Azərbaycanda Quran kitabının onlayn satış qadağası

Ekspertlər hesab edir ki, problem ölkəmizdə yaradılıbsa, dərhal aradan qaldırılmalıdır; ekspert: “Bu, çıxış yolu deyil, insanlar o kitabları onsuz da internetdən endirib oxuyurlar”

“Ölkədə satışı qadağan olunmuş və ya ağır senzuralarla məhdudlaşdırılmış, xaricdən gətirildiyi zaman məsul qurumların xüsusi icazəsi tələb olunan bir sıra əşyaların içində dini təmayüllü kitablar da yer alır. Xaricdən, məsələn, Türkiyədən "Trendyol" vasitəsilə mövzusu din olan kitablar (hədis, təfsir, Qurani-Kərim, Fiqh və sair) sifariş etsəniz, “Azərbaycan üçün uyğun deyil!” kimi bir ifadə ilə rastlaşacaqsınız. 

Ancaq sifariş verəcəyiniz kitab İncil və ya ümumi xristianlıq, yaxud yəhudilikdən bəhs edən, bu dinlərin əsasının qeyd olunduğu İslamdankənar digər dinlərə məxsus kitabların ölkəyə gətirilməsi isə sərbəstdir. Bu kitabları axtarış bölməsinə yazdığınızda "Azərbaycan üçün uyğundur!" təsdiq yazısını oxuya bilirsiniz". Bu barədə Bizimyol.info yazıb.  

O da bildirilir ki, bütün dinlərə qarşı tolerantlığın və sərbəstliyin olduğu söylənən bir ölkədə nə üçün İslama aid  kitabların gətirilməsinə qadağa, məhdudiyyət, senzura qoyulur? “Əgər bu, bütün dinləri əhatə edirsə, o zaman nə üçün xristian, yəhudi, buddist, şamanist, aqnostik və sair kimi İslamdan başqa bütün dinlərə məxsus kitabların gətirilməsinə heç bir məhdudiyyət qoyulmayıb?” 

Resul.jpeg (154 KB)

Rəsul Mirhəşimli

Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini belə izah edib: “İlk növbədə onu araşdırmaq lazımdır ki, Qurani-Kərimi, məalını, təfsirini və İslam dini ilə bağlı kitabların sifarişinin qəbul edilməməsi "Trendyol"un özünün yaratdığı problemdir, yoxsa bu qadağa bizim ölkəmizdən qaynaqlanır? Əgər problemi bizim ölkəmizdə yaradıblarsa, bunun izahı verilməli, dərhal həmin qadağa aradan qaldırılmalıdır. Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlman vətəndaşlardır, həmin insanların da onlayn alış-veriş vasitəsilə öz dininə mənsub olan kitabları əldə etmək istəyi təbiidir. Bu məsələ mütləq araşdırılmalı və problem dərhal aradan qaldırılmalıdır. Qadağa “Trendyol”unun özünün tətbiq etdiyi qadağadırsa, o zaman partnyor şirkət bu problemin həlli istiqamətində nələrsə etməlidir". 

Rəsul Mirhəşimli hesab edir ki, Qurani-Kərimin sifarişinin məhdudlaşdırılması qəbul edilə bilməz: ""Trendyol"un təklif etdiyi dini kitablar arasında qadağan olunmuş ədəbiyyata rast gəlmək mümkün deyil. Çünki Türkiyədə bu məsələ yəqin ki, diqqətdə saxlanılır. Azərbaycandan sifariş edilən elmi və bədii ədəbiyyat heç bir təhlükə yaratmırsa, Qurani-Kərimin sifarişləri də təbii qarşılanmalıdır. İnsanların dini həssaslığı nəzərə alınıb, bu problem dərhal həll edilməlidir.

“Trendyol”da sifariş verərkən bəzi məhsulların Azərbaycan üçün uyğun olmadığı xəbərdarlığı görünür. Həmin məhsulların da karqo ilə çatdırılmasının mümkün olmadığı bu qadağanı gərəkli edir. Lakin İslam dini ilə bağlı kitablar bu kateqoriyaya daxil edilə bilməz. Dini kitabların sifarişləri arasında ayrı-seçkilik yaratmaq heç bir halda məntiqli deyil. Azərbaycan alıcıları üçün yaradılan bu problemin aradan qaldırılması üçün gərəkli addımlar atılmalıdır. Əgər istisna hallarda zərərli kitablar bu sifarişlər arasında görünsə, onu da yoxlama zamanı aşkar etmək mümkündür". 

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycanda 20 ildən çoxdur ki, dini kitabların ölkəyə gətirilməsi xüsusi icazə ilə mümkündür: “Bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi razılığı olmalıdır. Səbəb də budur ki, ölkəyə kənardan "zərərli" dini ədəbiyyat gətirilməsin. Bu kitabların zərərli olub-olmamasına DQİDK ekspertləri rəy verir. Düzdür, indiki internet əsrində bu cür qadağaların effektivliyi sual altındadır, lakin hər bir halda, bunun sayəsində həm ölkə daxilində dini kitabların çapı və satışı, həm də xaricdən gətirilməsi dövlət nəzarətinə verilib və ciddi məhdudiyyətlər yaranıb. Bu səbəbdən də vətəndaşlarımız bu cür kitabları internetdən endirib oxuyurlar, çünki ölkəyə gətirilməsi mümkün deyil. O ki qaldı digər dinlərlə İslam arasında fərqə, bunun izahı sadədir, hesab edilir ki, azlıq olan xristian və ya yəhudi icmaları dövlət üçün ciddi təhdid yaratmır, ancaq İslam dini ölkə əhalisinin 94 faizinin inancı olduğu və dindarlıq faizinin yüksək olmasına görə narahatlıq var ki, zərərli dini fikirlər ölkəyə gəlib dinlər və məzhəblər arasında gərginliyi yüksəldə bilər. Lakin indiki texnologiya əsrində bunun ciddi işə yaradığını düşünmürəm. Çünki maraqlı şəxs və qruplar bunu onsuz da edirlər".

Qeyd edək ki, məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də sorğu göndərmişik. 

Yazını hazırladı: Afaq MİRAYİQ

31.05.2024 12:47
1156