Azərbaycanda qızıl KƏSKİN BAHALAŞDI - YENİ QİYMƏT

Qızılın qiyməti son bir ildə 36 faizdən çox artıb.

Bir il əvvəl troya unsiyası (31,1 qram) 1840 dollara satılan qızıl hazırda 2665 dollara alıcı tapır. Bir il ərzində qızılın bir qramının dəyəri 59 dollardan 86 dollara qədər yüksəlib.

Qızılın bahalaşması Azərbaycanda da müşahidə edilir. Bir il əvvəl 5 qramlıq 750 əyar qızıl üzüyün qiyməti 550 manat olduğu halda, hazırda 660 manatdan yüksəkdir.

Qızılın bahalaşmasının səbəbi ABŞ-də uçot dərəcəsinin aşağı salınması gözləntisi ilə bağlıdır. Bir neçə gün öncə ABŞ-nin mərkəzi bankı faizləri 50 bənd aşağı salıb. Gözlənilir ki, bu, son deyil və faizlər bir qədər də endiriləcək. Faizlərin azaldılması ilə yanaşı, ABŞ mərkəzi bankının pul-kredit siyasətini tədricən yumşaldacağı da gözlənilir. Hər iki dəyişikliklə əlaqədar investorlar qızıl yığımını artırır. Çünki dollar ucuzlaşanda və qiymətli kağızlar üzrə gəlirlilik azalanda qızılın dəyəri yüksəlir.

Proqnozlara görə, yeni vəziyyətdə bir troya unsiya qızılın dəyəri 3000 dolları ötə bilər, bir qramın qiyməti isə 100 dollara çata bilər./Sfera.az

24.09.2024 13:57
2201