Azərbaycanda radioyayım şəbəkəsinin genişləndirilməsi üzrə görülən işlər açıqlanıb

“Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamının icrası istiqamətində “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən işlər davam etdirilir.

Belə ki, ötən dövrdə bütün ölkə üzrə əsas Radio-Televiziya Yayım Stansiyalarından FM radio yayımların genişləndirilməsi üçün texniki planlama aparılıb və yayım avadanlıqlarının istehsalçıları ilə müqavilələr bağlanılıb. Artıq bir qisim avadanlıqlar çatdırılıb və onların stansiyalarda quraşdırılmasına başlanılıb. Yaxın aylarda bütün avadanlıqların çatdırılması və quraşdırma işlərinin 2024-cü ilin ilk yarısınadək başa çatdırılması nəzərdə tutulur.

Sözügedən Sərəncamın icrası nəticəsində yayım infrastrukturunda təkmilləşdirmə işləri aparılmaqla ölkə ərazisində radioyayımların dayanıqlığı və keyfiyyəti yüksələcək. Eləcə də bölgələrdə yayımlanan radioproqramların sayı əhəmiyyətli dərəcədə artacaq. Bu isə öz növbəsində bütün ölkə əhalisinin yerli radioproqramlara əlçatanlığının artması ilə nəticələnəcək. Həmçinin əvvəlki illərdə FM radio yayımı üzrə aparılan radiomonitorinqlər zamanı aşkarlanan “ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq.

Qeyd edək ki, televiziya yayımı üzrə ötən il aparılan radiomonitorinqlərin nəticələri əsasında Bakı Teleqüllə Kompleksində istismar olunan texniki yayım vasitələrində tənzimləmə işləri aparılmaqla və digər zəruri texniki tədbirlər görülməklə Bakı şəhəri və Abşeron yarımadası ərazisində televiziya yayımlarının keyfiyyətinin daha da artırılması təmin edilib.

22.01.2024 17:20
949