Azərbaycanda qısamüddətli mühafizə orderlərinin sayı artıb

"Qısamüddətli mühafizə orderlərinin vaxtının uzadılması ilə bağlı təklif vermişik". 

Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, hazırda bu müddət 1 aydır, amma bu, az müddətdir: "Çünki bir ay keçdikdən sonra həmin şəxs evinə qayıdır, yaxud yenidən həyat yoldaşını təqib edir. Bəzən qurban vaxtında orderi ala bilmir. Bu məsələlər üzərində danışıqlar gedir. Bu məsələ bizi narahat edir". 

Komitə sədri əlavə edib ki, məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə dair lazımi tədbirlər görülüb, yerli icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə əlaqə saxlanılaraq, müraciətlər Komitə tərəfindən nəzarətə götürülüb:

"2022-ci il ərzində mühafizə orderlərinin ümumi sayı 158-ə çatıb. Komitənin müraciəti əsasında 46 olub. 2023-cü ilin birinci yarısı Komitənin müraciəti əsasında 40 mühafizə orderi olub. Ötən ilin birinci yarısı ilə müqayisədə Komitənin müraciəti əsasında verilən mühafizə orderlərinin sayı 50%-ə yaxın  artıb. 2022-ci il ərzində 20 nəfər sığınacağa yerləşdirilib, 2023-cü ilin birinci yarısı ərzində 4 olub".

Afaq Mirayiq,
Musavat.com

19.07.2023 11:03
551