Azərbaycanda rektor prorektorun qətlinə görə həbs edildi - RƏSMİ

Xəbər verildiyi kimi, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülür.

Musavat.com xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib.

Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.

Ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir.

Musavat.com

16.11.2023 10:44
4639