işlədiyim xidməti əraziyə getdim. Açıq sahədə tək oturub yarım litlik arağı içdim.

Axşam təxminən saat 20 radələrində evə gələndə Dilarənin əşyalarını topladığını gördüm. Ondan nə etdiyini soruşdum. Cavab verdi ki, məndən əl çək, atam evinə gedirəm. Dilarəyə getməməsini dedim. Təxminən 5 dəqiqə sonra qayınatam Eldar və qayınanam Sona bizə gəldilər. Eldar dedi ki, eybi yox, qoy getsin bizə, bir az qalsın, qayıdar. Mən təkidlə Dilarədən getməməyi tələb etdim. O isə sözlərimə məhəl qoymadı. Əşyalarını da götürüb valideyinləri ilə birlikdə getdi.

Onlar getdikdən təxminən 5-10 dəqiqə sonra mənə qarşı saymazlıq və hörmətsizlik pis təsir etdi. Əsəbləşdim və mətbəxdə, şkafın siyirtməsində olan mətbəx bıçağını Dilarəni vurmaq üçün götürdüm”.

“Bir zərbə vurdum”

Əfqan qeyd edib ki, təxminən saat 21 radələrində piyada evlərindən çıxıb və belində bıçaq təxminən 300 metr aralı yaşayan qayınatasıgilə gedib: “Evə çatanda gördüm ki, darvaza arxadan bağlıdır. Dilarə ilə valideyinlərinin yanında mübahisə etdiyimdən, hər üçünün məndən narazı getdiklərindən düşündüm ki, darvazanı döysəm və ya ev yiyəsini səsləsəm, qapını açan olmayacaq. Ona görə əlimdə olan bıçağı belimə qoydum və darvazaya bitişik dəmir çəpərdən adlayaraq həyətə düşdüm.

Bıçaq belimdə evə daxil oldum. Qayınatam və qayınanam məni görmədilər. Qonaq otağının sağında yerləşən otağa keçdim. Dilarə həmin otaqda divanda oturmuşdu. Ona dedim ki, mənimlə birlikdə evə qayıt. Dilarə təkidlə getməyəcəyini və məndən boşanacağını dedi. Bu sözləri, əsasən də məndən boşanacağını deməsini qəbul edə bilmədim. Bıçağı belimdən çıxararaq Dilarənin sol qolunun alt hissəsindən bir dəfə zərbə vurdum.

Dilarə qışqırdı və qısa müddət sonra səsə qayınatam ilə qayınanam otağa daxil oldular. Qayınatam əlimdən tutub bıçağı almaq istədi. Bıçağı ona verdim. Eldar mənə evdən getməyimi dedi”.

“Polislərdən su istədim”

Əfqan bildirib ki, küçədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub: “Özümü təqdim etdim, bildirdim ki, arvadımı vurmuşam, gəlin məni aparın. Bundan sonra yol maşını taparaq Füzuli Rayon Polis Şöbəsinə gedərək təslim olmağa qərar verdim. Küçədə gedərkən qarşı tərəfdən polis avtomobilinin gəldiyini gördüm.

Həyəcanlı olduğumdan polis əməkdaşlarından su istədim və arvadımla mübahisə etdiyimə görə onu bıçaqla vurduğumu dedim. Polis əməkdaşları təəcübləndilər. Hiss etdim ki, onlarda arvadımı bıçaqla vurmağıma dair məlumat yoxdur. Polislərə “102” xidmətinə zəng vurub hadisə barədə məlumat verdiyimi dedim. Avtomobilə əyləşdim və polis əməkdaşları məni Füzuli Rayon Polis Şöbəsinə apardılar”.

İş üzrə zərərçəkmiş Dilarənin hüquqi varisi qismində ifadə verən atası Eldarın sözlərinə görə, qızı Dilarə 2004-cü ildə Əfqanla rəsmi nikaha daxil olub: “Onların övladı Sərxan hazırda hərbi xidmətdədir. İlk vaxtlardan Dilarə ilə Əfqanın münasibətləri yaxşı olmayıb. Övladları anadan olduqdan sonra münasibətləri daha da pisləşdi”.

“Qızıma dedim, çay dəmlə, dedi, halım yoxdu”

Hüquqi varis qeyd edib ki, sentyabrın 24-də saat 19 radələrində Əfqanın anası Sevda ona zəng edərək arvadı Sona ilə danışmaq istədiyini deyib: “Telefonu Sonaya verdim. Sona danışdıqdan sonra telefonu əsəblə yerə çırpdı. Daha sonra bildirdi ki, anası deyir Əfqan sərxoşdu, Dilarə ilə dalaşıb, gəlin qızınızı aparın. Birlikdə piyada Əfqangilə getdik. Əfqanın ata-anası onunla bir evdə yaşayırdılar.

Biz Əfqangilə çatıb evə daxil olduqda Dilarə ağladı. Dedim ki, qızı aparırıq. Əfqan Dilarənin qolundan tutaraq bizə tərəf itələdi və onu aparmağımızı tələb etdi. Dilarəni götürərək öz evimizə gətirdik.

Həyətə daxil olduqda evin darvazasını da içəridən bağladıq ki, Əfqan evə girə bilməsin. Çünki düşündük ki, sərxoşdur, birdən gəlib darvazadan evə daxil olar. Dilarəyə çay dəmləməyi tapşırdım. O isə Əfqanın onu döydüyünü, ona görə çay dəmləməyə halının olmadığını dedi. Dilarədən dalaşmalarının səbəbini soruşdum. O da Əfqanın sərxoş olduğunu və heç bir səbəbsizonunla dalaşdığını, eləcə də onun baş nahiyələrinə bir neçə dəfə yumruqla zərbə vurduğunu dedi”.

“Son dəfə oğlunun adını çəkdi”

Eldar qeyd edib ki, daha sonra Dilarə qonaq otağının sağında yerləşən otağa keçib: “Sona da mətbəx otağında qabları yumağa getdi. Özüm isə duş qəbul etmək üçün hamam girdim. Təxminən yarım saat sonra Sonanın uca səslə “ay Eldar, gəl, özünü çatdır" deyə qışqırdığını eşitdim. Hamamda paltarımı geyinib dərhal səsin gəldiyi otağa keçdim.

Dilarənin otaqda divana qısılaraq sağ əli ilə ürək nahiyəsini, sol əli ilə başını tutduğunu, Əfqanın sağ əlində olan bıçağı Dilarəyə tərəf yuxarı qaldırmış vəziyyətdə dayandığını gördüm.

Sona isə arxadan Əfqanı qucaqlayaraq qollarını tutub Dilarəni bıçaqla vurmasına mane olmaq istəyirdi. Dərhal arxadan Əfqana tərəf cumdum və onun əlindəki bıçağı aldım. Əfqana dedim, otaqdan çıx.

Əfqan otaqdan çıxdı, pilləkanla enərək bayıra getdi. Sona dedi ki, tez təcili tibbi yardım çağır, Dilarə danışmır, tərpənmir, onu qan aparır. Biz Dilarənin qoluna girib qonaq otağının solunda yerləşən otağa aparmaq istədik. Divan və Dilarənin paltarları qan içində idi.

Biz Əfqanın evdən çıxıb gedənə qədər onun Dilarəni bıçaqla vurduğunu bilməmişik. Çünki Dilarə divanın küncünə qısılmış vəziyyətdə olduğundan düşündük ki, Əfqan onu döyüb.

Dilarəni qonaq otağının solunda yerləşən otağa keçirmək istəyəndə qırıq-qırıq səslər çıxardı. Qonaq otağında “Sərxan” deyərək yerə yıxıldı. Dərhal təcili tibbi yardım xidmətinə zəng etdik. Dilarənin paltarlarını qayçı ilə kəsməyə başladıq. Çünki Dilarəni hansı nahiyəsindən bıçaqladığını bilmirdik.

Köynəyi kəsdikdə sol qoltuqaltı nahiyədə böyük deşilmiş yara olduğunu gördük. Sona dərhal baş örtüyünü çıxarıb yaranın üzərinə basdı ki, qan axmasın. Köməkləşib qızımızı yerdən götürdük, qonaq otağının solunda yerləşən otağa apardıq. Döşəmənin üzərinə döşək sərərək oraya uzatdıq.

Dilarərənin ölüb-ölmədiyini dəqiq bilməmişik. Bir müddət sonra təcili tibb yardım xidmətinin əməkdaşları evə gəldilər və Dilarəni müayinə etdikdən sonra onun öldüyünü dedilər”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 10 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com

18.03.2024 14:58
2322